Ərdoğan: Türkiyənin Aİ-ə üzvlüyü ilə bağlı səsvermə əhəmiyyətsizdir

23/11/16 7:36

Türkiyə prezidenti Avropa Parlamentində Türkiyənin üzvlüyünün dondurulması ilə bağlı müzakirələrdən sonra məsələyə dair keçiriləcək səsvermənin “əhəmiyyətsiz olduğunu” deyib.

Recep Tayyip Erdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının açılış iclasında etdiyi çıxışında deyib ki, “nəticədə nə çıxarsa çıxsın” səsvermə Türkiyə üçün heş bir əhəmiyyət kəsb etmir.

“15 iyul gecəsi demokratiya və müstəqillik üçün canlarını fəda verən bir millətin iradəsini heç bir tərəzi çəkə bilməz”.

Bu həftə Avropa İttifaqı (Aİ) qanunvericiləri Türkiyə hökümətinin iyul ayında baş vermiş çevriliş cəhdindən sonra həyata keçirdiyi repressiyalarla bağlı ölkənin Aİ-ə üzvlük danışıqlarını dondurmaq üçün qeyri-icbari səsvermə keçirəcək.

Türkiyədə çevriliş cəhdindən sonra baş verən repressiyalar, o cümlədən hökümət işçilərinin kütləvi şəkildə işlərindən azad edilməsi, jurnalist və kürd siyasətçilərinin həbsi və yüzlərlə media və vətəndaş cəmiyyəti təşkilatlarının bağlanması, Aİ ölkələrini dərindən narahat edib.

Bəzi Aİ ölkələri Türkiyənin Aİ-ə üzvlüyü ilə bağlı danışıqların dondurulmasına çağırıblar. Amma ittifaq üzvləri minlərlə qaçqının Aİ-ə gəlməsinin qarşısını almaq üçün Türkiyəyə ehtiyac olduqlarını deyirlər.