Azad yaşamağın qazın da, işığın da, suyun da qiymətindən daha vacib olduğunu əksəriyyətimiz qəbul edəndə bizim həyatımız dəyişəcək
AXCP sədri Əli Kərimli cəmiyyətə səslənərək, ölkədə köklü dəyişikliklərə gətirib çıxaracaq əsas şərt barədə yazıb. Onun feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
– Dostlar, bilirsiniz Vətənimiz bu qədər varlı ikən, xalqımız niyə bu qədər kasıb və hüquqsuzdur? Ona görə ki, yaşadığımız sosial fəlakətin, kəskin təbəqələşmənin, nəhəng korrupsiyanın səbəbinin hüquqsuzluqda olduğunu hələlik hamılıqla qəbul etməmişik. Suallarıma səmimi cavab verin. Normal seçki keçirilən ölkədə hansı hökumət ordunun, səhiyyənin, elmin, sosial sahənin büdcəsindən kəsib, “Formula 1” keçirməyə pul ayırmağa cəsarət edər? Ölkədə xalq tərəfindən seçilmiş parlament olsaydı, onun 48 milyard pulunu ölkədən çıxarıb, ofşor hesablara yatızdırmaq olardımı? Bu ölkədə müstəqil məhkəmələr olsaydı, oğrular elə bağıra bilərdimi ki, doğruların bağrı yarılsın? Ölkədə prezidenti xalq seçsəydi, bu qədər korrupsiya araşdırmalarında adı keçən bir şəxs istədiyi qədər hakimiyyətdə qala bilərdimi? Bu ölkədə xalq saya salınsaydı, ən qabiliyyətsiz adamlar, ən böyük oğrular deputat, nazir, oliqarx ola bilərdilərmi?
Çox təəssüf ki, gündəlik həyat səviyyəmizin, dolanışığımızın, sosial problemlərimizin həllinin ölkədə demokratiyanın, azad seçkinin, hüququn aliliyinin bərqərar olması ilə bağlı olduğunu tez-tez unuduruq. Unuduruq ki, bu gün zindanda yatan çoxsaylı siyasi məhbuslar məhz bu ölkəni yaxşılığa doğru dəyişmək istədiyinə görə həbs olunublar. Hətta insanlarımızın özünü nisbətən azad hiss etdiyi sosial şəbəkələrdə də demokratiya, insan haqları, siyasi məhbuslarla bağlı mövzular ən aztirajlı mövzular olaraq qalır. Bu gün bütün dünyada insan hüquqları günü qeyd olunur. Gəlin görək, hətta bir çox Afrika dövlətlərinə də həsədlə baxan soydaşlarımız üçün heç olmasa bir gün insan hüquqları gündəm ola biləcəkmi?
Tez-tez soruşurlar ki, bu vəziyyət nə qədər davam edəcək, bəs bizim ölkəmizdə dəyişiklik nə zaman olacaq, xalqımız nə vaxt azad nəfəs alıb, firavan, qayğısız yaşamağın dadını çıxaracaq? Cavab verirəm. Azad yaşamağın qazın da, işığın da, suyun da qiymətindən daha vacib olduğunu əksəriyyətimiz qəbul edəndə bizim həyatımız dəyişəcək. Bu ölkədə hər şey dəyişəcək və heç şübhəsiz ki, müsbətə doğru. Yaşadığımız sosial fəlakətin səbəb yox, nəticə olduğunu – pis idarəetmənin, korrupsiyanın, hüquqsuzluğun, saxta seçkilərin nəticəsi olduğunu əksəriyyətimiz qəbul edəndə, bu milləti kimsə böyük dəyişikliklərdən saxlaya bilməyəcək.
Bu gün firavan və qayğısız yaşayıb, inkişaf edən xalqların hamısı nə zamansa öz tiranlarına, hakimiyyəti zəbt etmiş sülalə hakimiyyətlərinə, xalqların iradəsini heç sayan oğrulara qarşı birləşiblər. O xalqlar əvvəlcə hakimiyyəti, azad şəkildə parlament, prezident seçmək hüququnu özlərinə qaytardılar, ardınca da rifahı, hüququn aliliyini, bərabər imkanları, firavan həyatı əldə etdilər. Biz də o yolla getməliyik. İlk növbədə demokratiyanın, azad seçkilərin, hüququn aliliyinin, müstəqil mətbuatın, müstəqil məhkəmələrin rifah, inkişaf, o cümlədən sosial problemlərin həlli üçün açar olduğunu qəbul etməliyik. İmkanımız varsa, bu köklü dəyişikliklər uğrunda mübarizəyə şəxsən qoşulmalıyıq, hər hansı səbəbdən belə bir imkanımız yoxdursa, bu mübarizəni aparan insanlara dəstək olmalıyıq, ən azı mənəvi baxımdan!