Aydın Şükür: “Biz niyə gerçək dünyəvi, hüquqi dövlət ola bilmirik???!!!”

25/03/17 11:17

Aydın ŞÜKÜR

DÜNYƏVİ-HÜQUQİ DÖVLƏT OLMAĞIMIZI İSTƏYƏNLƏR ANLAMIRLAR Kİ, …

Bizim üçün dünyəvi dövlət olmaqla, dünyaya inteqrasiya etməyin, hüqiqi dövlət ola bilməyin imkansızlığının əsas səbəbləri var və bu səbəblər ustalıqla xalqa sırınıb, xalqın həyat tərzinə dönüb.

Azərbaycanda normal dövlət olmaq üçün əngəl yaradan, biri-birini inkar edən, biri-birinə zidd olan tərəflər hər addımda mövcuddur. Görünən və görünməyən tərəflər var. Bir tərəfdə dünya güclərinin bizdən tələb etdiyi “dünyavi, hüquqi dövlət” olmağımız çağrışı durur, digər tərəfdə isə, bizim zərurətdən doğan səbəblərə görə dünyaya inteqrasiya etmək məcburiyyətimiz, dünyadan təcrid olunmamaq istəyimiz, hüquqi və milli dövlət olmaq niyyətimiz var. Bir tərəfdə, dünya güclərinin içimizdə həyata keçirdikləri öz maraqları, digər tərəfdə isə həmin güclərin məhv etdikləri xalqın maraqları. Bir tərəfdə gəlişi gözəl sözlərlə aldadılıb real olmayan mücadiləyə qoşulmuş kütləvi insan axını – çoxluq, digər tərəfdə isə məsələnin əsl mahiyyətini anlayan və qapı arxasına salınmış azlıq var. Bir tərəfdə xalqın əleyhinə formalaşdırılmış iqtidarlar, digər tərəfdə isə ictimai-siyasi həyatdan təcrid edilmiş, iqtidarın fəaliyyətinə nəzarət edə bilməyən xalq var. Bir tərəfdə yadelli işğalçı güclərin siyasi iradəsi, digər tərəfdə isə siyasi iradəsi olmayan yerli iqtidar və milli iradəsi sındırılmış xalq var. Bir tərəfdə xalqın başına gətirilən oyunlar, digər tərəfdə isə baş verən oyunlara qarşı susqun həyat tərzi sürən xalq var. Bir tərəfdə xalqın talanmış sərvətləri, sahiblənə bilmədiyi məmləkəti, milli olmayan dövləti, digər tərəfdə isə kütlə halına salınıb bir kənara itələnmiş toplum, milli iradədən kənarda idarə olunan dövlət, xalqın xidmətçisi olmaq iqtidarinda olmayan hakimiyyət… Bir tərəfdə bütün bunları görməzdən və anlamazdan gələn, xalqın əleyhinə yönəlmiş siyasəti ört-basdır etməklə məşğul olan, yadellilərin himayə etdikləri icazəli tribunlar və siyasətbaz-çoxluq, digər tərəfdə isə xalqın haqq bağıran səsi olan, xalqdan dəstək almaq imkanları tükədilmiş məfkurə adamları – azlıq. Bir tərəfdə sadalanan problemlər, digər tərəfdə isə bu problemlərin həlli üçün məcbur qılınan məqsədyönlü siyasi passivlik. Xalqın əleyhinə olan bütün bu şəraiti qurub yaradanlar da, bölgünü aparanlar da, dünyəvi, hüquqi, demokratik dövlətin olmaması üçün bir-birinə ziddiyyət təşkil edən tərəfləri də yaradan Amerikadır, Avropadır, Rusiyadır..

Dünyəvi-hüquqi dövlət arzusunda olanlarımız anlamaq istəmirlər ki, bizlərdən – Türklərdən – müsəlmanlardan dünyəvi dövlət olmağı tələb edən dünya dövlətlərinin özləri buna ən böyük əngəldirlər. Onlar, nəzərdə tutduqları “dünyəvi dövlət” anlayışı ilə, dövlətimizi işğal edib xalqımızı əsarətə alıblar, xalqı bir kənara itələyib kütlə halına gətiriblər, kütləni rəiyyətə döndərib sürü halına salıblar, insanları əmr qulu edib təbəəyə döndəriblər. Xalqa xidmət edənləri deyil, onların özlərinə sədaqət göstərənləri hakimiyyətə gətiriblər. Milli məfkurəsi olmayanları xalqın başına hakim edib, sonra da xilaskarlığı özlərində axtardıb, onlardan imdad diləməyə öyrədirlər xalqı. Təyin etdikləri dövlət başçıları işlərinə yaradıqca onlara “demokrat” deyib müdafiə edirlər, işlərinə yaramayanda adını “diktator”qoyub devirirlər. Həm də xalqın rəyini nəzərə almadan dövlət çevrişləri həyata keçirirlər və bu çevrişlərdə günahsız insanların qanını axıdır, həbslərə məruz qoyurlar. İnsan azadlığına, demokratiyaya, insan haqlarının qorunmasına dəstək axtaran fədakar insanları öz qapılarında “demokratiya dilənçisi”nə döndərirlər. Avtoritar rejim yaradıb, xalqı bir kənara itələyərək onun  sərvətlərin istədikləri kimi talayıb daşımaqla məşğul olurlar. Xalqın, təhsilini, səhiyyəsini, mədəniyyətini, adət-ənənəsini, məişətini, əxlaqını, ədalətini bərbad hala salırlar. Özlərinə sərf edəndə həm saxta seçkilər düzənləyirlər, həm də saxta seçkini tanıyırlar. Onlara sərf etməyəndə, xalqın iradəsinin əleyhinə siyasət yürüdürlər, gerçəkdən xalqın səsini alıb dövlət başçısı olmaq haqqını qazananları devirirlər və yaxud insanlara, xalqın etimadını qazanıb haqq etdikləri postu tutmağa imkan vermirlər.

Misal: – Azərbaycanda 1993-cü ildə prezidenti açıq aşkar, xalqdan xəbərsiz devirib xalqa qarşı saymamazlıq sərgilədilər. Müstəqilliyini yenicə qazanıb xalq hakimiyyəti qurmaq yolunda olan, “Dövlət quruculuğu ili” elan etmiş hakimiyyəti qəsb edərək Azərbaycanı yenidən işğal etdilər və milli dövlətin formalaşmasına imkan vermədilər. 2003-cü ilin prezident seçkilərini saxtakarlıqla düzənlənməsinə yardımçı oldular, sonda xalqın iradəsinə uduzduqlarını görüb hiyləyə, məkrə, zora əl atdılar. Seçkilərdə xalqın gerçəkdən səs verdiyi namizədin hakimiyyətə gəlməsinə imkan verməyib, xalqı təhqir etdilər, günahsız insanlara qarşı zor işlətdilər, adamları qətlə yetirib, kütləvi həbslər aparmaqla xalqın gözünü qırdılar.1993-cü ildən bu yana, keçirilən seçkilərdə xalqın iştirakına şərait yaratmadan bütün seçkiləri saxtalaşdırırlar. Görsəndiyi kimi, bütün bunları yerli hakimiyyət etsə də, sifariş də, ssenari də, dəstək də, həmən dünya güclərindən gəlir.Yerdə olan “güclər” onlara itaət edirlər və onların xalqın əleyhinə olan bütün sifarişlərini sədaqətlə həyata keçirirlər. İnsanlarımız anlamalıdırlar ki, bizə MİLLİ DÖVLƏT lazımdır. Millətin iradəsi ilə formalaşmış, millətin iradəsi ilə idarə olunan, qorunan, inkişaf edən, millətin xidmətçisi olan, MİİLLİ DÖVLƏT. Necə ki, bizdən “dünyəvi, hüquqi, demokratik dövlət” olmağı israrla, təzyiqlə, təpkiylə, basqıyla tələb edən dünya dövlətlərinin özləri milli dövlətlərdir və öz millətlərinin mənafeyinə xidmət edirlər. Lakin, riyakarlıqla da, var güclərini işə salıb bizə bu imkanı verməmək üçün durmadan çalışırlar. Milli dövlət, millətin maraqlarına xidmət edər. Adını “dünyəvi dövlət” qoyduqları bizim kimi dövlətlərin dünyəvi olması, dövlətin dünyaya zəruri inteqrasiyası yox, dövlət başçısının dünya güclərinin ayağına getməsidir. Məqsədləri də, təyin etdikləri dövlət başçılarının öz xalqlarına xidmət etməsi yox, onların özlərinə itaət etməsidir. Bizim “dünyaya inteqrasiya” etməyimizin mahiyyətində əsarətə düşməyimiz durur. Amerikanın, Avropapanın, Rusiyanın isə dünyadakı dövlətlərə gedişlərinin mahiyyətində işğal etmək var. Adını “demokratiyanın inkişafı” qoyduqları münasibətlərində, Türk-müsəlman dövlətlərinə basqı var, əsarət var, istismar var, işğal var, insan haqlarının ayaqlanması var. Bütün bunların həyata keçirilməsində istifadə etdikləri ” demokratiya” adlı maskaları və özlərinin pozduqları “insan haqları” adlı qalxanları və bu yalanların arxasında gizlənmələri, fədakar xalqı öz yalanlarına inandırmaqları var… Bütün sahələrdə, özümüzü özümüzə qarşı qoymağı ustalıqla həyata keçirirlər və məfkurəsiz qalmış toplum da, bu provokasiyalara asanlıqla getdiyindən cəmiyyətləşə bilmir, millətlətşmə prosesi aparılmır.

Millət ola bilmək şansımızı qaçırmadan, millətləşmə prosesini

sürətləndirib, vətəndaş cəmiyyətinini formalaşdırıb MİLLİ DÖVLƏTimizi qura bilsək,biz dünya güclərinin ayağına getməyimizin adını YALANCIQ “dünyavi dövlət” qoymarıq, gerçəkdən bərabərhüquqlu, dünyaya inteqrasiya edəcək GERÇƏK MİLLİ DÖVLƏT olarıq. Nə qədər ki, DOSTumuzla DÜŞMƏNimizi ayırd edə bilməmişik, düşmənlərimizin yalan vədlərinə aldanıb onları dost, öz içimizdə dostlarla, özümüz özümüzlə düşmənçilik edəcəyik,

işlərimiz düz getməyəcək. Nə qədər ki, özümüzdə AÇIQ DANIŞMAQ cəsarəti tapa, özümüzü yalandan, tamahdan, qorxudan azad edə bilməmişik, AZADLIQ görməyəcəyik. Belə olan halda, normal cəmiyyət formalaşdırmaq da, MİLLİ DÖVLƏT olmaq çabamız da çətinliklərlə üzləşməkdə davam edəcək, əngəllərdən qurtarmayacaq. Bizim xalqımız, mübariz xalqdır və inanıram ki, on illərdir şirin vədlərlə aldadılan Azərbaycan Xalqı, öz azadlğını mütləq əldə edəcək, gerçəkdən demokratik, dünyəvi, hüquqi, Milli Dövlət quracaq…

Allah köməyimiz olsun !

P.S. Bu yazı Azərbaycanın məşhur, tam müstəqil jurnalisti, keçmiş siyasi məhbus, Sərdar Əlibəylinin idarə etdiyi  “PS-NOTA.com” saytından götürülüb.

Aydın Şükür Milli Azadlıq hərakatımızın görkəmli xadimlərindən, Qubadlı batalyonunun komandirlərindən biri olub. Qazi qardaşımızı  bu gözəl yazıya görə daim şükranla yad edəcəyik.

37 dəfə ümumi oxunub, 37 dəfəsi bu günə aiddir