Gəncə Şəhər İcra Hakimiyyəti başçısının güllələnməsi barədə rəsmi açıqlama…

04/07/18 6:31

Dünən iyulun 3-ü saat 21 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında silahlı hücuma məruz qalıblar. Bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirlyinin və Dövlət Təhlküəsilziyi Xidmətinin birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığı bildirilir.

Hər üç qurumun birgə yaydığı sənəddə cinayətdən zərər çəkmiş E.Vəliyevin və Q.Aşbazovun səhhəti nin qənaətbəxş olduğu və hər ikisinin ixtisaslı tibbi yardımla əhatə olunduqları deyilir.

Məlumatda bildirlir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir, nəticələri barədə əlavə məlumat veriləcək.

Məlumatda həyata keçirilən tədbirlərin ölkə Prezidentinin şəxsi nəzarətində olduğu vurğulanır.

Transqafqaz.com