Ermənistan Rusiyanın maraqlarını nəzərə almalıdır…

02/08/18 4:18

 Ermənistanın böyük dostu, Dövlət Dumasının MDB işləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hesab edir ki, Ermənistan Rusiyanın maraqları xeyrinə seçim etməsə, bu, daxili və xarici problemlərə gətirib çıxara bilər. Bu fikri o, “Exo Moskvı” radiosunun efirində bildirib.

“Ermənistanda baş nazir N.Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər, belə ki, bu seçim Rusiyanın hansısa narahatlıqlarının təmin edilməsinin xeyrinə olmasa, Rusiya tərəfindən baş nazirin addımlarının tənqidi həm daxili, həm də xarici siyasi cəhətdən ən müxtəlif nəticələrə gətirib çıxara bilər”, deyə o bildirib.

Zatulin həmçinin əlavə edib ki, Ermənistan bu gün onun təhlükəsizliyinə əsasən KTMT üzvlüyünün, Rusiya hərbi bazasının mövcudluğunun və Rusiyadan silah idxalının zəmanət verdiyini nəzərə almaya bilməz.

“Bu halda Rusiya ilə münasibətlərdə bu, yüksək səviyyədə etimadın itirilməsi ilə nəticələnəcək, çünki söz sözdür, əməl isə əməl. KTMT baş katibinin (Y.Xaçaturov) bu həbsi təşkilatın özünün imicinə ziyan vurmaya bilməz”, deyə K.Zatulin qeyd edib.

Bir müddət əvvəl XİN başçısı Sergey Lavrov Yerevanın addımlarını, xüsusən keçmiş prezident Robert Koçaryanın həbsini və KTMT baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsini tənqidə məruz qoyub. S.Lavrov deyib ki, Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərlə təqib etməsi Moskvanı narahat etməyə bilməz.

(Turan)

Günel Bağırova