Demokratik Dəyişim Platforması (DDP) 9 fevral 2020-ci il Parlament seçkilərinə dair Bəyanat verib…

18/02/20 8:48

Demokratik Dəyişim Platformasının (DDP)

9 fevral 2020-ci il Parlament seçkilərinə dair

 Bəyanatı

DDP ATƏT-in seçkiləri müşahidə missiyasının seçkilərin nəticələrinə dair ilkin rəyinə və özünün seçkiqabağı siyasi və hüquqi mühitin dəyərləndirmə sənədlərinə əsaslanaraq bildirir ki, Milli Məclisə seçkilər qeyri-demokratik hüquqi və siyasi mühitdə keçirilmişdir. Seçkilərin artıq ictimai etimadı çoxdan itirmiş və siyasi müxalifətin əsas tələbi olan seçki komissiyalarının tərkibinin  yenilənməməsi və demokratik azadlıqların təmin edilməməsi bu seçkilərində xalqın iradəsinə uygun keçirilməyəcəyi ilə bağlı gözləntiləri doğrultmuşdur.

Seçkilərdə iştirak edən mindən artıq namizədin, minlərlə müşahidəçinin, media nümayəndəsinin, ictimai fəalların sosial şəbəkələrdə paylaşdıqları saysız-hesabsız pozuntular – seçki qutularına topa bülletenlərin atılması, “karusel” əməliyyatları, barmaqların mürəkkəblənməsi prosedurlarının pozulması, protokolların öncədən doldurulması və ya məntəqədə doldurulmaması, protokolların surətinin müşahidəçilərə verilməməsi, seçki məntəqələrində namizədlərə və müstəqil müşhidəçilərə qarşı kobud davranışlar vəs. seçkilərin kütləvi saxtalaşdırılması ilə keçirilməsinə heç bir şübhə yeri qoymur.

DDP 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini qanuni, ədalətli və demokratik prinsiplərə cavab verməyən seçkilər kimi dəyərləndirir. DDP hesab edir ki, indiki seçkilərin keçirilməsi hüquqi əsaslara deyil, siyasi qərarlara söykəndiyi kimi onun nəticələri də seçicilərin həqiqi iradəsini deyil, siyasi hakimiyyətin iradəsini ifadə edir və total saxtakarlıq şəraitində keçirilən seçkilər heç bir halda  dövlət orqanlarının legitimliyini təmin edə bilməz

DDP demokratik standarlara cavab verməyən və kütləvi qanun pozuntuları ilə keçirilən bu seçkilərin bütün seçki dairələri üzrə etibarsız hesab edilməsini və ölkədə təkmil hüquqi bazaya, əlveişli siyasi mühitə və ədalətli rəqabətə əsaslanan yeni seçkilərin keçirilməsini zəruri hesab edir.

Transqafqaz.com

Toğrul Lətifoğlu