Azərbaycanda yeni siyasi təşkilat, DEMOKRATİK DƏYİŞİM PLATFORMASI bəyannaməsini elan etdi…

22/04/19 12:31

DEMOKRATİK DƏYİŞİM PLATFORMASININ BƏYANNAMƏSİ

DDP-nin Təşəbbüs qrupu bildirir ki, bu günlərdə təşkilatın qurucularlı barədə təqdimat keçirəcəklər.

Bir əsr öncə qurucu babalarımızın yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin varlığına sovet əsarəti son qoysa da, azadlıqsevər xalqımız ötən əsrin sonlarında əzm və iradə nümayiş etdirərək öz müstəqilliyini yenidən bərpa etməyə müvəffəq ola bildi.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq və azad xalqların təcrübəsinə əsaslanmaqla demokratik prinsiplərə söykənən cəmiyyətin formalaşdırılması yeni müstəqil dövlətimizin əsas məqsədi kimi bəyan edilmişdir.

Müstəqilliyin ilk illərində çox çətinliklə olsa da demokratiyanın bərqərar olması istiqamətində əldə edilmiş nailiyyətlər sonradan bəlli səbəblərdən itirilmişdir.

Demokratiyadan əhəmiyyətli dərəcədə geriçəkilmələr dövlətimizi və onun dünyada nüfuzunu əsaslı formada zəiflətmiş, korrupsiyanın çiçəklənməsinə münbit şərait yaratmış və xalqımızı ümidsizlik sindiromuna gətirib çıxarmışdır.

Torpaqlarımızın 20%-dən çoxunun hələ də işğalda qalması, siyasi etimadsızlıq mühiti, seçki  institutunun imitasiyası, insan hüquqlarının və azadlıqlarının getdikcə deklorativ prinsiplərə, qanunun hüquq dəyənəyinə, idarəetmənin korrupsiya və özbaşınalığa çevirməsi müstəqil dövlətimiz və xalqımız üçün ciddi təhlükələr yaradır.

Biz  Azərbaycan xalqının miili maraqlarından və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən çıxış edərək aşağıdakı məqsədlərlə Demokratik Dəyişim Platformasını yaratdığımızı bəyan edirik:

  • Hakimiyyətin yalnız xalqın həqiqi iradəsinə uyğun azad və ədalətli seçkilər vasitəsi ilə formalaşdırılması;
  • Ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün bütün cəmiyyətin səfərbər olunması, ərazi itkisi ilə barışmamaq ruhunun gücləndirilməsi;
  • Daxili və xarici siyasətdə beynəlxalq hüququn prinsiplərinin əsas tutulması və beynəlxalq öhdəliklərin  icrasının təmin olunması;
  • İnsan hüquq və azadlıqlarının, xalqın rifah halının və təhlükəsiz həyatının təmin olunması, idarəetmənin əks mərkəzləşmə, qanunçuluq, hesabatlılıq və şəffaflıq prinsipləri əsasında qurulması;
  • Qanunun aliliyinin, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin, real müstəqilliyə əsaslanan həqiqi məhkəmə hakimyyətinin təmin olunması;
  • Xalqın milli sərvətlərinin və gəlirlərinin ədalətli bölüşdürülməsi, bütün müqavilələrdə və sazişlərdə xalıqn maraqlarının təmin olunması;
  • İqtisadiyyatda həqiqi bazar münasibətlərinin və azad sahibkarlığın, habelə ədalətli rəqabətin təmin olunması.

Biz, Demokratik Dəyişim Platformasının təşəbbüsçüləri bu məqsədlərdən çıxış edərək Azərbaycan xalqını ölkənin daxilində və xaricində gedən  proseslərə seyrçi münasibətdən imtina etməyə, bütün siyasi qüvvələri milli maraqlar naminə səmərəli əməkdaşlığa çağırırıq!

Biz tərəqqipərvər bəşəriyyəti, beynəlxalq gücləri ölkədə investisiyaların və beynəlxaq əməliyyatların dayanıqlı və başlıca təminatı olan demokratikləşmə proseslərinə və ali insani dəyərlərə daha çox və dərin dəstək verməyə çağırırıq!

Biz həqiqi siyasi, sosial, iqtisadı və hüquqi islahatlar yolu ilə Azərbaycanda demokratik dəyişimin mümkünlüyünə öz inamımızı ifadə edir və bu hədəfə çatmaq naminə əzm nümayiş etdirəcəyiimizi ifadə edirik!

Biz bəyan edirik ki, bu məqsədlər və çağırışlar üzrə qanuni və demokraik vasitələrlə mübarizə aparacaq vəbu yolda bizimlə həmrəy olan hər kəslə əməkdaşlıq edəcəyik!

 

Demoktratik Dəyişim Platformasının

Təşəbbüs Qrupu

 

Bakı Şəhəri                              22.04 2019-cu il.

DDP-nin Təşəbbüs qrupu bildirir ki, bu günlərdə təşkilatın qurucularlı barədə təqdimat keçirəcəklər.

Transqafqaz.com