Cümə axşamı Pakistanda parlamentin aşağı palatasına – Milli Assambleyaya seçkilər keçirilib. Nəticələr açıqlanmazdan əvvəl də iki rəqib siyasi lider, keçmiş baş nazirlər, həbsdə olan İmran Xan və həbsdən yaxasını qurtara bilən Nəvaz Şərif qələbəni elan etdilər. Bu, şübhəsiz ki, çox çətin günlər yaşayan ölkədə seçkidən sonra əmin-amanlıq vəd etmir.
Seçkilər nəticəsində Milli Assambleyada 266 yerin qalibləri məlumdur, daha 70 yer sonra parlamentə daxil olan partiyalara nisbətdə qadınlar və qeyri-müsəlmanlar üçün kvotalara ayrılacaq. Və elan edilən nəticələrə görə, İmran Xanın partiyası Ədalət Hərəkatı 98 mandat qazanıb. Nəvaz Şərifin Pakistan Müsəlman Liqası 71, digər məşhur siyasi sülalənin nümayəndəsi – 2007-ci ildə sui-qəsd nəticəsində həlak olmuş hökumət başçısı Bənazir Bhuttonun oğlu Bilaval Bhutto Zərdari başda olmaqla Pakistan Xalq Partiyası isə 51 mandata sahib çıxıblar.