İranlılar azərbaycanlıları necə alçaltmışdılar: 2006-cı ilin may hadisələri.
12 may 2006-cı ildə İranın həmin zaman ən nüfuzlu qəzetlərindən biri olan “İran-e-jomee”də “Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlıqlı karikatura yayımlanıb. Hekayədə həşəratın timsalında iranlıların azərbaycanlılara olan münasibəti əks olunub. Bu isə azərbaycanlıların qəzəbinə səbəb olub və onlar İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirməyə başlayıblar.
İranın Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Həmədan, Miyanə, Xoy, Salmas, Xiyav, Sulduz, Mərənd və digər şəhərlərində azərbaycanlılar tərəfindən nümayişlər keçirilib. Etiraz aksiyalarının ən güclü dalğası mayın 22-də Tehranda müşahidə olunub. Bu səbəbdən etiraz aksiyaları tarixdə “1 Xordad hadisələri” (İran təqvimində 1 xordad – 22 maydır) və “Milli Qiyam Günü” kimi tanınır.
Artan təzyiqlər nəticəsində 21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istəyib, karikaturanın müəllifi Mana Neyestani və qəzetin baş redaktoru Mehrdad Qasımfar həbs ediliblər. Mana Neyestani ölkədəki etnik varlıqları alçaltma, ictimaiyyəti narahat edən və reallığa zidd yayım etməkdə günahkar sayılıb. Lakin naməlum səbəblərdən o, 3 aydan sonra həbsdən azad edilərək, həyat yoldaşı ilə birlikdə Fransaya qaçıb.
İran hakimiyyətinin rəsmi məlumatına görə, etirazlar zamanı 330 nəfərin həbs edildiyi, 4 etirazçının isə öldüyü açıqlanıb. Buna baxmayaraq, beynəlxalq qeyri-hökumət təşkilatı “Amnesty International”ın yazdığına əsasən, minlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilib, onlarla azərbaycanlı isə öldürülüb. Güney azərbaycanlıların sözlərinə görə, 5 mindən artıq etirazçı həbs edilib, 150 nəfər öldürülüb və ya itkin düşüb. Aksiyada iştirak edənlər İran hakimiyyətinin etirazçıların bir çoxunu diri-diri yandırdığını, həmçinin Urmiya gölünə atdığını vurğulayıblar.
#Xordad #Azerbaycaninguneyi