(Siyamək haqqında 2 ci yazı).
XIX -XX əsrlərdən Batının və Rusiyanın kürəsəl ağlına qarşı türklər lokalizə edilmiş ağıl qoydular. Türk ağlı diferensasiyanın, Batı ağlı inteqrasiyanın tarixini yaşadı. Türk dünyası özünü müdafiə ideologiyaları, Batı egemenlik və super güc ideologiyaları yaratdı. 200 illik Tariximiz bu. Başqa heç nə yoxdur. Azərbaycan da lokalizə edilmiş bir tarix. Tarix fəlsəfəsi Yalnız yenilgilər və itirilmişlərə ağlaşma üzərində qurulub. Batıda modernizmin millət dövlət anlayışı dövlətə mütləq şəkildə tarixsəl məşruluq qazandırmaq zərurəti duymuşdur. Bu da dövlətlərə tarixsəl dərinlik qazandırmaqla mümkün idi ki, O zamandan başlayaraq tarix saxtalaştırlmışdır. Azərbaycanda da lokalizə edilmiş, Osmanlı, İran, İkiçayarası və Xorasan türklüyündən təcrid edilmiş bir tarix anlayışı gəliştirildi. Amma bu tarix bu coğrafiyalara e.ə. 7 ci əsrdə gəlmiş Pers tarix təməllərinə oturduldu. Azərbaycanın quzeyində yazılmış tarix cəfəngiyatdır. Azərbaycan tarixi coğrafiyanın tarixidir, Azərbaycan türk tarixi Türk millətinin tarixidir. Azərbaycanda coğrafiyanın tarixi yazılır, millətin tarixi yazılmır. Coğrafiyanın tarixi yazılarkən də saxtakarlıq edilir, Azərbaycan kültür tarixinə ciddi etki göstərən İkiçayarası dəyərləri-Bilqamıs, Nuh, İbrahimin adı və fəaliyyəti çıxdaş edilir. Eyni zamanda Xorasan təsirləri və əlaqələri inkar edilir. Azərbaycan Tarixi paqanizm dövründən sıçrayışlarla keçid alır Zərdüştün üzərinə. Din tarixi və fəlsəfə tarixi Zərdüştün üzərində fokuslanır. Yəni Şumerdən Midiyaya qədər olan tarixi dövrdəki dini fəlsəfi ideoloji proseslər Yazılmır və nə hikmətsə Azərbaycan bu proseslərdən təcrid olunur, Şumerdən, Elamdan, Subartudan, Mitannidən təcrid olunur və bu mədəniyyətlərin Azərbaycan tarixindəki izləri silinir, bu mədəniyyətlərin təsiri Azərbaycan tarixinə yox, Sami tarixinə keçir, Tövrat, İncil, Quran şəklində qarşımıza çıxır. Azərbaycan tarixi isə Zərdüşt təməlləri üzərində oturdulur. Azərbaycanın coğrafiyaya əsaslanan lokalizə edilmiş tarixi ingilislərin və Rusların türkləri Azərbaycanda lokalizə etmələri tarixidir ki, burada pers Zərdüşt ilə türk Dədə Qorqud əl ələ tutuşub və bu ittifaqdan şiyə Siyamək yaranıb. Burada da Zərdüşt yerli, əkinçi, şəhərli, Dədə Qorqud gəlmə, köçəri, işğalçı, barbar təsəvvür edilir. Nə isə ki, Coğrafiya anlayışı üzərində oturdulmuş, Lokalizə edilmiş Azərbaycanlı milləti , Azərbaycan dili anlayışları ilə bərabər həm də Osmanlı, İran( Səfəvi Avşar Qacar) Türküstan, İkiçayarası türklərindən ayrılmış, xüsusi bir “Azərbaycan türkü” tipi yaradılmışdır ki, bu tip yerli Zərdüştlə gəlmə Dədə Qorqudun ittifaqından yaranmış Siyaməkdir. Siyaməklə Turan qurmaq mümkün deyil, kürəsəl güc olmanın strateji arzularını heç qurmaq mümkün deyil. Böyük ideyalar dərin ruhlardan, kültür və fəlsəfə doğuluşlarından keçərək yaranar. Zərdüştlə Dədə Qorqud fərqli ruhları təmsil edir. Onları birləşdirən bütün alimlər saxtakardır. Hər ruhun (etnosun) öz tarixi, taleyi, keçmişi və gələcəyi vardır. Nə qədərki bu davam edəcəkdir, Azərbaycanda daim lokal tarix fəlsəfələri egemen olacaqdır. Çox təəssüf… Siyaməkin tarixi üzərində millətləşmə prosesi qurulmaz, nəticəsi olmaz, olmadı. Siyamək çox qocadır, yaşlıdır, bu torpaqlarda gah ölür, gah yenidən dirilir. Səlçuklular Samani kültürünü İran və Anadoluya daşıyaraq Siyaməkə can verdilər, Siyamək Elxanlılar və Avşarlar, Elçibəy zamanında ölmüşdü, Səfəvilər və Qacarlar dönəmində dirildi. Şah İsmayıl və M.Ə.Rəsulzadə Siyaməkə ruh və forma verdilər. Stalinizm Siyaməki kommunizmə və Rus imperiyasına uyğunlaşdırdı. Siyamək Rusofil donu güyinərək H.Əliyev dövlət fəlsəfəsinə çevrildi. H.Əliyev siyasət fəlsəfəsi bir modifikasiya olunmuş rusofil Siyamək fəlsəfəsidir. Daim Ruhun bədən dəyişdirməsi sürəcindən keçər(Reinkarnasyon). Sonuncu böyük dirilişi 1501 -ci ildə oldu. Qızılbaşlıqla Şiyəlik ittifaqa girdikdən sonra. Və o zamandan heç ölmədi. Zərdüşt + Dədə Qorqud+ Qızılbaşlıq + Şiyəlik= Azərbaycan dili+Azərbaycanlı+Şiyəlik+ Siyamək. XXI əsrdə Türk dünyası diferensasiyaların deyil, inteqrasiyaların tarixini yazmalı, super kürəsəl güc olmanın fəlsəfəsini yaratmalıdır. Lakin bunun üçün ilk öncə içindəki Siyamək problemini çözməlidir.