Bununla da tələbələr həm özlərinə inamı, həm də müəllimə inamı bərpa edə bildirlər. Sözün bütün mənalarında ürəklə cəmiyyətə deyə bilərik ki, bəli bu gün dünyanın sivil ölkələrində olduğu kimi, sivil xalqların təhsil həyatlarında olduğu kimi, bizim də Bakı Dövlət Sosial-İqtisadi Kollecində rüşvət yoxdur. Tələbə özünə güvənir, imtahandan öz biliyinə aldığı qiymətin sevinc payını ailəsinə daşıyır, övlad olaraq ailənin yükünə çevrilmir, əksinə kiçicik uğuru ilə öz ailəsinin az da olsa ovqatını dəyişə bilir. Bunlar gözəl hislərdir. Müəllim olaraq bizlərin də vicdanı indi daha rahatdır.
Əslində indi təhsildən, ümumən ölkənin, cəmiyyətin problemlərindən yazmaqda həvəsli, maraqlı deyiləm. Amma həyatda hərdən elə dönəm anları olur ki, onları tarix üçün olsa belə demək, yazmaq lazım gəlir. Bu gün işlədiyim Bakı Dövlət Sosial-İqtisadi Kollecinin həyatında baş verən hadisələr də özlüyündə kifayət qədər ciddi hadisələrdəndir. Hətta deyərdim millətimizin həyatının indiki halında müsbət xarakterizə olunan və çox az rast gəlinən keyfiyyət dəyişikliyidir. Belə müsbət işləri isə zamanında dilə gətirmək, yaxşı nümunə kimi qeyd etmək olduqca zəruridir. Çünki yaxşı nümunə “qızılgül kimidir, bəsdənməlidir ki, bu gözəllikdən hamıya pay düşsün”, azından insanların ovqatı dəyişsin.
10 ildən artıqdır ki, işlədiyim bu Kollecin həyatında olanlardan, tüğyan edən rüşvətdən dəfələrlə tənqidi yazılar yazdım. Baş Prtokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarənin, Respublikanı silkələyən məlum əməliyyatından sonra hətta Təhsil Nazirliyinə çağırılıb, təşəkkür də aldım ki, “düz deyirmişsiniz”. Amma nə tələbələrin, nə də müəllimlərin həyatını dəyişən ciddi köklü keyfiyyət dəyişikliyi görə bilmədik. Əlbətdə, bizim cəmiyyətdə müəllimin taleyi elədir ki sanki bizimkilər qədim dünyanın məhşur filosofu Platonun dediyini şüar ediblər ki, bəs ”Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz”. Bugün ki, Müasir Avropa mədəniyyətinin fəlsəfi, tarixi mənbəsi hesab edilən qədim Yunan fəlsəfəsinə istinad edən hökümətimiz də Sokratın məlum tezisini təhsil siyasətində kredoya çevirərək inamla, qətiyyətlə yoluna davam edir, hətta “Müəllim şama bənzər, əridikcə başqalarına işıq verər ”deyib, onu inamla “əritmək”dədirlər.
Təbii ki, demək istədiyim bunlar deyil. Sadəcə bunları yazmasam, yazacaqlarımın səmimiliyinə inam da şübhə altına düşərdi.
Kollec müəllimi olaraq hansı statusda olmamızdan, hansı məvacibi almağımızdan, hətta o məvacibin məbləğini deməkdən utanmağımıza baxmayaraq, bu gün Bakı Dövlət-Sosial İqtisadi Kollecində hamını, savadlı və vicdanlı insanları sevindirən bir keyfiyyət halı yaşanır. Kollecin həyatında bəlkədə ilk dəfə olaraq tələbələr, millətin övladları bir semestri rüşvət vermədən, öz biliklərinə güvənərək imtahan verirlər. Bilik, ilk dəfədir ki, Bakı Dövlət Sosial-İqtisadi Kollecində yeganə meyara çevirildi. Tələbələr, ilk dəfədir ki, müəllimin semestrin əvvəlində dediyi “Oxuyun, qorxmayın, özünüz də qiymət alın” sözlərinə indi əməldə inandılar. Bununla da tələbələr həm özlərinə inamı, həm də müəllimə inamı bərpa edə bildirlər. Sözün bütün mənalarında ürəklə cəmiyyətə deyə bilərik ki, bəli bu gün dünyanın sivil ölkələrində olduğu kimi, sivil xalqların təhsil həyatlarında olduğu kimi, bizim də Bakı Dövlət Sosial-İqtisadi Kollecində rüşvət yoxdur. Tələbə özünə güvənir, imtahandan öz biliyinə aldığı qiymətin sevinc payını ailəsinə daşıyır, övlad olaraq ailənin yükünə çevrilmir, əksinə kiçicik uğuru ilə öz ailəsinin az da olsa ovqatını dəyişə bilir. Bunlar gözəl hislərdir. Müəllim olaraq bizlərin də vicdanı indi daha rahatdır. Həm tələbənin üzünə müəllim kimi baxa bilirsən, həm də ruhunla rahatsan. Tələbələrin imtahandan öz biliyini ilə qiymət alıb yaşadığı sevinci görmək bir başqa duyğudu. O, duyğular bu Kollecdə çoxdan korşalmışdı.
Bütün bu baş verənlər üçün təbii ki, ortaya iradə qoyan, köhnə ənənələrin və sterotiplərin üzərinə inamla gedən, öz qətiyyətli və ardıcıl addımları ilə yuxarıda qeyd etdiyim bütün mütərəqqi əməllərin memarı kimi çıxış edən, Kollecin direktoru, görkəmli Azərbaycan ziyalısı, Fizika -Riyaziyyat elmlər doktoru, Vidadi Orucovdur və onun rəhbərliyi ilə ilə bu tablonu yaradan komandasıdır.
Kollec həyatında bunları görmək və yaşamaq, onu sözlə ifadə etmək olduqca çətindir. Çünki bizim qədər bu hislərə ehtiyaçı olan millətdə yəqin ki, çox azdır. Baxmayaraq ki, dünyaya ədalət, insanlıq, yaxşılıq, mərhəmət, gətirən ən son haqq dininə inananlardanıq. Laikn onun qürurunu yetərincə yaşaya bilmirik. Dinimizdə də belə bir buyruq var ki, “Ədalətsizliyə dözmək, onda iştirak etmək deməkdir” bu əlbətdəki, doğrudur. Amma o da doğrudur ki, yaxşını da zamanında deyib, o yaxşıya, nümunəyə dəstək olmaq da vacibdir, gərəklidir.
İnsan, bir halda həqiqətə doğru düz gedə bilir, oda duyğulardan, hislərdən kənar olanda.
Kollecimizə saflıq, təmizlik, tələbələrimizin həyatına rüşvətsiz təhsil gətirən, təhsil prosesinə cağdaş bəşəri və milli məzmun verən, bu işdə əməyi olan hər kəsə uğur olsun deməyi özümə borc bildim. İlahi rahatlığın,xoşbəxtliyin sirri azadlıqda, azadlığın sirri cəsarətdədir!
Qələndər Muxtarlı