İran parlamentinin sədri azərbaycanlı namizədə qarşı çağırış edib
İran prezidentliyinə namizəd və ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Məsud Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəliliyə dəstək verdi. O, bu barədə yaydığı bəyanatda bildirib.
Qalibaf Məsud Pezeşkianın özünə hörmətlə yanaşdığını, ancaq onun ətrafında olanlardan arxayın olmadığını deyib: “İnqilabçı qüvvələr və onların tərəfdarlarından xahiş edirəm ki, İnqilab Cəbhəsinin namizədi kimi Cəlilinin gələcək hökumət başçısı olmasına çalışsınlar”.
Məğlub namizəd Məsud Pezeşkianın ölkənin bir çox siyasi və iqtisadi problemlərinə səbəbkar olduğunu deyib.
Qeyd edək ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901 səslə birinci yerdədir. Onun rəqibi Səid Cəlili isə 9 473 298 səslə ikinci yerdə qərarlaşıb. Pezeşkiana qarşı çağırış edən Məhəmməd Bagir Qalibaf isə cəmi 3 383 340 səs toplaya bilib.