Milli Şura qiymət artımını müzakirə etdi

02/12/16 11:20

Noyabr ayının 30-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda ölkədəki sosial-iqtisadi vəziyyət, maliyyə iqtisadi böhranın dərinləşməsi, qiymət artımının təhlükəli xarakter alması və sair məsələlər müzakirə edilmişdir. İclas iştirakçıları Taarif Şurasının noyabr ayının 28-də heç bir iqtisadi əsaslandırma vermədən elektrik enerjisi və qazın qiymətini kəskin şəkildə artırmasından ciddi narahatlıqlarını ifadə etmişlər. KM-nin üzvləri qeyd etmişlər ki, müəyyən limitdən sonra əhaliyə satılan qazın qiymətinin 100 faiz və elektrik enerjisinin qiymətinin 57 faiz artırılması soyğunçuluq siyasətidir. Hökumət öz soyğunçu siyasətinə onunla bəraət qazandırmaq istəyir ki, təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün köhnə tariflə 10 qəpik, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəniş tətbiq ediləcək. İşığa gəldikdə isə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün köhnə tariflə 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik ödəniş müəyyənləşdirilib. Eyni zamanda rəsmi təbliğatda qeyd edilir ki, guya bu qiymət artımı əhalinin 62 faizdən çoxuna zərər vurmayacaq və bu qədər əhali guya müəyyən edilmiş limit daxilində qaz və işıq istifadə edir. Əhalini sakitləşdirmək və kəskin qiymət artımına humanist don geyindirmək üçün hökumət mətbuatı belə yalançı bir tezis ortaya atıb ki, guya son qiymət artımından büdcəyə daxil olan vəsaitlər aztəminatlı əhalinin sosial ehtiyaclarının qarşılanmasına xərclənəcəkdir. Müzakirələrdə göstərilmişdir ki, belə manipulyasiya cəhdləri növbəti dəfə xalqı aldatmağa hesablanıbdır. Çıxışlarda qeyd edilmişdir ki, elektrik enerjisi və qazın qiymətinin kəskin şəkildə artması birbaşa əhalinin bütün təbəqələrini sosial vəziyyətini ağırlaşdıracaq, maya dəyərində işıq və qaz olan bütün məhsulların qiymətinin artmasına rəvac verəcəkdir. KM-nin üzvləri qeyd etmişlər ki, son 5 ayda hökumət ikinci dəfədir elektrik enerjinin qiymətini qaldırır. Bu ilin iyul ayının 15-də həmin artım 16 faiz, indi isə 57 faiz artırılır. Bir ildə elektrik enerjisinin qiymətinin 73 faiz , qazın qiymətinin 100 faiz, su və kanalizasiya qiymətləri isə 40 faiz artmışdır. Ümumilikdə, İlham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində əhalinin istehlak etdiyi qazın qiymətinin 30 dəfədən çox artdığı təəssüf hissi ilə qeyd edilmişdir Çıxışlarda bildirilmişdir ki, bütün bu qiymət artımları işsizliyin kütləvi xarakter aldığı, pensiyaların orta aylıq həddinin 189 manat, əmək haqlarının ondan bir qədər çox olduğu bir ölkədə baş verir. Müzakirələrin gedişində belə bir haqlı sual qoyulmuşdur: əhaliyə satılan qazın qiyməti niyə 100 faiz artırılalıdır? Hazırda Azərbaycan əhalisi təxminən ildə 2,7 milyard kubmetr qaz istifadə edir. Beynəlxalq şirkətlərlə imzalanmış müqaviləyə görə təxminən 3 milyard kubmetr həcmində olan səmt qazı Azərbaycan tərəfinə havayı verilir. Əgər indiyə qədər havayı aldığı qazın hər 1000 kub metrini Azərbaycan hökuməti ölkə vətəndaşlarına isə 100 manata satırdısa, bundan sonra Azərbaycan xalqı limitdən artıq istifadə etdiyi qaz üçün 200 manat ödəyəcəkdir. Müzakirələr zamanı qiymət artımından iki saat əvvəl hökumətin “Azadlıq” radiosu, “Amerikanın səsi”, “Meydan.tv” və “Azadlıq” qəzetinin saytlarına girişi bağlaması mətbuat, azad söz, insanların informasiya almaq azadlığının pozulması, internet resurslarına məhdudiyyət qolyulması kimi qiymətləndirilmişdir. KM-nin üzvləri öz çıxışlarında qeyd etdilər ki, mətbuat orqanlarına belə məhdudiyyətlərin tətbiq edilməsi Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından əhalinin vaxtında obyektiv məlumat almaq imkanlarını aradan qaldırmışdır. Müzakirələrdə qeyd edilmişdir ki, hökumətin bu zərərli eksperimenti böhran şəraitində KİV-i qapatmaq siyasətinin baş məşqi idi. KM-nin toplantısında Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardara işi” ilə bağlı keçirilən məhkəmə prosesinin şahidlərinə işgəncələr verilməsi, prosesə gələn vətəndaşlara təzyiq göstərilməsi pislənilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, bu proses Azərbaycan hüquq mühafizə oraqanlarında, xüsusilə “Bandotdel” deyilən işgəncə aparatında hansı qanunsuzluqların, hansı özbaşnalıqların olduğunu açıq şəkildə ortaya qoymuşdur. Bu prosesdə indiyə qədər məhkəmə proseslərində yeni bir hal baş vermişdir ki, bu da ikin istintaqda şahid kimi dindirilmiş şəxslərin polis orqanlarına çağırılması, onlardan hədə, qorxu yolu ilə işgəncə altında alınmış ifadələrini məhkəmədə təsdiq etmələri tələb edilmiş, bu məqsədlə insanla yeni işgəncələr verilmişdir. Bir sıra şahidlərdən tələb edilmişdir ki, onlar məhkəmə prosesinə getməsinlər, teleqram vurararaq ilkin istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirsinlər. Hadisəni gözləri ilə görmüş şəxslərin məhkəmədə iştirakının qarşısını almaq məqsədi ilə bəzi polis orqanlarında bir sıra şahidlərin saxta ittihamla inzibatı qaydada həbs olunması halları baş vermişdir. Bu məsələ ətrafında çıxış edən KM-nin üzvləri proses zamanı onu müşahidə etməyə gələn vətəndaşların ucdantutma şəxsiyyət vəsiqələrinin toplanması sonradan onları müxtəlif orqanlara çağırılıb hədələnmələri, təhdid yolu ilə onların məhkəmə prosesini müşahidə etməkdən uzaqlaşdırılmasına xidmət etmişdir. Belə yanaşmanın hakimiyyət orqanlarının Nardaranda törətdiyi qanunsuzluğu, insan ölümü ilə nəticələnmiş əməliyyatın əsl mahiyyətinin ictimaiyyətdən gizlədilməsinə xidmət etdiyi çıxışlarda göstərilmişdir.