Noyabrın 30-da Azərbaycan Xalq Hərəkatı Lökbatan qəsəbəsində yerləşən Neftçi bazasına məxsus olan stadionda mitinq keçirilib. Tədbir Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Mitinq “Qarabağa azadlıq” şüarı ilə keçirilib, eyni məzmunda plakatlar qaldırılıb.
Mitinqin təşkilatçıları tədbir üçün uzaü yerin verilməsi ilə bağlı narazılıq bildiriblər. “Lakin hakimiyyətə deyirik ki, ölkənin ən ucqar yerində mitinqə bizi gönrsəydiniz, biz Qarabağı tələb etmək üçün ora da gedəcəkdik”. Bildirilib ki, hakimiyyətin Qarabağa etinasız münasibəti xalqa təsir etmədi.
AXH-nın üzvü Mirmahmud Mirəlioğlu çıxış edərək mitinqə gələnlərə təşəkkürünü bildirib və Qarabağ uğrunda radikal addımları atmağa hazır olduğunu bildirib. “Biz Qarabağdan ötrü ölməyəcəyik, öldürəcəyik, qisas alacayıq. Biz qələbəni mütləq qazanacayıq. Qarşımızda kiçik düşmən onun arxasında isə böyük havadarlar dayanır”.
Mirəlioğlu təşkilatçılar mitinqin keçirilməsi ilə bağlı böyük maneçiliklərlə rastlaşdıqlarını dedi. “Burada gördüyünüz plakatları çap etmək üçün yüzlərlə sexlərə müraciət etdik. İmtina etdilər, dedilər dəli olmusuz, Qarabağı istəyirsiniz? Bakı Şəhər İcra Hakimiyyətində mənə “axı siz Qarabağlı deyilsiniz, niyə Qarabağı tələb edirsiniz” dedilər. Görün bizi kim idarə edir. Dövlət dilini bilməyən dövləti idarə edirlər. Biz hamımız qarabağlıyıq. Biz Azərbaycanda yarıtmaz siyasət yürüdən, Paşınyana cavab verməyə əziyyət çəkənlərə qarşıyıq”.
AXH üzvü ATƏT Minsk Qrupun fəaliyyəti kəskin tənqid etdi.
O, həmçinin bütün partiyalara, təşkilatlara Qarabağla bağlı mitinqi birgə keçirməyi təklif etdiklərini da bildirdi. “Sağ olsunlar gələnlər də, gəlməyənlər də. Qaradağ da Azərbaycanın torpağıdır. Biz Qaradağdan başlayıb Qarabağa qədər gedəcəyik. Bizi hakimiyyət bu siyasətdən saxlaya bilməz. Belə etməsinlər ki, biz “Ya Qarabağı azad et, ya da çıx get” deyək. Nə edəcəksiniz? İcazə verməyəcəksiniz? Ölməyə də, öldürməyə də hazırıq. Torpaqlarımızı azad edəcəyik. Necə ki, sinənizə orden sancan Rusiya İmperiyası qarşımızda dura bilmədi, siz də dura bilməyəcəksiniz. Qarabağı və dövləti azad edəcəyik.
Keçmiş müdafiə naziri Rəhim Qaziyev 1992-ci ildə Qarabağ müharibəsini xatırladaraq, Azərbaycan ordusunun qələbələrini vurğuladı. “Bizə ermənilər qalib gəlmədi, seçki xəyanət qalib gəldi. Laçın və Kəlbəcər istiqamətində ordumuz çoxlu yaşayış məntəqələri azad etdi. Amma bizə xəyanət etdilər. Azad, Konstitusiyaya uyğun dövlət qurulmayana qədər ölkədə seçkilər ədalətli olmayacaq”, – deyə o, bildirdi.
Mitinqdə iştirak edən digər çıxışçılar – şəhid valideynləri, Qarabağ müharibəsinin veteranları da hakimiyyətin Qarabağla bağlı atdığı addımları kəskin tənqid etdilər. “Bu rüşvətlə, bu korrupsiya ilə necə Qarabağı almaq olar? Qarabağı xalq tərəfindən seçilən prezident azad edə bilər. Ona görə xalq öz iradəsini ortaya qoymalıdır”.
Mitinqin iştirakçıları müxalifət partiyaları da mitinqə gəlmədiklərinə görə tənqid edərək “18 kilometrlik yolu gələ bilməyən 300 kilometri necə gedib Qarabağı azad edəcək?” bildirdilər.
Mitinqin sonunda mitinqin qətnaməsi oxundu. Qətnamədə sülh yolu ilə işğal olunmuş torpaqların azad edilməsi taktikası işləmədiyi vurğulandı və prezident İlham Əliyevdən ən qısa zamanda Qarabağı və onun ətrafında yerləşən rayonları azad etməsi üçün antiterror əməliyyətin başlamasını ilə bağlı proqram açıqlamasını tələb edildi. “Əks təqdirdə Azərbaycan Xalq Hərəkatı aksiyalara davam edəcək”.
Mitinq insidentsiz başa çatdı.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, mitinqdə 450 nəfər ştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.
Transqafqaz.com
Toğrul Lətifzadə