Qələndər Muxtarlı: “Azərbaycan xalqı dünya tarixinə bu cür məsələləri leqallaşdıran xalq kimi daxil ola bilməz”

25/11/16 12:17

“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov Azərbaycanda fahişəliyi leqallaşdırmağı təklif edib. Siyavuş Novruzov deyib ki, leqallaşma bir çox problemin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”

Siyavuş Novruzovun səslədirdiyi təkliflər bağlı “Deyerler.org”a münasibətini açıqlayan İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Milli Demokrat Partiyasının sədri Qələndər Muxtarlı bildirib ki, fahişəlik məsələsi Azərbaycan xalqının mentalitetinə və onun milli-əxlaqi dünya görüşünə tam ziddir və formalaşdırdığı tolerantlıq prinsipinə də ziddir: “Siyavuş Novruzov təsadüfi adam deyil. Həmişə bu rejim özünün Azərbaycan xalqı ilə bağlı hər hansı bir formada həyata keçirmək istədiyi zərərli fikirlərin mütləq əksəriyyətini iqtidarda Siyavuş Novruzov və bu tipli bir neçə insanın vasitəsilə səsləndirir. Bu söz deyilibsə, deməli hakimiyyətin rəyidir və hakimiyyətin mövqeyidir. Bunu bu şəkildə qəbul etmək lazımdır. Azərbaycanı idarə edən siyasi rejim bu qanunun qəbul edilməsində Siyavuş Novruzovun dili ilə öz mövqeyini bildirib. Ona görə də, bu, Siyavuş Novruzovun deyil, hakimiyyətin mövqeyidir.

Onun nəzərdə tutduğu fahişəlik məsələsi Azərbaycan xalqının mentalitetinə və onun milli-əxlaqi dünya görüşünə tam ziddir və formalaşdırdığı tolerantlıq prinsipinə də ziddir. İnsan alveri və bu kimi məsələlər cəmiyyətdəki problemlərdən qaynaqlanan məsələlərdir. Əgər cəmiyyətdə normal ədalətli bölgü yaransa, sosial-siyasət normal qurularsa, Azərbaycan xalqının heç bir insanı bu məsələlərə getməz. Milli sərvətdən xalqa gələn payı mənimsəmiş bu rejim ondan törənən zərərləri ört-basdır etmək üçün Siyavuş Novruzovun dili Azərbaycan xalqına görün nələri qəbul elətdirmək istəyir. Təbii ki, mənim buna münasibətim pisdir. Azərbaycan xalqı dünya tarixinə bu cür məsələləri leqallaşdıran xalq kimi daxil ola bilməz. Çünki, geridə qoyduğu tarixi miras bütün xalqlara və bütün bəşəriyyətə örnəkdir. Əgər istəyirlərsə, bu kimi iyrənc məsələlər cəmiyyətimizdə olmasın, xalqın neftən gələn pulunu xalqa versinlər”.

 

/Deyerler.org/