Ümid sədri: “Azərbaycan dövlətinin yaxın dönəmlərdə üzləşdiyi böyük Qarabağ itkisi və onun yaratdığı fəsadlarla bağlı danışmaq istərdim”
Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a yazı göndərib. Həmin yazı partiya sədrinin “Qarabağa gedən yol” adlı kitabından bir parçadır. Musavat.com yazının və mövzunun əhəmiyyətlini nəzərə alaraq, onu dərc edir. Eyni zamanda yazıdakı mübahisəli məqamlarla bağlı müzakirələri açıq saxlayır :
***
Hər birimiz çevrilib tarixə baxarkən daha çox itirdiklərimizə heyfslənir, müxtəlif zaman kəsiyində əldən verdiyimiz torpaqlara görə, ən azı təəssüf hissi keçiririk. Görəsən tarixdə bu qədər itkilərə məruz qalan dövlətlər olubmu?
Əlbəttə, mübahisə açmadan dünya xəritəsindən silinən dövlətləri də bir-birinin ardınca sıralamaq mümkündür. Lakin vaxtımızı buna sərf etmədən müasir Azərbaycan dövlətinin yaxın dönəmlərdə üzləşdiyi böyük Qarabağ itkisi və onun yaratdığı fəsadlarla bağlı danışmaq istərdim. Həmçinin, müasir dünyada baş verən proseslərin fonunda əldən verdiklərimizi qaytarmağın mümkün variantları haqqında da geniş danışmaq niyyətindəyəm.
Qarabağ…
Azərbaycan 1988-ci ildən başlayaraq ərazisinin bu hissəsi ətrafında baş verən çox sayla hərbi siyasi münaqişələr nəticəsində təkcə torpaq itkisi ilə üz-üzə qalmamış, o cümlədən milyona yaxın vətəndaşımız öz evlərindən, daimi yaşayış yerlərindən məcburi surətdə köç etmiş, iqtisadiyyata ciddi ziyan dəymiş, uzun illər ölkənin siyasi həyatında qarşıdurmalar və çevrilişlər yaşanmış, onminlərlə insan müharibənin psixoloji gərginliyini dadmış, ölənlər, sağlamlığını müvəqqəti və daimi itirənlər olmuş, tarixi-mədəni abidələr məhv edilmiş, iki qonşu dövlət – Ermənistan və Azərbaycan düşmənə çevrilmiş, regionda sülh və əmin-amanlıq prinsipləri yaxın və uzaq qonşuları da bu prosesə cəlb edərək gərginlik yaratmışdır.
Bu müharibənin ifadə edə biləcəyimiz ziyanları və zərbələri idi. İfadə edə bilmədiyimiz çoxsaylı nədənləri isə insanlar uzun illərlə yaddaşlarda, psixologiyalarda yaşadırlar.
– Bu müharibədən qaçmaq mümkün idimi?
–Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürməyə bilərdimi?
–Qonşu dövlətlərin, iri güclərin bu müharibənin yaşanmasında rolu nə qədərdir?
–Sovet imperiyasının çöküşü bu müharibənin başlanmasına nədən oldumu?
– Azərbaycan müharibədən məğlub çıxmaya bilərdimi?
–Ermənistan qələbəni sığortalayaraq bu savaşa başlamışdımı?
Bu gün nə qədər desəniz suallar vermək mümkündü. Bu sualların cavabları hadisəni görənlər və yaşayanlar tərəfindən müxtəlif ola bilər. Hər kəs məsuliyyəti digərinin üzərinə ata, hakimiyyət müxalifəti, müxalifət də əksini, bir qismi isə xalqı suçlu görə bilər. Amma nəticə dəyişmir, Azərbaycan ərazilərinin 20 faizə yaxınını itirmiş, nəticələri isə dövlətin xeyrinə, o cümlədən, həm də həqiqətlərin təntənəsinə-dəyişə bilməyəcək durumdadı. Mənim də hadisələrə öz baxış bucağım var. Baş verən hadisələrə fərqli yanaşmam çoxlarından fərqli nəticəyə, həmçinin problemin yeni həlli yollarına gəlib çıxıram. Məhz fərqli olduğu üçün də düşüncə və fikirlərimi köçürməyə ehtiyac duyaraq Qarabağ həqiqətlərinə öz pəncərəmdən baxmağa qərar verdim. Bu pəncərədən həqiqətlər necə görünür?
Əziz oxucu, bu bir bədii əsər deyil. Bu baş vermiş hadisələrə bir siyasətçi yanaşması, bir siyasətçi təhlilidir. Həmçinin, hakimiyyətə iddialı olan bir partiya sədrinin problemin həlli yollarına necə yanaşmasıdır. Tarixə çox ekskurs etmədən, hamının bildiyi məsələlərə öz yanaşmamı sizlərlə bölüşəcəm.
Mərhələli savaş planı…
Tarixin müxtəlif dönəmlərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdiyi, bəzən müxtəlif əraziləri ələ keçirdiyi, bəzən müvəqqəti geri çəkildiyi faktı hər kəsə bəllidir. 1987-ci ilin sonunda Fransada akademik Aqanbekyan tərəfindən “Dağlıq Qarabağın iqtisadi-siyasi, dini və milli uyarlığına görə Ermənistana birləşdirilməsi təklifi” səslənərkən çoxları bunu ciddiyə almasa da, ekspertlər və sovet imperiyasının başında dayananlar bu bəyanatın nələrə gətirəcəyini təxmin edir, ya da planın içində yer aldıqlarından sonucun necə olacağını dərk edirdilər.
Qorbaçovun hakimiyyətə gəlişindən sonra sovet insanının alışmadığı siyasi terminlər, yavaş- yavaş tok-şouların, KİV-lərin müzakirə mövzusuna çevrilərək kütləni qruplara ayırmağa başladı- yenilikçilər, millətçilər, dissidentlər ortaya çıxdı. Mühafizəkarlar köhnə idarəetmə prinsiplərinin qorunması üçün çaba sərf etməyə başladılar, dəyişən heç nə yox idi- idarəetmə, sovet düşüncəsi, sovet seçkisi, müttəfiq respubliklara münasibət- heç nə dəyişməmişdir.
Tək dəyişən yeni terminlərin leksikona gətirilməsi və KİV-lərdə müzakirəyə çıxarılması idi. Xarici siyasətə toxunmaq niyyətində deyiləm. Bu tamam başqa bir mövzudur. Söhbət yalnız SSRİ adlı imperiyanın daxili siyasətindən gedir. Yenidənqurma, aşkarlıq, demokratiya kimi çox cəlbedici və parlaq terminlər, yeni sosial qruplar yaratmağa hesablanmışdı. Əslində Qorbaçov və onun arxasında dayananların əsas məqsədi də yeni sosial qrupların yaranmasını təşkil etmək idi. Zatən, heç kim bu sosial qruplar olmadan İmperiyanı çökdürmək və ya yeniləşmiş SSRİ modeli yaratmaq gücündə deyildi və ya bu o qədər uzun və yorucu proses ola bilərdi ki, onun nəticələri daha ağır fəsadlar törədə bilərdi. Bu sosial qrupların ən güclüsü təbii ki, yeni nəsil demokratları olmalı idi. Onlar SSRİ-nin fərqli tipinə keçidi təşkil etməli idilər, elə bu səbəbdən də TV–lərdə sürətli tok-şoular təşkil olunur, müzakirələr açılır, insanları narahat edən problemlərdən danışılırdı ki, “demokratlar” sosial qrupu sürətlə formalaşa bilsin.
Lakin bu qrupun formalaşmasının çətinlikləri nədənsə hesaba alınmamışdı. İlk növbədə heç kim Lenin prinsiplərindən imtina, bir formasiyadan digərinə keçidi açıq, birbaşa deyə bilmir, hamı yenilənmiş SSRİ modelindən və ya idarəetmə formasından danışır, durğunluq dövrünün eybəcərliklərindən, süni iqtisadiyyat planlarından, hətta 37-ci ilin qurbanlarından söhbət açmağa üstünlük verir və bununla da yeni sosial qrupların formalaşmasına ümid edirdi. Təbii ki, heç də bu barədə danışanların hamısı məqsədin nə olduğunu bilmir, danışmaq imkanı əldə etdiyi üçün danışırdı. Bu ancaq SSRİ-nin dağılma prosesini bilənlərə məlum idi. Lakin yeni sosial qrupun yaradılması üçün müasir insan obrazı olduqca az idi, onlar prosesdə özlərinə çox az tərəfdar toplaya bilirdi. Heç də əksəriyyət danışılanların və danışanların səmimi olduğunu qəbul etmir, sovet imperiyasının dönəmlərində baş verən hadisələr fonunda seyriçi qalmağa üstünlük verirdilər.
Bu prosesin ləng getməsi, yeni sosial qrup yaradılması ideyasının müəlliflərini narahat etməyə bilməzdi. Bayaq qeyd etdim ki, heç kim geniş mənada sosialist Lenin prinsiplərinə qarşı çıxmırdı. Səbəbi isə çox sadə idi. SSRİ rəhbərliyində, həmçinin sıravi kommunistlər arasında belə həqiqi və mübariz insanlar az deyildi. Sosial qrup tam yetişmə¬dən, mühafizəkarlar qısa zamanda yeni düşüncə tərəfdarlarını susdura və ya sıradan çıxarda bilərdilər. Buna görə də hər kəs daha çox fərd¬lərin məsuliyyətsizliyindən və onların “cinayət”lərindən danışır, sosializmin bir bəla olduğunu heç də yada salmırdılar.
Prosesin belə ləng inkişafı və yeni sosial qrupun yaradılmasının çətinlikləri problemə fərqli tərəfdən yanaşmağı tələb etdi, baxmayaraq ki, sosial qrupun yaranması üçün başqa cəhdlər də olmuşdu. Məsələn, fərqli iqtisadi yanaşmalarla, yeni iqtisadi strukturlar da formalaşdırılmağa başladı ki, prosesə əlavə təkan verilsin, iqtisadi münasibətlərin verdiyi imkanlardan yararlananlar yeni sosial qrupun sıralarında birləşsin. Lakin iqtisadi strukturun bu modelini seçənlər daha çox sovet və dövlət əmlakının məninmsənilməsinin fərqli yollarını taparaq, çinovniklərlə cinayət əlaqəsinə girdi və məmur təbəqəsindən daha çox asılı olaraq sistemin dəyişməsi üçün yox, xaosun davam etməsi üçün çalışdılar. Ona görə də Mərkəz yeni sosial qrupun yaranmasının fərqli yolunu tutdu. Bu yeni sosial qrup SSRİ adlı İmperiyanı çökdürməli, mərkəzdənqaçmanı təmin etməli idi. SSRİ xüsusi xidmət orqanları heç də bu vəziyyətə hazırlıqsız gəlib çıxmamışdır. Zaman-zaman baş verə biləcək hər bir vəziyyətə hazırlaşmışdı. Bu o demək deyil ki, xüsusi xidmət orqanlarının özü də SSRİ-nin dağılma prosesinin və planının içində yer almışdı, xeyr, sadəcə hər vəziyyətə hazırlıqlı olma prinsipi onları bu plan üzərində də düşünməyə məcbur etmişdi.
Yeni sosial qrupun yaradılması üçün ən optimal yol milli münaqişələr törətməklə dini-milli fərqləri olan xalqları üz-üzə qoymaqla, millətçilər və ya istiqlalçılar qrupu formalaşdırmaq idi. Bu sosial qrup anlayışını tam özündə ehtiva etməsə də SSRİ kimi nəhəng İmperiyanı çökdürməyə yetərli ola bilərdi. Bunun üçün keçmiş SSRİ respublikalarında ciddi qarşıdurmalar başladı. Yeni vətəndaş liderləri (hərəkat, cəmiyyət, partiya kimi birliklərin olmadığı dövr) kütlələrin şüuruna təsir etmənin yollarını aradılar. Moldova, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi respublikalar bu projenin içində daha tez yer aldılar. Təbii ki, bir sıra respublikalarda nisbi sakitliyin də öz səbəbləri var idi. Məsələn, Qazaxıstanda, Ukraynada, Belarusiyada, Pribaltikada münaqişə yaratmağın tək yolu yerli əhali ilə rusları üz-üzə qoymaqdan keçirdi. Lakin, bu Rusiya və bütövlükdə mərkəz üçün arzuolunan deyildi. Ona görə də daha zəif və zərərsiz həlqələr seçildi. Ermənistan-Azərbaycan qarşıdurması bu həlqələr içərisində ən zəiflərindən birincisi idi. Həm tarixdə bu ədavətin izlərinin olması, Ermənistanın tarixin müxtəlif dönəmlərində ərazi iddiaları ilə çıxış etməsi, Türkiyə-Ermənistan tarixi düşmənçiliyi bu istiqamətdə “effektli” iş aparmağa nəinki maneə olmur, əksinə stimul verirdi.
Proses başladı…
Müzakirələr, yeni yanaşmalar vasitəsilə sosial qrup formalaşdırmağın çətinlikləri etnik-milli münaqişələrin yeni mərhələsinə start verdi.
Zaman keçdikcə milli qrupların yeni sosial qrupla əlaqəsini və ya bu qrupa transformasiyasını nəzərdə tutan planlar mövcud idi ki, bunlara da yazımda toxunacam.
Bu yerdə hamımızı bir sual daha çox düşündürə bilər: Nədən bu tip məsələlərdə erməni tərəfi bizdən daha hazırlıqlı davranır və ya planın içində yer almış kimi görünür?
Erməni diasporunun xaricdə önəmli strateji mərkəzlərlə əlaqəsi və idarəetmə strukturlarında yer alması daha çox informasiyaya malik olmasını şərtləndirirdi. İnformasiyanın əldə olunması da hazırlıqlı olmağa imkan verir, həmçinin tarixdə dövlət, dövlətçilik ənənələri və daha çox siyasiləşmə, yaşadıqları ölkənin idarəetməsində iştirak da ciddi faktorlardan sayılırdı. Etiraf edək ki, xaricdə yaşayan azərbaycanlılar ya həmin ölkənin ictimai-siyasi həyatında çox passiv iştirak edir ya da formalaşmış, ənənəviləşmiş diaspora baxışlarına malik deyillər.
Məhz milli–etnik qarşıdurmaların seçilməsi təsadüfi deyildir. Milli-etnik münaqişə elə tip münaqişələrdən hesab edilir ki, uzun müddət və çox dərinlərə sirayət edən, daha çox insanı birləşdirən, xüsusi gərginlik yaradan, qruplara bölünmək ehtimalı az olan bir münaqişədir. Beləliklə, Aqanbekyanın Fransadakı çıxışından az keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Ermənistana birləşmək üçün aksiyalara başladılar. Eyni xarakterli aksiyalar Ermənistanda da başladı. Ondan bir qədər də zəif aksiya Azərbaycanda başladı. Təbii ki, hadisələrin dinc axarı qarşıdurmanın münaqişəyə çevrilmə ehtimalını azaldırdı. Buna görə də ilk qurbanlar verildi. Bu qurbanlar münaqişəyə yeni xarakter gətirdi. Artıq tərəflər münasibətləri düşmənçilik müstəvisinə daşımağa başladılar. Ermənistanda yaşayan azərbaycanlılar təzyiq və təhqirlərə məruz qalaraq öz evlərindən köç etməyə başladılar. Bunun əvəzində Sumqayıtda 26 erməninin ölümü ilə sonuclanan erməni-azərbaycanlı qarşıdurması oldu. Təşkilatçı təbii ki, uzun illər yanaşı yaşamış insanlar deyil, xüsusi xidmət orqanlarının kütlə içərisinə yeritdiyi vətəndaş liderləri idi. Sumqayıtda bu missiyanı Qriqoryan soyadlı erməni həyata keçirirdi. Artıq geriyə dönüşə inam yox idi. SSRİ rəhbərliyi vəziyyəti bir qədər də gərginləşdirmək üçün hər iki respublikada siyasi rəhbərliyi dəyişdirdi. Niyə gərginləşdirmək üçün deyirəm – çünki politoloqlara, ekspertlərə bəllidir ki, istənilən münaqişənin həll edilməməsi və kataklizmin dərinləşməsi üçün vasitələrdən biri də problemin həll olunmasında rolu olmayan şəxsləri əvəzləməklə onların üzərinə xüsusi “məsuliyyət” qoyub, kütlənin ondan daha çox tələb etməsinə şərait yaratmaqdır. Nə Bağırov, nə də Dəmirçyan bu problemin o dövr üçün həllində əsas fiqur deyildilər. Onlar kütlə üçün hədəf fiqurları idi. Hədəf fiqurlarını əvəzləyən Mərkəz yeni təyinat almışları kütləyə nişangah edirdilər, əslində problemin konservləşdirməsi və ya həll edilməsi məhz Mərkəzdən asılı idi. Bu isə onların planlarına daxil deyildi. Əksinə qarşıdurma şiddət tapmalı idi, belə də oldu!
Hakimiyyət dəyişiklikləri heç nəyə təsir etmədi və proses daha aktiv mərhələyə qədəm qoydu. Noyabr ayına qədər müxtəlif iclas salonlarında, efirlərdə ara-sıra təmas nöqtələrində, azərbaycanlılar və ermənilər yaşayan ərazilərdə qarşıdurmalar birdən birə yeni fazaya keçdi.
Müharibənin birinci mərhələsi…
Noyabr ayının 17-də Azərbaycan ictimaiyyəti o dövr üçün çox həyəcanlı olan bir xəbər aldı – Şuşa ətrafındakı Topxana meşəsinin bir tərəfindəki ağaclar kəsilərək Alüminium zavodunun işçiləri üçün Pansionat tikilir. Bu məlumat ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Artıq insanlar qruplar halında birləşərək Lenin meydanına gəlməyə başladı.
Bu hansı qruplar idi və nə zaman yaranmışdı?
Bu məhz yuxarıda qeyd etdiyim yeni sosial qrupların yaradılma planından çıxan xüsusi birliklər idi. Heç də iddia etmirəm ki, bu qruplarda birləşənlər kimlər tərəfindənsə idarə olunurdu, əsla. Bu qruplar SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslərin SSRİ-ni dəyişdirmək niyyəti ilə cəmiyyətə verdikləri mesajların nəticəsi olaraq ortaya çıxmışdır (“Varlıq”, “Çənlibel” , “Yurd”, “Ana dili” və s. ). Yuxarıda qeyd etmişdim ki, yeni sosial qruplarla etnik-milli münaqişənin doğurduğu birliklərin birləşdiriləcəyi planı da var idi.
Bu plan da artıq işləməyə başladı. Hətta ali məktəb rektorları, SSRİ-nin məmur nomenklaturasında, xalq drujinalarında olanlar da prosesin sürətlənməsinə yardım edirdilər. Noyabrın 17-də Azərbaycanda siyasi mübarizənin, o cümlədən kütləviliyin əsası qoyuldu. Bu gün biz həmin tarixə Milli Dirçəliş günü deyirik. Bu gün hər kəs o tarixə tək bir prizmadan baxır – xalqın, millətin milli şüurunun oyanışı, haqları uğrunda mübarizəsi prizmasından. Əlbəttə, illər uzunu durğunluqda, ətalətdə yaşayan bir millət üçün birdən birə meydana çıxmaq, haqları uğrunda birlik nümayiş etdirmək, fərqli söz demək və eşitmək, doğrudan da alışmadığı, yaşamadığı hal idi. O vaxta qədər kimsə Azərbaycanda bu qədər insan birliyini nəinki görməmiş, heç tarix kitablarında da oxumamışdı. Uşaqdan böyüyə, ağsaqqaldan ağbirçəyə qədər, hər kəs meydanda idi. İnsanlar bir birinə olmadığı qədər doğma münasibət sərgiləyir, ümummilli dərdi birlikdə çəkir, haqlarını birgə istəyir, eyni şüar deyir, eyni hərəkətlər edirdilər. Bu bir millətin tarixində ilk dəfə baş verən nadir hadisələrdən birincisi idi. Bəlkə ona görə də bu gündən baxanda həmin günü milli dirçəlişin, istiqlalın, müstəqilliyin bərpa edilməsinin, milli birliyin başlanğıcı hesab edirik. Haqlıyıqmı? Bəlkə də haqlıyıq. Amma…
Bizi meydana toplayan nə idi?
Biz niyə gecə-gündüz meydanda yatdıq? Yuxarıda səbəbini qeyd etdim. Topxana meşəsi qırılır, ermənilər tarixi Azərbaycan torpağında Ermənistan Alüminium zavodunun işçiləri üçün Pansionat tikmək istəyirdilər. Bu yerdə bu sualı verməsəm heç yerinə düşməz – görəsən həmin ərazidə və ya o tipli dilbər güşələrimizin birində, lap Şuşanın özündə Ermənistan, ya da müstəqilliyini elan etmiş qondarma Dağlıq Qarabağ Respublikası bircə dənə istirahət mərkəzi tikibmi? Sualıma özüm də cavab vermək istəyirəm – yox. Ağdərə (Mardakert) rayonu ərazisində Sloveniya ermənilərindən birinin tikdiyi istirahət mərkəzindən başqa heç nə. Nədən????
Doğrudanmı o dövrdə Ermənistanın əsas məqsədi Topxanada nə isə tikmək idi?! Məncə, yox. Sadəcə, Topxanada baş verən hadisələr Azərbaycan ictimaiyyətinin nəzər-diqqətini fərqli istiqamətə yönəltmək cəhdindən başqa bir şey deyildi. Hər şey tamam başqa istiqamətdə planlaşdırılmışdı. Əgər Topxana ətrafındakı olaylar olmasaydı, həm ölkə rəhbərliyi, həm xalq nəzər diqqətini hadisələrin əsl mahiyyətinə yönəltməli olacaqdı. Onda SSRİ rəhbərliyi israrla sükut edə bilməyəcəkdi, hadisələrin bir mərhələsində prosesə müdaxilə etməli olacaqdı. Bu da SSRİ-nin etnik-milli münaqişələr vasitəsilə dağılması planını ləngidə bilərdi. Buna görə də, başqatıcı manevrlərlə Azərbaycanın başı qarışdırıldı, əsl məqsəd isə bunun fonunda çox asanlıqla həyata keçirildi. Biz “Bez Karabax, bez Şuşi, Azərbaycan bez duşi”, “Bakı gözəl şəhərdir, ermənilər olmasa” şüarı ilə meydanlarda birlik nümayiş etdirərkən 200 minədək soydaşlarımız Ermənistandan birdəfəlik qovuldu. Düz 18 gün meydan qaynadı, dünya Azərbaycandakı bu insan selindən, birlikdən, mübarizədən danışdı, xalq axın-axın meydana gəldi, varını-yoxunu verməkdən belə çəkinmədi, tankların, silahlı əsgərlərin üzərinə yeridi, qorxmadı. Mitinqi idarə edənlərin hər sözünü yerinə yetirdi. SSRİ rəhbərliyi də bizim bu problemə “biganə” qalmadı. Dərhal toponim komissiyası yaratdı, araşdırmalara başlandı. Nəticə 3 dekabrda açıqlandı – bu ərazidə Azərbaycan dövlətinin icazəsi olmadan kimsə nəsə tikə bilməz. Məntiqə baxırsınızmı? Guya komissiya olmadan bunu demək üçün hüquqi əsas yox idi? Təbii ki, proses uzanmalı, Ermənistandan azərbaycanlıların qovulması prosesi başa çatmalı, bu Azərbaycanda heç bir reaksiya doğurmamalı idi. Hətta ilk qoşular və zirehli texnika 23 noyabr tarixindən meydana gələn yolları nəzarətdə saxlasa da, mitinqin gedişatına müdaxilə etmədi, ta Ermənistanda proses yekunlaşana qədər.
Biz, meydanda olan azərbaycanlılar Ermənistandan qovulan soydaşlarımız haqqında mütəmadi məlumat alır, hətta işgəncəyə, fiziki təzyiqlərə məruz qalanları öz aramızda da görürdük. Bu bizim mitinqin mahiyyətini, tələbələrimizin motivini dəyişdirmir, sadəcə daha gur səslə ermənilər əleyhinə şüarlar səsləndirməyimizə kömək edirdi.
Axı niyə?
Deyək ki, Azərbaycanın o dövrdəki rəhbərliyi Moskvadan asılı və milli mənafeləri düşünməyən birisi idi. Bəs mitinqi idarə edənlər necə?
Onlardamı məsələnin əsl mahiyyətini anlamır və Ermənistanın, SSRİ rəhbərliyinin siyasətinin nə olduğunu görmürdülər?
Görmürdülərsə, niyə xalqa – özü də milyonlara rəhbərlik iddiasından əl çəkmir, hər keçən gün daha fərqli liderlik ampluasında təqdim olunurdular?
Bu bilməməzlikmi, yoxsa yuxarıda qeyd etdiyim xüsusi mərkəzin yeni sosial qrupu etnik-milli konfliktlər vasitəsilə gerçəkləşdirmək planının içində yer almaqmı?
Bu barədə bugün mənim birmənalı fikir yürütməyim yersiz və əsassız olar. Kimin kim olduğunu açılmayan KQB arxivləri daha dəqiq deyə bilər. O zaman yəqin ki, kimin hansı adla çağırılacağı daha dəqiq bəlli olar.
Qayıdaq mahiyyətə…
Yeni sosial qrupların yaradılması prosesinin çətinliyini nəzərə alanlar yeni dünya düzəni qurmaq istiqamətində əsas maneə olan sosializm təfəkkürünün sıradan çıxarılması üçün etnik-milli münaqişələrin əlavə vasitə kimi istifadə etməyə start verərək xalqları üz-üzə qoydu. Hadisələrin mahiyyətini, gələcək inkişaf perspektivlərini daha aydın və sistemli dərk edən Ermənistan tərəfi bu hadisələrdə öz üzərinə düşən, daha dəqiq ifadə etsəm, ondan asılı olan məsələləri düşünülmüş ardıcıl və sistemli həyata keçirməyə başladı. Ermənistan tərəfi gözəl anlayırdı ki, bu etnik-milli münaqişələr elə şəkildə davam edir ki, onun fəsadları hələ uzun illər xalqları üz-üzə qoyacaq, qarşıdurmalar müharibə müstəvisinə keçəcək, dinc yanaşı yaşamanı bərpa etmək mümkün olmayacaq.
Bunun üçün də gələcək mərhələlərdə müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısı alınmalı, Azərbaycanın adekvat tələblərlə çıxış etmək şansları tükədilməli, erməni xalqının böyük hissəsini müharibədən çıxartmalı, ondan sonra mümkün olarsa, Dağlıq Qarabağın və orda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməlidir. Bu istiqamətdə Ermənistana SSRİ rəhbərliyi, diaspora təşkilatları uzun illər formalaşdırılan ideolojilər və vəzifəli ermənilər yardım etdi. Bu isə plandan xəbərsiz kimi düz 18 gün meydanda Şuşa, Qarabağ, Topxana qışqıraraq 22–28 noyabr tarixi dönəmində 200 minə yaxın soydaşımızın Ermənistandan qovulmasına seyrici qaldıq, bizi bilərəkdən bu oyuna salanların hiyləsinə aldanaraq Ermənistan Azərbaycan konfliktinin birinci mərhələsini məğlubiyyətlə sona verdik. Bizim 18 gün meydanda olduğumuz dönəmdə Nüvədi istisna olmaqla, Ermənistandakı bütün Azərbaycan kəndləri boşaldıldı, ilk qaçqın ordusu Azərbaycana gəldi, xüsusi xidmət orqanları daxildə yerli-gəlmə kimi psixoloji gərginlik mənbəyi yaratdı. Ermənistan dövlət kimi təhlükəsizliyini təmin edərək 200 minə yaxın azərbaycanlının onun ərazisində Dağlıq Qarabağa bərabər tutulan status tələb etməsini əngəllədi. Aktiv müharibənin ərazisinə keçməsinin qarşısını aldı, bir sözlə, dövlətin milli təhlükəsizliyinin coğrafi və milli prinsiplərini qoruya bildi. 5 dekabra keçən gecə Bakıda meydan hərəkatı dağıdıldı, fövqəladə vəziyyət elan edildi, Ermənistanda isə azərbaycanlılar qalmadı…
Ermənistan-Azərbaycan münaqişəsinin birinci mərhələsi yekunlaşdı…
Biz bu mərhələni acı məğlubiyyətlə bitirdik.
SSRİ-nin dağılma prosesinin ssenari müəllifləri isə etnik-milli konfliktlərin doğurduğu narazılıqları yeni sosial qrupların yaradılması istiqamətində səfərbər edə bildi. Artıq etiraz edə bilən əhali kütləvi hərəkat nümunələri ortaya qoya bilmişdi. İndi həmin prosesi əsas hədəfindən yayındıraraq onları bütün SSRİ boyunca vahid cəbhədə birləşdirmək lazım idi. Məsələ artıq o qədər də çətin deyildi. Şərqi Avropa ölkələri-sosialist düşərgəsi də hərəkətə keçmişdi. Dünyanın hər guşəsində olan sosialist sistemləri təlatüm içində idi. Bu da sovetlər birliyindəki dinamikanı artırırdı. 1989-cu il yeni sosial qrupların ortaya çıxması və proseslərə nəzarət etməsi üçün ən həlledici il oldu. Artıq dağınıq, pərakəndə qruplar, hərəkat və ya birliklər formasında ortaya çıxmağa başladı. Vətəndaş liderlərini təşkilat, hərəkat liderləri əvəzləməyə başladı. Plan baş tutmuşdu. Etnik-milli konfliktlərin yaratdığı hərəkətlilik yeni müstəviyə daşınmağa başlayırdı. İlk proses Pribaltika Respublikalarında özünü daha təşkil olunmuş şəkildə biruzə verdi. Ardınca Ukrayna, Gürcüstan, Belarusiya (Belorus), Ermənistan, Moldova, Azərbaycan da təşkilat modelinə keçidi reallaşdırdı. Artıq proseslər vahid mərkəzdən- təşkilatlardan idarə olunurdu. Demokratiya, aşkarlıq, yenidənqurma kimi terminlərin doğurduğu sosial qruplar etnik-milli münaqişələrin kütləviliyi təmin etməsi hesabına təşkilatlanma mərhələsinə qədəm qoydu.
Elə bu mərhələdə etnik-milli münaqişələrdən imtina edərək formalaşmış sosial qrupları yeni münasibətlər sisteminə daşımaq olmazdımı?
Bir neçə səbəbdən bu mümkünsüz görünürdü. Əvvəldə qeyd etdim ki, etnik-milli münaqişələrin kütləviliyə gətirib çıxarması üçün xalqlararası düşmənçilik qanlı müstəviyə keçirilmişdi. Onminlərlə insan yurd-yuvasından qovulmuş, yüzlərlə ölən və yaralananlar olmuş, bir sözlə, geriyə bütün yollar bağlanmışdı. Həmçinin, kütləviliyin təmin edilməsi üçün də məhz bu təbəqənin insanlardan daha çox istifadə olunmuşdu. Bu mərhələdə etnik-milli münaqişələrdən imtina, formalaşan təşkilatlara inamsızlıq yaradır, insanlar o təşkilatların arxasınca getməz, çağırışlarına cavab verməzdi.
O cümlədən, ortada Rusiya kimi nəhəng bir imperiyanın da maraqları var idi. Etnik-milli münaqişələrdən əl çəkilməsi yaranacaq respublikaların daha düzənli və cəlbedici dünyaya– Qərbə üz tutmasını əngəlləyə bilməyəcək. Rusiya isə tezliklə bu ölkələrə təsir imkanlarını tamamilə itirəcəkdi. Ona görə də etnik-milli münaqişələr davam etməli idi ki, SSRİ-nin çöküşü sürətli və planlı, geriyədönməz xarakter alsın.
Formalaşan təşkilatlar isə həm milli problemlərin köməyi ilə kütləviliyi təmin etməli, kütləvilik təmin olunduqdan sonra isə SSRİ tərkibindən ayrılma, yerli hakimiyyətlərin istefası, müstəqillik kimi məsələlər də səslənməli idi. Belə də oldu. Lakin fərqlər də müxtəlif ölkələrdə özünü göstərdi.
Ermənistan proseslərdə milli çıxarlarını çox düzgün hesablaya bildi. Həm SSRİ rəhbərliyi ilə münasibətlərdə, həm də daxildəki vəziyyətdə hər addımda Ermənistanı düşündü. Gərəkən an hakimiyyətlə müxalifət birgə addım atdı, siyasi oyun qurdu, amma heç zaman milli maraqların tapdanmasına yol vermədi.
Azərbaycanda formalaşan AXC və hakimiyyətdə olan Vəzirov isə bircə dəfə də olsun milli maraqlar naminə fəaliyyətlərini uzlaşdırmaq barədə düşünmədilər. Hər keçən gün Azərbaycan itirdi…
İqbal Ağazadə, Ümid Partiyasının sədri
(“Qarabağdan gedən yol” kitabından
17 Noyabr haqqında” bölməsindən)
Yazı musavat qəzetindən götürülüb