Rusiya tarixin bic övladıdır.(Karl Marks.) Ə.Mustafayev yazır…

18/01/20 6:06

Karl Marks yazırdı ki, Rusiya tarixin bic övladıdır. (Heç kimin gözləmədiyi halda 18-ci əsrdə meşənin içindən nəhəng bir dövlət çıxdı…) Təəssüf ki. bu bic uşaq normal adam ola bilmədi və ya dünyanı dizayn edən güclər onu normal olmağa qoymurlar. O, nə özü islah olub sivil dünyanın bir parçası ola bilir, nə də bizlərə-yaxın ətrafda yaşayan xalqlara imkan verir.
Təhkimçilik hüququ bu ölkədə tətbiq olundu, Avropanın jandarmı görəvi ona verildi, Kommunizm ideologiyası-Sovet üsuli-idarəsi adlı cəfəngiyyat da bu coğrafiyada sınaqdan çıxarıldı, milyonlarla insanın, xüsusilə də oxumuş adamların, ziyalıların müxtəlif bəhanələrlə məhvi də bu şər dövlətin əliylə həyata keçirildi və yenə də çirkli işlər ona etdirilir!!! Bir sözlə, hələ də eksperimentlər davam edir…
1993-cü ildə rus hərbi və mülki kəşfiyyatının təşkilatçılığı, İran molla rejimi təmsilçilərinin, erməni silahlı birləşmələrinin iştirakı və digər məkrli güclərin dəstəyi ilə yenicə müstəqillik qazanmış və hələ yetərincə bərkiməmiş, amma demokratik inkişaf yolu ilə getməyi qarşısına məqsəd qoymuş Azərbaycanda dövlət çevrilişi tərtib edildi və mütərəqqi inkişafın-doğru yolun qarşısı alındı.
Həm rus xalqının, həm də possovet məkanında yaşayan digər xalqların sivil dünya ilə paralel inkişafına mane olan, hətta bu inkişafı on illərlə yubadan Rusiya dövlətinin demokratikləşmə çabası başa düşüləndir və təqdirəlayiqdir. Amma Yeltsin dönəmində Rusiyada az-çox yaranmış demokratik ab-havanı basdıran, avtoritar bir rejimin yaranmasına müəlliflik edən Putinin demokratik islahatları həyata keçirməyə təşəbbüs etməsi və ya vadar edilməsi çox maraqlıdır və ciddi araşdırma tələb edir…
Anlaşılan odur ki, Azərbaycan dünyada baş verən ciddi siyasi hadisələrin, geopolitik dəyişimlərin mərkəzindədir və bir xalq olaraq bu proseslərdən uğurla çıxmağın resepti də xeyli dərəcədə öz əlimizdədir. Bəli, Demokratik İnkişaf yönümüzə 27 il bundan qabaq qoyulmuş maneəni aşmaq, müstəqil Azərbaycanı milli iradəyə tabe etmək imkanı yaranıb. Təşkilatlanaraq, birləşərək, ideoloji, siyasi mülahizələri saf-nəzər etməklə doğruları müəyyən edərək DEMOKRATİK AZƏRBAYCANI nəhayət inşa etməliyik! Ümidvaram ki, BİZ bu dəfə bacaracağıq!!!

Transqafqaz.com