Dünya format olunur. Əli Mustafayev yazır…

06/04/20 9:05

Dostlar,
Dünya format olunur! Çirklənmiş hər şey- insanların vücudu- qəlbi, vicdanı, beyni, mədəsi təmizlənir, hava təmizlənir, su təmizlənir, bir sözlə dünya təmizlənir! Korlanmış cəmiyyət münasibətləri bərpa olunur, pozulmuş ekoloji tarazlıq bərpa olunur, YARADANLA yaradılanlar arasında unudulmuş dəyərlər bərpa olunur! Meşələr doğranmır, heyvanlar oldürülmür, balıqlar tutulmur. Dünyanın ən böyük zərərvericisi-insan dayanan kimi hər şey, hər kəs bir rahatlıq tapır, öz əzəli harmoniyasına qayıdır, tarazlığına qovuşur! Balaca bir virus insanları əsir alıb, alıb ki, dünya dincəlsin, dünya xilas olsun!

Hamı bildiyi, bilmədi hər şeydən danışır. Təbii, nizamı, istiqaməti olmayan toplumlar, haqqı, ədaləti nagıllarda, xəyallarda yaşadan cəmiyyətlər hər zaman belə olmuş və belə də olacaqlar. Hamımız filosofluq edib ətrafımızda baş verənləri izah etməyə, başqalarını öyrətməyə çalışırıq. Doğru olansa bu deyil, doğru olan yaşadıgımız dünyanı, VƏTƏNİ, cəmiyyət dəyişməkdir, düzəltməkdir! Bizim etməli olub da etmədiyimizi koronavirus edir…

Xaricə qaçanların işi bir az asandır, ürəklərində olanları deyə-danışa bilirlər. Cəmiyyəti qorxu və xofla idarə edən rejim əsarətində olanlar isə bu kamforta malik olmadıqları üçün çox şeyi müşayiət etməklə, içlərində danışmaqla keçinirlər. Çünki türməyə, dəlixanaya düşmək istəmirlər…

Hamının danışması və heç kəsin danışmaması sizi çaşdırmasın: Hamı mənasız, boş şeylərdən danışır, lazım olanlardan isə ya çox az adam, ya da heç kim qanışmır!!!

Koronavirus Azərbaycan xalqının yaddaşında karantin rejimi və SMS icazəsilə qalacaq! Bizə bunu da yaşatdılar deyəcəklər! Dünyanın mütərəqqi icadları bu ölkəyə axırıncı, mürtəce tapıntıları isə birinci gəlir! Evdə qalmağın infeksiyanın yayılmaması üçün bir yöntəm oldugunu başa düşdüm, amma insanların azadlığını belə aşağılayıcı bir formada məhdudlaşdırmağı-SMS-in quyruğuna bağlamağı heç başa düşmədim. Bəs SMS göndərməyə imkanı olmayanlar və ya bacarmayan qoca, qadın nə etsin? Dükanların arxasında gizlənən polislərdən onları kim qoruyacaq? Bir adama bir manat karantin yardımı verməyən hakimiyyət artıq beş min adamı karantin cəriməsilə “mükafatlandırıb”! Sizcə dövlətin məqsədi adamları, vətəndaşlarını qorumaqdır, yoxsa hər fürsətdən istifadə edib cəzalandırmaq və ya istismar etmək?! Dövlət-ictimai maraqlara xidmət edəndə olur, şəxsi maraqları güdəndə isə dövlət deyil, şirkət olur!!!