30 il əvvəl erməni faşistləri Qaradağlıda soyqırım törətmişdilər

17/02/22 11:49

İnsanlıq tarixinə qara hərflərlə yazılan Qaradağlı soyqırımından üzərindən 30 il ötür.

Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 30 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər.

Fevralın 17-də soyuq, çovğunlu və qarlı gündə 117 nəfər əsir alınmış, onlarca mülki şəxsi isə qətlə yetirilmişdi. Mənbələrdə yazılana görə, Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.

Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Əlbəttə, məsələyə siyasi nöqteyi-nəzərdən yanaşsaq, qisasın qiyamətə qalmadığını əminliklə deyə bilərik.

Kərkicahanda, Meşəlidə də oxşar qətliamlar törədilib. Əslində müstəqillik uğrunda çalışan, mübarizə aparan hər kəsə divan tutulurdu. Düşmən Qaradağlı istəyinə tam nail ola bilmədi. Beləliklə, çox keçmədən rus və erməni birləşmələri Xocalı soyqırımını törətdilər. Qoca, uşaq bilmədən qeyri-insani addımlar atıldı. Təəssüf ki, Qaradağlı soyqırımı indiyədək lazımi qədər öyrənilməyib. Biz bu faciəni həm araşdırmalı, həm də dünyaya çatdıraraq erməniləri Beynəlxalq Haaqa Məhkəməsinə verməliyik.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir