Almaniya kansleri Angella Merkelin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələrini necə qiymətləndirmək olar?
Angella Merkelin bölgəyə səfəri Gürcüstandan başladı. Bu təbiidir. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə tarixən Gürcüstanla sıx əlaqələri olub. Təsadüfi deyil ki, Merkel Tbilisidəki çıxışında “Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir” ifadəsini işlətdi, o Bakıda oxşar ifadəni Dağlıq Qarabağ və Azərbaycan üçün istifadə etmədi. Və ya Merkel Tbilisidə belə bir ifadə də işlətdi: “Rusiya öz ordusunu Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmalı və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır”. Yenə oxşar ifadə Bakıda səslənmədi. Bütün bunlar ondan xəbər verir ki, Gürcüstanın Almaniya siyasətində özəl yeri var. Digər tərəfdən Gürcüstanın NATO və Avropa Birliyinə daha sıx inteqrasiya olunmaq istəyi də Almaniyanın Gürcüstana dəstəyini artırır.
Ancaq Gürcüstanın ünvanına deyilən xoş sözlərə baxmayaraq, Almaniyanın və digər Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı deyil. Bu sanksiyalar Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qəsdlə bağlıdır. Yəni Berlin sözdə Gürcüstanın müstəqilliyini dəstəkləyir, əməldə isə həmin Angella Merkel Avropa liderləri arasında Rusiya prezidenti Vladimir Putinlə ən sıx əməkdaşlıq edənlərdəndir. Və ya digər misal. Gürcüstanın 2008-ci ildə NATO Buxarest zirvə toplantısında təşkilata üzvlüyünün qarşısını alan iki dövlətdən biri məhz Almaniya oldu. Halbuki, Vaşinqton elə həmin sammitdəcə Gürcüstanın NATO üzvlüyünə qəbulla bağlı konkret sazişin imzalanmasını dəstəkləyirdi və belə bir sənəd imzalansaydı, elə həmin il Rusiya bəlkə də Gürcüstana hərbi müdaxiləyə risq etməzdi. Angella Merkel indinin özündə də Gürcüstanın NATO üzvlüyünü dəstəkləmir, yalnız sıx inteqrasiyadan danışır.
Buna baxmayaraq, Almaniya kansleri Azərbaycan və Ermənistandan fərqli olaraq Gürcüstanda iki gün qaldı. O Gürcüstanda rəsmilərlə yanaşı müxalifət liderləri, o cümlədən prezidentliyə namizədlər Vaşadze və Bakradze ilə də görüşdü. Halbuki, Merkel Ermənistanda və Azərbaycanda yalnız bir qrup vətəndaş cəmiyyəti fəalı ilə görüşdü.
Almaniya kanslerinin Gürcüstana səfəri Cənubi Qafqazın digər iki dövlətinə səfərindən bir amilə görə də fərqləndi. Merkel Tbilisidə dəyəri 193 milyon avro olan iki müqavilə imzaladı. Birinci müqavilə Gürcüstanın bəzi bölgələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulmasıyla bağlı idi. İkinci sazişə görə isə Almaniya bankları Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 150 milyon avro kredit ayıracaqlar.
Angella Merkelin Ermənistana səfəri simvolik xarakter daşıyırdı. Almaniya Rusiyanın bölgədəki kasıb müttəfiqi Ermənistana kredit ayırmaq istəmir. Merkelin Ermənistana səfəri daha çox bu ölkənin baş naziri Nikol Paşinyana lazım idi ki, Avropanın onunla hesablaşdığını daxili auditoriyaya göstərə bilsin. Merkel İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət etdi, ancaq “erməni soyqırımı” ifadəsi işlətmədi. Bu da müşahidəçilərin diqqətindən yayınmadı.
Beynəlxalq aləm və müxtəlif siyasi ekspertlər Merkelin Azərbaycana səfərini səbirsizliklə gözləyirdilər.
Birincisi, Merkelin bölgəyə səfərindən öncə əsas proqnozlar bu şəkildə idi: “Angella Merkel alternativ qaz resurslarının Avropaya çatdırılmasını müzakirə etmək üçün Cənubi Qafqaza gedir”. Bölgədə yalnız Azərbaycanın qazı var. Demək əsas danışıqlar Bakıda aparılmalı idi.
İkincisi, Merkelin Bakıya səfərini daha bir hadisə aktuallaşdırmışdı. Merkelin nümayəndə heyətinin tərkibində Albert Vayler adlı deputat var idi. Həmin deputat hakim partiyanın üzvü olmaqla yanaşı Cənubi Qafqaz ölkələri ilə parlamentlərarası əməkdaşlıq qrupunun üzvüdür. Rəsmi Bakı onun Azərbaycana girişinə qadağa qoyub. Çünki bu almaniyalı deputat qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı bölgəsində olub və buna görə ismi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınıb. Həmin deputatın Azərbaycana girişinə qadağa qoyulduğunu Merkel bilməmiş deyildi. Bəs onda nəyə görə həmin deputat nümayəndə heyətinin tərkibinə salınmışdı? Görünür, kansler düşünürmüş ki, Bakı geri addım atacaq. Ancaq rəsmi Bakı haqlı olaraq güzəştə getmədi, almaniyalı deputat üçün istisna hal kimi yanaşmadı. Belə olan halda Merkelin deputatını səfərini yarımçıq tərk etməyə razı salmaqdan başqa çarəsi qalmadı.
Merkelin Bakıda alternativ qaz resurslarının Avropa bazarına çatdırılması mövzusunun geniş müzakirə olunacağı ehtimalı özünü doğrultmadı. Çünki, Merkellə birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev almaniyalı jurnalistin sualına cavab verərkən ona işarə etdi ki, əgər Avropa başqa ölkələrin, o cümlədən Türkmənistanın qazını da TANAP və TAP boru xətləri ilə Avropaya daşımaq istəyirsə, onda birbaşa qazı tədarük edən ölkə ilə yəni Türkmənistanla danışmalıdır. Bu sözlərdən nə anlaşılır? Azərbaycan qazın tranzitində maraqlıdır, ancaq bu Azərbaycanın problemi deyil, Avropa Türkmənistanla razılıq əldə etməli, Transxəzər boru xəttinin tikintisini maliyyələşdirməlidir. Merkelin cavabından isə Avropanın məhz bu cür həkərət edəcəyi aydınlaşmadı. Əslində Almaniyanı və Merkeli Azərbaycan qazı o qədər də maraqlandırmır.
Azərbaycan və Türkmənistan qazının köhnə qitəyə çatdırılması Avropaya qaz nəqlinin diversifikasiyası baxımından vacibdir. Ancaq Almaniya üçün daha vacibi Rusiyadan “Şimal dənizinin” dibi ilə aldığı və alacağı qazın miqdarını artırmaqdır. ABŞ və bəzi Avropa dövlətləri, o cümlədən Rusiyanın işğal siyasətindən əziyyət çəkən Ukrayna Almaniyanı buna görə tənqid edir. Elə ABŞ prezidenti də anlamamışdı ki, Almaniya Rusiyaya qarşı sanksiyalarda yer almasıyla bərabər necə olur ki, bu ölkədən daha çox qaz almağa və yeni boru xəttinin çəkilişinə razılaşır. Almaniya kansleri üçün Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlini dəstəkləmək ona görə vacibdir ki, Amerika və digər dövlətlər ondan əl çəksinlər, Rusiya ilə yaxınlıqda ittiham etməsinlər. Azərbaycan qazının Avropada əsas alıcıları başqa dövlətlərdir. Merkelin Azərbaycan qazına maraq göstərmədiyi onun Tbilisidəki açıqlaması da göstərir: “Biz Rusiya qazını daha sərfəli qiymətə alırıq”. Buna baxmayaraq, Merkel ölkəsinin Azərbaycana verdiyi dəyəri bu ifadə ilə tərənnüm etdirdi: “Azərbaycan Cənubi Qafqazda Almiyanın əsas ticarət tərəfdaşıdır”. Başqa cür ola da bilməz. Gürcüstan Berlin üçün nə qədər əziz olsa da, Almaniya bölgənin əhalisinə və resurslarına görə əsas ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan daha çox faydalana bilər.
Angella Merkel İrəvanda və Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə bir-iki cümlə dedi. Onun əsas cümləsi bu idi: “Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istərdi”. 2 il əvvəl bu dəstək üçün gözəl fürsət yaranmışdı, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edirdi. Ancaq Berlindən bir fəaliyyət görmədik, 2016-cı ilin aprelində 4 günlük savaşdan qorxuya düşən Almaniyanın o zamankı xarici işlər naziri, indiki prezidenti Frank-Valter Ştaynmayer bölgəyə səfəri zamanı dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 7 maddəlik təkliflər paketi hazırlayıblar. Ancaq bir az keçdikdən sonra həmin o müəammalı təkliflərdən xəbər çıxmadı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer sonrakı müddətdə isə bu məsələyə aydınlıq gətirmədi, prezident seçildi və iqamətgahına çəkildi. Ona görə Angella Merkelin Qarabağla bağlı indiki açıqlamasının xüsusi çəkisi yoxdur.
Beləliklə, Merkelin Cənubi Qafqaza səfəri başa çatdı. Merkel bu səfərlə demək istədi ki, bölgədə Almaniya da var. Bu yalnız Moskvaya deyil, Almaniyanın yaxın tərəfdaşı və Avropa Birliyinin iki aparıcı dövlətindən biri Fransaya da yumşaq mesaj idi. Çünki bugünə qədər Cənubi Qafqaz ölkələrinə daha çox Fransa prezidentləri səfərlər edir və bununla bölgədə varlıqlarını gücləndirməyə çalışırlar.
“Atlas” Araşdırmalar Mərkəzi