Bu gün Dünya Bankının (WB) “Bərk məişət tullantılarının vahid idarəçiliyi Layihəsi”nin nəzarət missiyası Azərbaycana gələcək. “Report” xəbər verir ki, missiyaya Bankın Afrika, Şərqi Avropa və Mərkəzi Asiyadakı aşağı və ortagəlirli ölkələrdə şəhər infrastrukturu üzrə eksperti Kremena İonkova rəhbərlik edir.
WB rəsmilərinin “Təmiz Şəhər” ASC və İqtisadiyyat Nazirliyində görüşlər keçirməsi planlaşdırılır.
Qeyd edək ki, missiyanın səfəri aprelin 28-ə qədər davam edəcək.
Xatırladaq ki, adıçəkilən layihənin icrasına 2009-cu ildən başlanılıb və bu çərçivədə Qaradağ və Suraxanı poliqonları tam bərpa edilib, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3 239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları alınıb. Layihənin ikinci mərhələsi 2014-2016-cı illəri əhatə edib.