Ərdoğan: “Qərb Ankaranın ədalətli dünya nizamı çağırışlarından narahatdır…”

24/10/21 12:12

Prezident Ərdoğan Eskişehir vilayətində hakim partiyanın funksionerlərinə müraciət edib

Türkiyənin BMT sistemində islahatlar aparılması, dünya miqyasında ədalətsizliyin aradan qaldırılması çağırışları Qərbin müəyyən dairələrinin narazılığına səbəb olur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Eskişehir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.

Onun sözlərinə görə, Qərbdə məşhur olan müstəmləkəçilik təfəkkürü Ankaraya “beşinci kolon” vasitəsilə təzyiq dalğası formalaşdırır.

Ərdoğan bildirib ki, Türkiyənin Afrika ölkələri ilə yaxınlaşma kursunun tənqidi də bununla bağlıdır.

Ərdoğan Afrika qitəsində son illərdə həcmi 6,5 milyard dolları keçən türk investisiyalarının artmasına diqqət çəkib.

“Bu gün türkiyəli tikinti podratçıları Afrikanın müxtəlif ölkələrində meqalayihələr həyata keçirirlər. Afrika ölkələri ilə əməkdaşlığı tənqid edən türk müxalifət siyasətçiləri müstəmləkəçilərin tezislərini təkrarlayırlar”, – deyə prezident bildirib.

Türkiyə lideri vurğulayıb ki, Türkiyənin Afrika ölkələri ilə yaxınlaşmasını tənqid edənlərə ən yaxşı cavab ticarətin artması və Afrika ölkələrinin özlərinin Ankara ilə sıx əməkdaşlığıdır.

“Türkiyə gec-tez dünyanın ən inkişaf etmiş iqtisadiyyatı olan TOP 10-a daxil olmaq məqsədinə nail olacaq. Bu istiqamətdə səylər eyni əzmlə davam edir”, – deyə Türkiyə lideri bildirib.

Transqafqaz.com