Ermənistanın Cənubi Qafqazda təhlükəli söz sahibi olan Rusiya kimi bir dövlətlə hərbi ittifaqda olması o qədərdə uğurlu hal deyil. Dünyanın, Şimali Koreya, İran kimi təcrid edilən bir dövlət olan Rusiyaya sığınan Ermənistan unutmamalıdır ki, zaman bu dəhşət dolu bir dövrün amansız qiymətini mütləq verəcəkdir.
Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ilə bağlı xəbər ölkəmizdə narahatlıqla müzakirə edilməkdədir. Xüsusilə də Qarabağın gələcək taleyi ilə bağlı daha da pessimist fikirlər dolaşmaqdadır. Bu qərarın ölkəmizə hərbi-siyasi təsirləri nə ola bilər? Mütəmadi olaraq Rusiya-Azərbaycan dostluğundan məqsədyönlü şəkildə pafosla dəm vuran, strateji müttəfiqlikdən ağız dolusu danışan, habelə bu dostluğun perspektivinə inananlar üçün bəlkə də hansısa gözlənilməzlik baş verib. Ancaq Rusiyanın dövlət siyasətinin mahiyyətini bilənlər üçün heç bir gözlənilməzlik və təşviş doğuracaq hal yoxdur. İndiyədək qeyri-rəsmi mövcud olan bu ittifaqın indi açıq şəkildə ortaya çıxması əslində xeyli müsbət haldır. Rusiya regionda yerləşən və maraqları olan hər bir dövlətə bu addımı ilə açıq mesajını verib. Faktiki olaraq Azərbaycan ərazilərində erməniləri məskunlaşdıran, Ermənistan dövlətinin yaranmasına dəstək verən və onun mövcudluğuna qarantiya olan dövlət Rusiyadır. Hazırda işğal altında olan Azərbaycan ərazilərini də erməni-rus hərbi birləşmələri birgə işğal edib. Xocalıda minlərlə dinc insana qarşı əsrin ən dəhşətli soyqırım cinayətini törədən də bu ittifaq olub. Putin administrasiyasının Orta Şərq siyasəti getdikcə iflasa uğrayır. Nizamlama prosesində qlobal güc kimi onunla masa arxasına əyləşib bazarlıq etmək istəyən yoxdur. Rusiyanın iqtisadi resursları Orta Şərq siyasətini uzun müddət bu şəkildə sürdürməyə imkan vermir. Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə zəiflədir və daxili sosial-siyasi tarazlığı tədricən pozur.
Rusiya MDB üzvü olan keçmiş sovet respublikalarını yeni birlik formatında öz nəzarəti altına almaqla daxili və xarici siyasətinə yeni nəfəs vermək ümidindədir. Putin iqtidarı bu ölkələrə son siyasi həmləsini etməyə hazırlaşır. Bir tərəfdən qərbində və cənubunda mövcud olan dövlətlərin müstəqil xarici siyasətini özünə təhlükə hesab edir, digər tərəfdən də sadə rus xalqının diqqətini daxili sosial problemlərdən yayındırmaq üçün yeni geosiyasi ideyaların arxasına sığınmaq istəyir. Beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq qonşularının daxili işinə bütün vasitələrlə müdaxilə etmək niyyətini göstərir. Azərbaycan hökumətinin demokratik islahatlardan yayınmaq üçün daim sığındığı “etibarlı dost” artıq Ermənistanla açıq hərbi ittifaqını təsdiq etdi. Azərbaycan hökuməti fakt qarşısında qalıb və çətin seçim etməli olacaq. Hakimiyyət marağının təminatı dövləti təhlükəyə sürüklədiyi kimi, dövlət marağının qorunması da hakimiyyət üçün arzuolunmaz proseslərə təkan verəcək. İndi hakimiyyətin əsas iki yolu var. Ya üzünü aydın şəkildə Qərbə tutub onun siyasi dəyərlərini qəbul edərək ölkənin təhlükəsizliyinə qlobal qarantiyanı təmin etməli, ya da Rusiyanın şərtlərinə razılaşaraq onun istəklərinə boyun əyməlidir. Görünən budur ki, hakimiyyət komandası son anadək Rusiyaya müəmmalı bağlılığına sadiq qalacaq. Bu yanaşma ilə Rusiyanı neytrallaşdırmağa çalışacaq. Rusiyanın şərtləri qəbul edilərsə, yaxın perspektivdə öncə suverenliyimiz, sonra isə Qarabağ itiriləcək. Nisbi müstəqilliyimiz qalsa da, burada bütün siyasi dəyişikliklərin təşəbbüsü daha açıq şəkildə Rusiyanın əlinə keçəcək. Hətta bir müddət sonra özünə daha yaxın olan hakimiyyət də formalaşdırmağa cəhd edilə bilər.