Ərdoğan: “ABŞ qoşunları Əfqanıstanı tərk etdiyi kimi, Suriya və İraqdan da çəkilməlidir”

27/09/21 3:41

Ankara, ABŞ əsgərlərinin Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da çıxarılmasını istəyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS telekanalına verdiyi müsahibədə deyib.

Türkiyə lideri müvafiq sualı cavablandırarkən: “Əlbəttə ki, bir seçimim olsaydı, istərdim ki, Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da ayrılsınlar”, deyib.

Ərdoğan sonra əlavə edib: “Çünki dünyada sülh qurmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın bir mənası yoxdur, sadəcə bu xalqlara, bu ölkələrə öz qərarlarını vermək imkanı verə bilərik”.

Türkiyə Prezidenti: “Bu halda Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi?” sualına Türk lideri cavab verib: “Tamamilə açıq və vicdanla söyləyim: heç vaxt bizim qalmağımızı istəmədikləri yerdə qalmayacağıq, heç vaxt xoş qarşılanmadığımız yerdə olmayacağıq”.

Ərdoğan ABŞ, Rusiya, İran və Türkiyənin Suriya və İraqa sülh gətirmək üçün birlikdə çalışa biləcəyinə ümid edir.

Transqafqaz.com