İndi dünyanın diqqəti Suriyadan daha çox Türkiyənin Suriyaya hər an həyata keçirilə bilən hərbi müdaxiləsinə yönəlib. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Partik Ventrell də Türkiyə hərbi qüvvələrinin Suriya sərhədinə cəmləşməsindən narahatlığını bildirib.
Lakin bu vəziyyət çoxdan gözlənilən idi. Türkiyə hökuməti də vəziyyətin məhz indiki ssenari üzrə gedəcəyini arzulamasa da bunun fərqində olmaya bilməzdi.
Maraqlı məqamlardan biri də Suriyada cərəyan edən hadisələrin Türkiyəyə vəd etdiyi təhlükələrdir ki, bunu da aşağıdakı kimi səciyyələndirmək olar.
Əvvəla, Türkiyənin ən yaxın qonşuluğunda – Suriyada Bəşər Əsəd rejiminin rəsmi 20 min deyilsə də əslində 40 mindən çox insanın həlak olmasına, 1 milyon yarımdan çox insanın didərgin düşməsinə rəğmən hadisələrin daha təhlükəli fəlakətlə nəticələnə bilməsi ehtimalının fakta çevrilməsi, tarixən türkmən şəhəri kimi tanınan, əhali sayı 3,5 milyon sünni müsəlman və türkmən təşkil edən Hələbin mühasirəyə alınması kontekstində kütləvi insan qırğınının qaçılmaz məcraya yön alması;
– Bu hadisələrin nəticəsində Türkiyənin ərazisində Suriyalı köçkünlərin sayının 100 minə yaxınlaşması, bölgədə sosial-iqtisadi problemlərin dərinləşməsi;
– Şimali Suriyada kürdlərin Əsəd rejimi tərəfindən silahlandırılması, hətta 230-250 min kürdün kürd kimliyinin tanınması, bunların Türkiyənin ərazi bütövlüyünə və milli maraqlarına ciddi təhlükə yaratması;
– Suriyanın üç hissəyə – Laziqiyyə mərkəz olmaqla, ələvi bölgəsi, Suriya Dəməşq (Şam) mərkəz olmaqla sünni bölgəsi və Qamışlı mərkəz olmaqla kürd bölgəsinə bölünməsinin müzakirələr predmetinə çevrilməsi (lakin İraqda da gözləmə mövqeyi tutmaqla Şimali İraqda 1970-ci ildən razılaşma olmasına baxmayaraq kürd muxtariyyəti yarandı, amma tarixən Ərbil bəylərbəyliyi kimi mövcud olan tarixi türkmən torpaqları müdafiəsiz qaldı. Bu gün də Suriyada cərəyan edən hadisələr göstərir ki, Türkiyənin hərbi müdaxiləsi olmayacağı təqdirdə Suriya türkmənləri də eyni aqibəti yaşayacaqdır);
– İranın Suriyaya əsgəri hərbi yardım etməsi kimi faktların gündəmə gəlməsi;
– Türkiyədən daha öncə İsrailin və yaxud ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin Osmanlıdan sonra ilk dəfə bölgədə nüfuzunu bərpa etmiş Türkiyənin fəlakətli vəziyyətlə üzbəüz qalma təhlükəsinin get-gedə real məzmun kəsb etməsi;
– Türkiyə üçün əlverişli beynəlxalq və daxili şəraitin yaranması və s.
Türkiyə müsəlman sünni təriqətinə və 3,5 milyon türkmən əhalisinin olduğuna görə, hətta yüz illər boyu öz tarixi ərazisi olan Suriyanın və suriyalıların taleyinə biganə qala bilməz və indiyə qədər Ərdogan hökumətinin nümayiş etdirdiyi dözümlülüyün haqlı olaraq hər iki ölkə əhalisinin narazılıqlarına yol açması da nəzərdən qaçmamalıdır.
Suriyaya türklərin hərbi müdaxiləsinə mümkün beynəlxalq reaksiyalar da maraqlı məqamlardan biridir. Məlumdur ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında 3 dəfə veto hüququndan istifadə edərək Suriyaya beynəlxalq hərbi müdaxiləni əngəlləyə bildilər. Lakin Türkiyənin indiki nüfuzu və Rusiya ilə iqtisadi-ticarət əlaqələri 25-30 milyard dollar təşkil etdiyi halda Suriyaya görə özünü çətin duruma salması inandırıcı görünmür. O, cümlədən ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi Türkiyənin əsas müttəfiqi olan ABŞ-a bağlı Çinin də hər hansı təhlükə vəd edə bilən bir addım atacağı inandırıcı görünmür.
Əhalisinin 60 faizdən çoxu türk olan və dünyanın blokadada saxladığı İran isə öz hayındadır. Belə əlverişli beynəlxalq şəraitin mövcud olduğu vəziyyətdən Türkiyə maksimum yararlanaraq tarixi addımını – Suriyaya gecikmədən qısamüddətli hərbi müdaxiləni – həyata keçirmək zorundadır. Bu müdaxilənin bizim də bir millət və dövlət olaraq mənafeyimizə nə qədər xidmət edə biləcəyinin fərqində olmağımız gərəkdir.
Qələndər Muxtarlı