Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə baş verənlə bağlı xəbər vermişdik.
Məlumat üçün xatırladaq ki, məktəbin şagirdlərindən birinin müəllimlərlə və şakirdlərlə kobud rəftar elədiyi, söyüş söydüyü, müəllimə xəsarət yetdidiyi bildirilirdi. Həmçinin şagirdin anasının da məktəbə gələrək hər kəsi hədələdiyi qeyd edilirdi.
Bununla bağlı ötən gün məlumat yayan Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məktəbdə araşdırmaların aparıldığını və rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdə olduğunu bildirmişdi: “Paytaxtın Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Suraxanı rayonu 282 nömrəli tam orta məktəb də açıqlama yaymışdı. Bildirilmişdi ki, təhsil müəssisəsinin 7ç sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir.
Qeyd olunub ki, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir: “O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”.
Həmçinin bildirilib ki, şagirdlə bağlı İdarə müvafiq araşdırma aparır: “Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.
Ötən gün bu açıqlamalar verilsə və tədbir görüldüyü bildirilsə də, problem həll olunmayıb. Qaynarinfo-nun bu gün əldə etdiyi görüntülərdə sözügedən şagirdin yenə də eyni hərəkətləri davam etdirdiyi açıq-aşkar görünür.
Həmin görüntüləri təqdim edirik: