Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin
BƏYƏNATI
2020-ci ilin 27 sentyabrda işğal altındakı ərazilərimizin azad edilməsi uğurunda qəhrəman ordumuzun başlatdığı savaş, Şuşa da daxil olmaqla 5 rayonumuzun qısa zamanda azad edilməsi ilə nəticələndi. Düşməni tam məğlub etməmiz bir an məsələsi olunca Rusiya bizim qanunlarımıza məhəl qoymadan işğalçı qüvvə olaraq ölkəmizin sərhəddi keçib “sülhməramlı” adı ilə hərbi əməliyyatların olduğu təmas xəttinə girdi.
Rusiya hərbi birlikləri Azərbaycan dövləti ilə aralarında heç bir hüquqi sənəd olmadan bu addımı atıbdır. Bu hal Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlarımıza qarşı təhdidir və Azərbaycan Respublikasının Konstitsuyasının 11-ci maddəsinə ziddir. Rusiya bu müharibədə Azərbaycanın birmənalı qələbə qazanmasını istəmədən, ərazimizə Gürcüstanda, Donetskdə, Krımda olduğu kimi çağrılmadan girdi. Azərbaycanın suverenliyinin təhlükəyə salınması hesabına Rusiya faktiki olaraq Yuxarı Qarabağı işğal etmişdir.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası Rusiyanın tarixi taleyimizdə və bu münaqişədə oynadığı roldan dərs alaraq ölkə qanunlarına, beynəlxalq hüququn tələblərinə əsasən bildirir ki, Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin imzaladığı bəyənatda ziddiyyətli məqamlar mövcudur və Azərbaycanın milli, dövləti maraqlarımıza ziddir. Az.MDP, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə düşmən münasibət sərgiləyən Ermənistan və ona dəstək verən Rusiya hərbi birləşmələrinin Qarabağda yerləşməsini qətiyyətlə pisləyir və Azərbaycan hökümətindən rus qoşunlarının ölkəmizdən çıxarılmasını təmin etməyə çağırır.
11.XI.2020-ci il
Toğrul Lətifoğlu