DAĞIDILAN VƏ HARAY ÇƏKƏN İÇƏRİŞƏHƏRİM!!!

01/12/16 8:00

İki gündür ki, İçərişəhəri gəzirəm. Xaricdən qonağım var. Ona göstərirəm. İnanın ki, məcbur oldum. Çünki İçərişəhəri gəzmək istəmirəm. Hər dəfə gəzəndən sonra bir həftə özümə gələ bilmirəm. İndi də belədir. Güclü depressiya keçirirəm. Dostlar, İçərişəhəri tanımadım. Nə günə düşüb İçərişəhər! Dağıdılır İçərişəhər! İçərişəhər haray çəkir! İçərişəhər göz yaşı tökür. Bura canlı bir tarixdir. Siz nəyi sökürsünüz? Canlı tariximizimi? Biz necə millətik? Tarixi şəxsiyyətlərimizi təhqir edib ələ salırıq. Mədəniyyətimizi unudub yapışmışıq multikulturalizmdən…Tarixi abidələrimizi də məhv edirik! Vaxtilə Riqada, Tallində olanda onların qədim şəhər kompleksini də gəzmişəm. Həmin ərazilərdə araba sürməyə belə icazə vermirlər. Novqorodun qədim kompleksini də belə qoruyurlar. İçərişəhərdə isə maşın əlindən tərpənmək olmur. Gündə bir kafe, restoran tikilir. Köhnə binaları söküb obyektlər tikirlər. İmkanlı şəxslər düşüblər İçərişərin üstünə!!! YUNESKO burada tikili aparmağı qadağan edibdir. Bizdə ona baxan kimdir…Təsəvvür edin ki, son on ildə burada nələr baş veribdir….Mən Dərbənddə olanda oranın İçərişəhərini də gəzdim. Bizim İçərişəhərin binalarının fasadlarını elə təmizləyiblər ki, elə bil ki, ötən il tikiblər. Bunlar düşünmür ki, həmin binaların daş kərpiclərini qaşımaq olmaz. Sonradan həmin daşlar xarab olacaqdır. Amma Dərbənddə bunu etmirlər. Toxunmurlar o daşlara! Görünür ki, bizim mütəxəssislər daha “ağıllı” imişlər! Məni bir məsələ düşündürür: Burada köhnə binaları sökdürüb yenisini tikdirənlər, kafe, restoran açanlar bu millətin tarixinə balta vurduqlarını dərk edirmi? Dərk edirsə, bu çox dəhşətlidir! Çünki belə adamlarla düşmən arasında fərq yoxdur!
Dostlar, İçərişəhəri qoruyaq! Burada qədim, orta əsr, yeni dövr abidələri vardır! Onların çoxu məhv edilibdir! Gəlin qalanlarını qoruyaq! Unutmayaq ki, gələcək nəsillər bizi bağışlamayacaqdır!