Əli Kərimlidən hakimiyyətə ağır ittihamlar: “Oğurlayıb xaricə daşıdığınız 48 milyard gözünüzü doydurmadı?

03/12/16 10:14

AXCP sədri Əli Kərimli facebook səhifəsində hazırkı sosial-iqtisadi fəlakətdən, onu doğuran əsas səbəblərdən yazıb. :

”Oğurlayıb xaricə daşıdığınız 48 milyard gözünüzü doydurmadı? Banklar, holdinqlər, otellər, zavod və fabriklərdən istixanalara qədər hər şeyə əl qoymusunuz, gözünüz doymadı? Kənd əhalisinə çatmalı olan subsidiyalar da sizlərin cibinə axır. Səhiyyəni, təhsili, məhkəmələri bazara çevirmisiniz, bəs olmadı? İndi də uşaq bağçalarının yeməyinə göz dikmisiniz? Bütöv bir nəslin həyatını məhv etmisiniz. Yaşlıların möhtac olduğu pensiya qəpik-quruş, ailə başçıları borc və bank kreditlərinin altında inildəyir, gənclik öz gəncliyindən zövq ala bilmir, gənclərimiz üçün yaxşı təhsil əlçatmaz, ev almaq, ailə qurmaq əlçatmaz, iş yox, əyləncədən, gəzməkdən danışmağa dəyməz. İndi də millətin uşaqlarının boğazına şərik olub, uşaq bağçalarının xərcini valideynlərin üzərinə atmaq istəyirsiniz?

Xalqımız bilməlidir ki, rejimin Beynəlxalq Bankdan 10 milyard manatdan artıq pulu oğurlaması, MTN və “Rabitə” mafiyalarının milyardları talan etməsi ilə bugünkü bahalaşmanın və sosial fəlakətin birbaşa əlaqəsi var. Sizcə, digər nazirliklərdə vəziyyət keçmiş MTN-dən və ya Rabitə Nazirliyindən çoxmu fərqlidir? Hansı korrupsionerin nəyə əli çatıbsa, dağıdıb, mənimsəyib. Talan edilən, israf olunan milyardların hesabını indi də xalqa ödətdirirlər”.