Beynəlxalq Bank ikinci defolta hazırlaşır?

10/08/17 10:37

“Bank öz mövcudluğunu böyük çətinliklə qoruyub saxlayır. İxtisaslı mütəxəssislərin kütləvi surətdə bankdan getməsi müşahidə olunur, onların yerinə isə az maaşa razı olan təcrübəsiz kadrlar gəlir. Ən acınacaqlısı isə odur ki, əmanətçilər depozit hesablarının müddətini uzatmır, amma onları bağlayaraq əmanətlərini digər banklara köçürürlər. Bir sözlə, vəziyyət çox pisdir”, – deyə Azərbaycan Beynəlxalq Bankının (ABB) əməkdaşlarından biri anonimlik şərti ilə nüfuzlu Fitch Ratings reytinq agentliyinin bu kredit təşkilatı barədə növbəti hesabatını “Turan” üçün şərh etmək xahişinə cavabında bildirib.

Fitch ABB-nin optimallaşdırılması perspektivləri ilə bağlı yeni təhlilini bəyan edib. Sənəddə qeyd olunur ki, xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bankın sağlamlaşdırılması üçün kifayət etməyə bilər.

“Devalvasiyanın təsiri, əvvəlki kimi, iqtisadiyyata öz təsirini göstərir. Azərbaycanda pul-kredit siyasəti strukturunun təkamülü MDB-nin digər neft istehsalçılarında olduğundan geri qalır. ABB-nin adına potensial xələl bahasına onun borc öhdəliyinin restrukturizasiyası bankın maliyyə vəziyyətinin bərpası üçün kifayət etməyə bilər”, – deyə məlumatda qeyd edilir.

Azərbaycan Beynəlxalq Bankına 2013-cü ildən göstərilən dövlət dəstəyi 2016-cı ilin ÜDM-nin 27%-ni təşkil edib. Nəticə etibarilə, maliyyə vasitəçiliyində səmərəli rol oynaya biləcək daha güclü ABB iqtisadiyyatı dəstəkləyə bilər. Lakin Fitch təhlilçiləri xarici borcların yenidən strukturlaşdırılmasının öz məqsədinə çatacağına əmin deyillər. Bu addım ölkənin əsas bankının sağlamlaşdırılması istiqamətində hökumətin son səyidir. Məlumdur ki, keçən ilin mayında bank xarici borc üzrə ödənişləri dayandırıb, sonra isə pressinq yolu ilə ümumi həcmi $3,34 mlrd. olan öhdəliklərin ən azı üçdə ikisinə malik kreditorların razılığını alıb.

Yazıda qeyd edilir ki, ölkənin bank sektorunun böyük bir hissəsi, əvvəlki kimi, hələ də ciddi problemlərə məruz qalır. 2017-ci il iyunun sonuna vaxtı ötmüş kreditlərin payı ümumi kredit portfelinin 24%-ni təşkil edib, kapitalın kafiliyi 11,8% səviyyəsindədir. Bununla yanaşı, hökumətin bu sektorun digər oyunçularına dəstək göstərməyə qadir olduğu şübhəlildir.

Beləliklə, xarici öhdəliklər üzrə defoltdan sonra ABB-nin sağlamlaşması əlamətləri hələlik müşahidə olunmur və bu barədə proqnozlar az sevindiricidir.

Fitch-in rəyləri ilə bank eksperti Əkrəm Həsənov da razıdır. “Turan”a müsahibəsində ekspert bildirib ki, təcili olaraq ABB-nin özəlləşdirilməsi prosesinə başlamaq lazımdır, xüsusən ona görə ki, söhbət ölkənin adı ləkələnmiş aparıcı bankının xilas edilməsindən gedir. Pis menecment, təminatsız çoxmilyardlıq kreditlərlər onu təhlükəli həddə çatdırıb. Təcili tədbirlər sırasına bankın idarə heyətinin tam dəyişdirilməsi, onun yeni səhmdarlara verilməsi, şəffaf biznesin aparılması, onun infrastrukturunun optimallaşdırılması daxil edilməlidir.

“Əks təqdirdə ABB-nin dövlət tərəfindən xilas edilməsi planı müvəffəqiyyətsizliyə uğraya bilər. Fəqət yaranmış şəraitdə Nazirlər Kabineti təhlükəli laqeydlik və lənglik göstərir. Məlumata görə, özəlləşdirmə prosesinə gələn il başlanacaq. Nə üçün? Hansı səbəblərdən? Problemin həllinin təxirə salınması bank iflasını yaxınlaşdırır. Üstəlik, keçən ili Beynəlxalq Bank böyük zərərlə başa vurub, bu il isə onun vəziyyəti əsla yaxşılaşmayıb. Gələcəkdə daha bir, bu dəfə daxili kreditlər üzrə, defolt da ola bilər”, – deyə Həsənov vurğulayıb.

ABB-ilə bağlı hadisələrin gedişini Moody’s və Standard & Poor’s reytinq agentliklərinin ekspertləri də diqqətlə izləyirlər. Standard & Poor’s kecən həftə Azərbaycanın suveren kredit reytinqlərini “zibil” səviyyəsini bildirən “BB+/B” səviyyəsində saxlayıb.

“Mən daha Azərbaycanın Maliyyə Nazirliyi və Beynəlxalq Bankına etibar etmirəm. Problemlər biz düşündüyümüzdən daha geniş və dərin ola bilər”, – deyə Moodys-in vitse-prezidenti Pyotr Paklin bu bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının məqsədəuyğunluğunu şərh edərkən vurğulayıb (bbc.com).

ABB-nin bondlarını da idarə edən Allianz Global İnvestors firmasında çalışan Qreq Sayçinin fikrincə, nüfuz mülahizələri baxımından, Azərbaycan borc sahiblərini ziyan çəkməyə məcbur etməməli idi. Xüsusən ona görə ki, bank və hökumətin bundan əldə etdiyi maliyyə qazancı minimaldır – bəzi hesablamalara görə, $ 350 mln-dan çox deyil.

Azərbaycan hakimiyyətinin hərəkətləri, ilk növbədə, ölkə üçün kreditlərin xeyli bahalaşacağına və öz irimiqyaslı layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb olunmasında çətinliklərlə üzləşəcəyinə səbəb olacaq.

Transqafqaz.com