Rəisi Səhibə Qafarovaya hörmətsizlik etdi? – Fotofakt

09/08/21 11:45

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşündə Azərbaycan bayrağının asılmaması hələ də müxtəlif variantlarda təhlil olunmaqdadır.

İran bunun protokol qaydası olması ilə izah etsə də, sosial şəbəkə istifadəçiləri, o cümlədən bir çox politoloq bu cavabın bəhanə olduğunu iddia edərək, əslində, İranın bununla Azərbaycana mənfi münasibətini ortaya qoyduğunu bildirirlər.

Bəs, əslində vəziyyət necədir?

İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün 73 ölkədən 115 rəsmi şəxs gəlmişdi. Onlardan 10-u prezident, 20-si parlament sədri, 11-i xarici işlər naziri idi.

İbrahim Rəisinin onların əksəriyyəti ilə görüşü oldu, bəziləri ilə təkbətək, daha geniş formatda, bəziləri ilə qısa.

Məsələn: Qırğızıstan Milli Məclisinin sədri Talant Mamıtov, Belarus parlamentinin sədri Vladimir Andriçenko, Niger parlamentinin aşağı palatasının sədri Sini Amaro, Özbəkistan parlamentinin aşağı palatasının sədri Nurdincan İsmayılov, Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtair Zakirzadə, Rusiya Dumasının sədri Vyaçeslav Volodin və s. spikerlərlə görüşmüşdü İbrahim Rəisi.

Bu görüşlərdən fotoları aşağıda təqdim edirik: İran bayrağından başqa o görüşlərdə heç bir bayraq yoxdur.

Rəisinin Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman əs-Sani ilə görüşünün fotosunu da təqdim edirik. Varmı İran bayrağından qeyri bayraq?

Rəisinin Amerika Bolivarçılarının baş katibi ilə görüşündə də digər bayraq yoxdur.

Spikerlərlə görüşdən daha çox foto verməklə bərabər, xarici işlər naziri və digər rəsmilərlə görüşdən də foto təqdim etdik, nümunə kimi, mənzərə aydın olsun deyə!

Rəisinin yalnız İraq lideri Bərham Salehi, Əfqanıstan rəhbəri Əşrəf Qəni, Ermənistan baş naziri Nikol Paşinyan və s. kimi ölkəsinin birinci şəxsi sayılanlarla görüşündə digər ölkənin də bayrağı asılmışdı.

Azərbaycan bayrağı olmadığı üçün İranın Azərbaycana sayğısızlıq etdiyini düşünənlər onda gərək Dövlət Dumasının rəhbəri Volodinin Rəisi ilə görüşündə Rusiya bayrağının olmadığına da diqqət çəkməlidirlər. Hər halda İranda Rusiyanı aşağılamaq cəsarətinin olmadığını kiməsə izah etməyə ehtiyac yoxdur.

 

Beləliklə, İbrahim Rəisinin Sahibə Qafarova ilə görüşündə Azərbaycan bayrağının asılmaması doğrudan da İranın protokol qaydasıdır və…

Bir daha təkrarlayaq: Rəisi Ermənistan baş naziri ilə görüşdə bircə dəfə də olsun Qarabağın adını çəkmədi, siyasi bəyanat vermədi, yalnız iqtisadi layihələr müzakirə edildi.

Sahibə Qafarova ilə görüşdə isə İbrahim Rəisi sözünə başlayan kimi Azərbaycanı Qarabağda qələbə münasibəti ilə bir daha təbrik etdi.

Biz İranın 30 illik müstəqillik illərimizdə bizə qarşı nələr etdiyini unutmuruq, İranı tənqid etmək üçün də min səbəb var, ancaq bəhanəyə ehtiyac yoxdur.

İbrahim Rəisinin prezident kimi and içdiyi ilk gündə Azərbaycana münasibəti və mesajı bizi qane edir. Sabah nə olacaqsa, münasibətimiz də adekvat olacaq, bu gün isə qaşınmayan yerdən qan çıxartmayın!

Mənbə: Axar.az