Qaynarinfo.Az xəbr verir ki, bu barədə məlumatı tanınmış vəkil Elçin Sadıqov verib.
Elçin Sadıqovun fikirlərini olduğu kimi təqdim edirik:
“Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru Rəhimov İkram Rafiq oğlu və vəzifəli şəxslərin qanunsuzluqlarından dövlət orqanlarına şikayət edən, şikayətləri düzgün araşdırılmadığından jurnalistə müraciət edib məsələni ictimailəşdirən Novruzov Rəhman Salman oğlu CM-nin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Yazının qısa mahiyyəti “Ən Ucuz” ticarət mərkəzlərinin vergidən yayınması (Vergilər Nazirliyinin müvafiq məktubları ilə vergidən yayınma öz təsdiqini tapıb) və “Ən Ucuz” ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlandıqdan sonra “Ən Ucuz” ticarət mərkəzlərinin rəhbərinin Zakir Fərəcova rüşvət verməsindən sonra fəaliyyətini bərpa etməsi ilə bağlıdır.
Xüsusi ittihamçı “Ən Ucuz” ticarət mərkəzlərinin rəhbəri Vüqar Qələndərovdur.
Bu gün jurnalist Rəhimov İkram Rafiq oğlu ilə 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan Təcridxanası) görüşdüm. 25 noyabr 2016-cı il tarixdə məhkəmə zalında həbs edilməsinə baxmayaraq onu təcridxanaya yox Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar.
Bildirdi ki, onu 3 gün qeyri-qanuni olaraq Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar. Ona əməliyyat işləri üzrə müavini Hikmət Qasımovun otağında işgəncə veriblər. Video kamera ilə canlı olaraq Zakir Fərəcovdan üzr istəməsini tələb ediblər. Bunu etmədikdə onun başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər tutublar. Sonra yenə üzr istəməyi tələb ediblər. Bildirir ki, bütün bu proseslər canlı videoçatla həyata keçirilib. Yəni Zakir Fərəcov kameranın o bir tərəfindən onu görürdü. Sonra üç nəfəri polis idarəsinə gətiriblər və onları məcbur ediblər ki, onun üzünə dursunlar. Dəfələrlə başına selloifan torba keçirdikdən sonra o bu işgəncələrə dözməyib və başını stulun başına vurmaqla sol gicgah nahiyyəsinə xəsarət yetirib. bundan sonra işgəncələr dayanıb. Kamera söndükdən sonra polislər deyib ki, o düz deyir, amma onların naziri Zakir Fərəcovdur, məcburdurlar Z.Fərəcovun dediklərini etməyə. Xəsarətinin tam sağalması üçün onu Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar və yarası tam sağalandan sonra təcridxanaya göndəriblər.
Bununla bağlı sabah Baş Prokurorluğa rəsmi müraciət edəcəm”.
Aydın Mirzə