Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Təlim-tərbiyə kursantlara yalnız bilik, bacarıq və vərdişlər aşılamır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edir. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu “Dədə Qorqud”da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” – kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.
İşğalçı Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirərək onu məğlub etmişdir.
Bu qələbəni bizlərə bəxş etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Prezident İlham Əliyev Azərbaycan Respublikasında hər il sentyabrın 27-də Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Bu torpağı, bu vətəni canı-qanı bahasına azad edib bizə ərməğan edən şəhidlərimizin ruhuna hörmət əlaməti və xatirələrini əziz tutaraq, Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Mingəçevir şəhər A.Noel adına 13-li tam orta məktəbin V-a sinifinin şagirdləri, sinif rəhbərləri Məryəm Məmmədnəbi qızı ilə bərabər Şəhidlər Xiyabanını ziiyarət etmiş və igid şəhidlərimiz haqqında şeirlər söyləyərək, onların layiqli davamçıları olacaqlarına söz vermişlər.
Tədbirin sonunda şəhidlərimizin yaxınlarına Məryəm Məmmədnəbi qızı: “Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram hissi ilə yad edirik, onlara Allahdan rəhmət diləyirik, qəbirləri nurla dolsun, məkanları cənnət olsun” dedi.