Akademik Bartoldun səhvi və Stalin mifi

03/12/16 9:44
Yaxud Azərbaycan və azərbaycanlılar haqqında

Kərim Şükürov

tarix üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 

 

 

 

 

 

1. Dünya ictimaiyyətşünaslığında anti-Azərbaycan cərəyanı və əsas iddialarına dair

 

Qloballaşma dünya elmi həyatını, o cümlədən ictimai elmləri də əhatə etmiş, onların inteqrasiyasına səbəb olmuşdur. Nəticədə dünya ictimaiyyətşünaslığı şəbəkəsinin formalaşması fakta çevrilmişdir. Təəssüf ki, bu sahədə müsbət tendensiyalarla birlikdə, neqativ meyllər də özünü göstərməkdədir. Bu neqativ meyllərin biri kimi anti-Azərbaycan cərəyanını qeyd etmək olar. Bu, özünü onda göstərir ki, əvvəllər bu və ya digər ölkədə monoqrafik tədqiqatlarda problemlə əlaqədar Azərbaycana dair həqiqətlər təhrif edilir və ya saxtalaşdırılırdısa, indi anti-Azərbaycan mövzusu xüsusi kitabların predmetinə çevrilir, bu sahədə ayrıca konfranslar və simpoziumlar düzənlənir, dinləmələr təşkil olunur və s. Hətta demək olar ki, dünya ictimaiyyətşünaslığının anti-Azərbaycan mövzusuna dair xüsusi biblioqrafiya hazırlamaq mümkündür. Onun mərkəzində erməni ictimaiyyətşünaslığı gəlir, yaxud onlar bu prosesin mərkəzinə keçir. Hazırda Ermənistan və erməni diasporu ictimaiyyətşünaslığında anti-Azərbaycan fəaliyyəti xüsusi sənət sahəsinə çevrilmişdir. Bu sahədə fəaliyyəti ilə qartımış və tarixə gömülmüş köhnələrin estafeti daha çox aqressivləşmiş və ideolojiləşmiş yeni nəsilə keçmişdir. Bu sırada A.Şaginyan, Q.Asatryan, T.Vardanyan, V.Tunyan, R.Qaliçiyan, L.Məlikşahnazaryan (1958-2015) və b. əsas yer tutur. Onların ideoloijiləşməsi o dərəcədə özünü göstərir ki, hətta həmin müəlliflərin əsərlərinə müsbət resenziyalar yazan mütəxəssislər də onun üzərindən keçə bilmir. Bunu Q.Asatryanın “İranın etnik kompozisiyası. “Ari məkanından” Azərbaycan mifinədək” adlı kitabına resenziya yazan Y.V.Baxrevski də qeyd etməli olmuşdur. O resenziyasında yazır ki, müəllifin Azərbaycan məsələsinə xüsusi münasibəti aydındır, lakin etiraf etmək lazımdır ki, bu məsələni nəzərdən keçirərkən o, həddindən artıq qərəz nümayiş etdirir, polemika üslubu elmilikdən demək olar ki, ideolojiyə çevrilir. [14,S.219]

 

İran ictimaiyyətşünaslığının anti-Azərbaycan sahəsində yetişmiş mütəxəssislərinin (əslən azərbaycanlı olan S.Ə.Kəsrəvi (1890-1946)) ənənəsi də sonrakı nümayəndələri tərəfindən (Rza Enayətolla (1920-2010) və b.) inadla davam etdirilib. Bəzi Rusiya alimləri (V.A.Şnirelman, V.A.Zaxarov, G.Y.Trapeznikov, M.İ.Meltyuxov, O.Tarasov və b.) də burada xüsusi fəallıq göstərirlər. Çox maraqlıdır ki, vaxtilə maldarlıqdan dissertasiya yazan Şnirelman Azərbaycan üzrə demək olar ki, ən çox müraciət edilən əsərin müəllifinə çevrilib, çünki bu müəllifin az qala hər bir sətri Azərbaycan tarixinin saxtalaşdırılmasına həsr edilmişdir.

 

Avropa və Amerikanın bəzi alimləri də bu cərəyanda xüsusi yer tutur. Diqqəti çəkən məsələlərdən biri də ondan ibarətdir ki, əslən erməni olan bir sıra tarixçilər çalışdıqları ölkələrin mütəxəssisləri kimi təqdim olunur. A.Y.Sarkisyans (Rusiya), Corc Burnutyan (ABŞ) və b. bu qəbildəndir. Onların bu adla təqdim edilməsi erməni yanaşmasını nəinki dəyişmir, hətta bu ad altında daha çox saxtakarlıq edirlər.

 

Yerli etnik millətçilər də fürsətdən yararlanaraq, anti-Azərbaycan cərəyana qoşulmaqdadır. Bu rəngarəng qüvvələr yaxşı koordinasiya olunur, bir-birinin əsərlərini ingilis, rus və s. dillərə tərcümə etməklə oxucu dairəsini genişləndirməyə çalışır, konfrans və simpoziumlar vasitəsilə fəaliyyətlərini tənzimləyirlər. Təəssüf ki, Azərbaycan tarixinin fundamental problemlərini qeyri-peşəkar və populist diskussiyaların müzakirəsinə çevirib, boşboğazlıqla məşğul olan bəzi azərbaycanlı müəlliflər də subyektiv fikirləri ilə onlara dəstək verməkdədir.

 

Anti-Azərbaycan güruhun fəaliyyətinin ən təhlükəli istiqaməti ondan ibarətdir ki, onlar son zamanlar elmilik adı altında, əslində Azərbaycanın varlığını şübhə altına alan iki mühüm iddia üzrə platforma yaratmağa və bu zəmində daha çox fəallaşmağa başlamışdır. 2013-cü ilin yanvarında İrəvanda R.Enayətollaya həsr edilmiş “Şirvan, Arran və Azərbaycan: tarixi-mədəni retrospektiv baxış” adlı konfransın məqsədi kimi “Azərbaycan Respublikasının əsasının aydınlaşdırılması” elan edilmişdir. Həmin konfransda iştirak edən Böyük Britaniyadan olan Əli Qranheym demişdir ki, Azərbaycan və azərbaycanlı adlanan xalq XX əsrədək tarixlə tanış olmamışdır. Onların tarixi saxtalaşdırılmışdır: bunlar köhnə türklər, yerli müsəlmanlar olub, İranın şimalında yaşayırlar və s. [28]

 

2. Nə üçün Bartold və Stalin?

 

“Azərbaycan” və “azərbaycanlı” adına dair konsepsiyalara etibar qazandırmaq üçün hiyləgər bir üsula əl atılır. Görkəmli şərqşünas, akademik V.V.Bartoldun (1869-1930) vaxtilə Bakıda “Azərbaycan” adı haqqında səsləndirdiyi bir fikri təhlil etmədən tutuquşu ağlı və inadkarlığı ilə təkrar edib, “azərbaycanlı” adı haqqında İ.Stalinin (1878-1953) fikirlərini də mifləşdirmişlər. Onların məqsədyönlü fəaliyyəti ilə bu fikirlərə “hökm” statusu tanınıb, “klassikləşdirilib” və Azərbaycan əleyhinə guya tutarlı arqumentlərə çevrilib. Buna əmin olmaq üçün İnternetdə bu məsələ üzrə axtarış vermək kifayətdir. Onların hamısının adını çəkməyə ehtiyac görmədən, bu sahədə xüsusi canfəşanlıq göstərən bir neçəsindən bəhs etmək istəyirəm.

 

Son dövrlərdə məsləkini Azərbaycan tarixinin saxtalaşdırılmasına həsr edən şərqşünas-tarixçilərin ilk sırasında yer alan Sankt-Peterburq Univesitetinin MDB ölkələri xalqlarının tarixi kafedrasının professoru, tarix elmləri doktoru A.Ş.Şaginyan 1918-ci ilədək Ön Asiyanın xəritəsində yalnız İran (Persiya) hüdudlarında yerləşən bir Azərbaycanın olması haqqında fikrini əsaslandırmaq üçün Brokqauz-Yefron ensiklopedik lüğətinə, Britanikaya və V.F.Minorskinin (1877-1966) Azərbaycan Respublikasının adının İranın qonşu vilayətinin toponimiyasından qəsb edilməsi haqqında fikirlərinə yer verən İslam Ensiklopediyasına, xüsusilə  Bartolda geniş yer ayırır [44, S.6-7].

 

Bartold kimi düşünənlərdən biri də ağqvardiyaçı generallardan olan A.Denikin (1872-1947) olmuşdur. Ona görə də Bartoldun baxışına konseptual xarakter vermək üçün ən çox iqtibas edilənlərdən biridir. O, beş cildlik kitabının 1925-ci ilin sentyabrında çapdan çıxan IV cildində Azərbaycandan bəhs edərkən burada onun adından başlayaraq hər şeyin süni olmasını və s. iddia etmişdir [24]. Azərbaycan Xalq Cümhuriyyəti ilə Denikin arasında düşmən münasibəti nəzərə alsaq, belə bir yanaşmaya hər hansı münasibət tarixi obyektivliyə hörmətsizlik olar ki, bunun isə həmin yolla gedənlər üçün elə bir əhəmiyyəti yoxdur, təki Azərbaycan əleyhinə bir fikir olsun.

 

Digər bir erməni şərqşünas professoru Q.Asatryan isə obyektivlik ölçüsünü o dərəcədə itirmişdir ki, özünün anti-Azərbaycan əsərləri ilə kifayətlənməyərək, bu sahədə canfəşanlıq etmiş İran alimlərinin əsərlərini rus dilinə tərcümə edib nəşr etməklə də məşğul olmağa vaxt tapmışdır. Asatryan kitabını tərcümə etdiyi iranlı həmməsləki professor Enayetolla Rzanın “Azərbaycan və Arran” adlı kitabına ön söz yazmış, ona və bu mövqedə olan iranlılara təriflər yağdırmışdır. Halbuki bu kitabla tanışlıq göstərir ki, onun bütün müddəaları yanlışdır. E.Rza kitabının səkkizinci fəslini Arranın Azərbaycan adlandırılması tarixinə həsr edərək, Bartolda da səxavətlə müraciət edir və mahiyyət etibarilə anaxronizmə yol verərək onun fikirlərini, ümumiyyətlə, anlamadığını nümayiş etdirir [46]. Bundan əlavə, problemi daha da dərinləşdirmək məqsədilə S.Ə.Kəsrəvi-Təbrizidən iqtibaslar verir. Ş.M.Xiyabaninin 1920-ci il hərəkatı zamanı Azərbaycan adının Azadistan ilə dəyişdirilməsini şimalda Azərbaycan adının qəbul edilməsinə etirazı kimi verilir.

 

Kəsrəviçiliyin mahiyyət etibarilə tendensiyalı xarakter daşıdığı Azərbaycan tarixşünaslığında sübut edilmiş məsələlərdəndir. Xiyabaniyə gəldikdə isə, onun ölkənin adının dəyişdirilməsinə dəstək verməsi, daha çox Azərbaycanın azad insanların ölkəsi olması kimi dərk edilməsi ilə bağlı olmuşdur. Müasir Azərbaycan tarixşünaslığında da bəzən bu məsələyə kifayət qədər aydın mövqe ifadə edilməməsinə baxmayaraq, belə hesab edirəm ki, motivindən asılı olmayraq, ölkənin adının dəyişdirilməsi siyasəti doğru hesab oluna bilməz. Əksinə, ölkənin şimalında Azərbaycan adlı dövlətin meydana gəlməsi onun İranın tərkibində olan hissəsi üçün də vacib faktora çevrilmişdi. 1941-1946-cı il hadisələri zamanı bu, özünü daha aydın göstərmişdi.

 

Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycanda da bəzən Bartolda istinad edilir və bu da həmin fikri qəbul edən qeyri-azərbaycanlılar tərəfindən guya onun təsdiqi kimi qələmə verilir.

 

Anti-Azərbaycan güruhun digər bir ümid yeri isə Stalinin azərbaycanlılar haqqında fikirləri ilə bağlıdır. Bu da elə bir dəb halı almışdır ki, hər kəs mahiyyəti anlamadan ona müraciət etməyi lazım bilir. Bartold məsələsindən fərqli olaraq, burada müəyyən “yaradıcılığa” yol verilir, çünki situasiya fərqlidir, bir iqtibasla kifayətlənmək mümkün deyildir. Əslində elə bu da onları çətin vəziyyətə salır. Stalinin azərbaycanlı adını harada, nə vaxt və necə işlətməsini müəyyən etmək zərurəti ortaya çıxır. Burada daha fəal olan erməni müəlliflər bu məqsədlə Kommunist Partiyasının milli münasibətlər sahəsində əsas nəzəriyyəçilərindən hesab olunan, totalitar rejimi yaradan və onun başında duran Stalinin 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” əsərinə, onun partiyanın X və XII qurultaylarındakı çıxışlarına və s. əsərlərinə müraciət edərək sitatlar toplayır və bu əsasda özlərinə sərfəli olan konsepsiya formalaşdırmağa çalışırlar. Belə yazılardan birinin başlığında iddia olunur ki, Stalin ilk dəfə 1929-cu ildə azərbaycanlılar haqqında xatırlatmışdır [17]. Digər bir yazıda isə qeyd edilir ki, Stalinin iradi qərarı ilə 1936-cı ildə Azərbaycanın türk qəbilələri azərbaycanlı adlandırılır və bundan sonra respublikanın qeyri-türk xalqlarının assimilyasiyası xüsusilə kütləvi xarakter alır. Azərbaycan tarixçisi isə “Azərbaycan türkləri” və ya “türk” adının dəyişdirilməsi barədə Stalinin 1936-cı ildə fərmanı olduğunu bildirir [30].

 

Bu mülahizələr ənənəvi hal alaraq, digər işlərdə də bu və ya digər variasiyada təkrar olunur. Ona görə də onları xüsusi xatırlatmağa ehtiyac görmürəm.

 

Beləliklə, Bartoldun Azərbaycan, Stalinin azərbaycanlı adı haqqında fikirlərinin elmi-tənqidi təhlilinə ehtiyac vardır. Bu, eyni zamanda Azərbaycan və azərbaycanlılar haqqında həqiqətin bərpasını da zəruri edir.

 

3. Bartoldun səhvi və səhvin cavabı

 

V.V.Bartold 1924-cü ilin noyabr və dekabr aylarında Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində Xəzərsahili vilayətlərin müsəlman dünyası tarixində yerinə dair mühazirələr oxumuşdur. Bundan əlavə, Azərbaycan tarixinin qısa icmalına dair bir mühazirə də dekabrın 12-də Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin (Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyət – 1923-1929) Tarix-etnoqrafiya bölməsinin açıq iclasında olmuşdur. Mühazirə mətnləri növbəti il nəşr edilmişdir [10].

 

Mühazirələri nəşrə hazırlayan Cəmiyyətin Tarix-etnoqrafiya bölməsi mühazirə kursunun, əvvəla, universitet tələbələrinə kömək olaraq kursun yazılı şəkildə təqdim edilməsi, ikinci, Tarix-etnoqrafiya bölməsinin yeni açılmış Azərbaycanşünaslıq kursları, həmçinin bölmə üzvlərinə Azərbaycan və Xəzərsahili həmhüdud ölkələrin tarixi üzrə vəsait verilməsi kimi təcrübi məqsəd güddüyünü bildirir [11, c.651].

 

Hər biri iki hissədən ibarət olan on mühazirə xronoloji baxımdan qədim dövrlərdən başlayaraq XIX əsrin sonlarınadək davam edir. X (19-20) mühazirəyədək hadisələr xronoloji ardıcıllıqla şərh edilir. Sonuncu, X mühazirə isə [11, c.766-772] mənbə və ədəbiyyata həsr edilir.

 

Bartold bu nəşrə ön sözündə mühazirələrin stenoqrafik yazısına baxılmaq üçün ona verildiyini, şərh formasına toxunmadan, faktik səhvləri düzəltdiyini, üzərinə məsuliyyət götürmədiyini bildirir. Mühazirə mətninin Bakıda Bartoldun imzası ilə nəşri və sonralar Orta Asiya tarixi, Qafqaz və Şərqi Avropa üzrə işlər adı ilə onun əsərlərinin II cildinin 1-ci hissəsinə [11, c.651-772] daxil edilməsi bu qeydin formal xarakter daşıdığını göstərir. IV (7-8) mühazirəyə qeyddə onun müəllif tərəfindən verilən konspekt [11, c.689], X (19-20) mühazirəyə qeyddə isə [11, c.766] müəllif tərəfindən verilən xülasə şəklində çap olunduğunun göstərilməsi də Bartoldun mühazirələrə xüsusi hazırlaşdığını göstərir. Azərbaycanın əsas Xəzərsahili ölkələrdən biri olmasına baxmayaraq, mühazirədə Xəzərin şimal və cənubu, xüsusilə də Orta Asiya tarixi üzərində daha geniş dayanılmışdır.

 

Görkəmli alimlərin mühazirələrinin təcrübəsindən yaxşı məlumdur ki, mühazirənin ən vacib mərasimlərindən biri sonda baş tutan sual-cavabla bağlı olur. Bartoldun Bakı mühazirəsi də sual-cavabla müşayiət olunmuşdur və əslində elə mühazirələrin ən diqqətəlayiq hissəsi kimi çıxış etmişdir. Belə sual-cavablar I (1-2) mühazirədən [11, c.660-663], həmçinin V (9-10) [11, c.702-705], VI (11-12) [11, c.717-720] və VIII mühazirələrin birinci hissəsindən sonra [11, c.741-744] olmuşdur. Bu suallara verilən cavablar da mühazirənin tərkib hissəsi kim qəbul edilməlidir.

 

Burada Bartoldun Azərbaycan adı haqqında geniş təbliğ edilən fikri də məhz sual-cavab mərasimi ilə bağlıdır. Bu sual-cavab V (9-10) mühazirənin birinci hissəsindən sonra olmuşdur. Mühazirədə XII-XIII əsrlərin hadisələrindən – Xarəzmşahlar dövləti və Çingiz xanın hakimiyyətə gəlməsi ilə əlaqədar hadisələrdən bəhs edildiyi halda, mühazirə ilə heç bir əlaqəsi olmadan Bartolda belə bir sual verilir: Azərbaycan adı altında tez-tez Arazın o tayı, baş şəhəri Təbriz olan İran Azərbaycanı nəzərdə tutulur. Bu səbəbdən bizim haqqımız varmı özümüzü Azərbaycan adlandıraq, biz Azərbaycan olmuşuq, yoxsa bu Şirvandır? [11, c.703]

 

Bartold bu suala demək olar ki, birnəfəsə, cəmi üç cümlədə, amma 18 sətri (!) əhatə edən üç cümlədə cavab verir. Cavabın strukturunun tam aydın olması üçün onun tərcüməsini tərkib hissələrinə bölərək təqdim edirəm:

 

– Şirvan heç bir zaman hazırkı Azərbaycan Respublikası ərazisini əhatə etməsi mənasında işlənməmişdir. Şirvan – bu baş şəhəri Şamaxı ilə böyük olmayan hissədir, Gəncə və b. bu kimi şəhərlər heç vaxt Şirvanın tərkibinə daxil olmayıb;

 

– və əgər hazırda Azərbaycan Respublikasını birləşdirən bütün vilayətlər üçün termin fikirləşmək lazım idisə, daha çox Arran adını qəbul etmək olardı;

 

– lakin Azərbaycan termini ona görə seçilmişdir ki,  Azərbaycanda respublika qurulan zaman düşünülürdü ki, İrandakı və bu Azərbaycan vahid bütöv təşkil edəcək, belə ki, əhalinin tərkibinə görə onlar böyük oxşarlığa malikdir. Bu əsasa görə Azərbaycan adı qəbul edildi;

 

– lakin əlbəttə ki, indi Azərbaycan sözü İran Azərbaycanı və xüsusi respublika kimi iki mənada istifadə olunur, dolaşıqlıq yaranır və soruşmaq lazım gəlir ki, hansı Azərbaycan nəzərdə tutulur: İran Azərbaycanı və ya bu Azərbaycan;

 

– onların ümumi taleyi orta əsrlərdə, xüsusilə monqollar gələn zaman təşəkkül tapmışdır ki, İran Azərbaycanı və bu [Azərbaycan] vahid və eyni türk hakimiyyəti altında olmuşdur [11, c.703].

 

Sualın kim tərəfindən verildiyini, əvvəlcədən hazırlanıb-hazırlanmadığını və ya intriqa xarakteri daşıyıb-daşımadığını indi müəyyən etmək çətindir. Əksinə, bundan fərqli olaraq, cavaba əsasən Bartoldun başdan belə bir suala hazır olduğunu düşünmək mümkündür. Bartold nəinki suala cavab verir, hətta oxuduğu mühazirələr zamanı bəzi suallara cavablarından fərqli olaraq, burada xüsusi təfərrüatlarla dediklərini qəbul etdirməyə çalışır. Bartoldun cavabını sonralar inadla iqtibas edənlərin və onların əsasında yeni-yeni cəfəngiyyatlar yaradanların dairəsinə az-çox bələdlik bu sual-cavabın pərdə arxasını asanlıqla müəyyən etməyə imkan verir.

 

Bartoldun cavabını hərtərəfli təhlil etmək üçün onu mühazirəçinin məntiqinə uyğun olaraq eyni ardıcıllıqla nəzərdən keçirmək istəyirəm. O, sualın cavabına sondan, Şirvandan başlayır və bu haqda deyilənlər elmi baxımdan mübahisə yaratmır.

 

Əsas dolaşıqlıq ikinci hissədən başlayır. O, yazır: “…və əgər hazırda Azərbaycan Respublikasını (o zaman  Azərbaycan SSR idi – K.Ş.) birləşdirən bütün vilayətlər üçün termin fikirləşmək lazım idisə, daha çox Arran adını qəbul etmək olardı…”

 

Hətta mühakimə şəklində də belə bir yanaşma yanlış görünür, çünki Azərbaycanın respublika adı kimi qəbul edilməsi Azərbaycan SSR-ə deyil, Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) aiddir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətin ərazisi Azərbaycan SSR-də olandan daha geniş idi. Cümhuriyyət yaranması ərəfəsində və zamanında bu əraziyə aid termin fikirləşmək kimi məsələ isə (bu barədə aşağıda bəhs edəcəyəm) heç zaman gündəmdə olmamışdı.

 

Arran/Aran adına gəldikdə isə, dövlətin adı üçün bu tamamilə səhv fikir idi. Əvvəla, ərəblər tərəfindən tətbiq edilən bu anlayış birmənalı şəkildə və davamlı olaraq ölkəni ifadə etmirdi. Belə ki, Aran anlayışı müəyyən dövrdə Albaniya ərazisini ifadə etsə də, əsasən, Albaniyanın bir hissəsinə (Kür və Araz çayları arasına) şamil olunurdu. Əslində, bu da sabit olmamışdır. Bartoldun özünün yazdığı kimi, monqol dövrünün əvvəllərindən Aranın cənubu türk adı Qarabağla ifadə edilirdi. Onu da qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan Respublikasının iqtisadi rayonlaşdırılmasında ayrılan Aran iqtisadi regionu cəmi 18 rayon və şəhəri (Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əhatə edir. İkinci, yenə də Bartoldun özünün də bildirdiyi kimi, Aran adı müəyyən müddət keçdikdən sonra, monqol dövrünün əvvəllərindən yalnız ədəbiyyat ənənəsində saxlanılmışdı [Daha ətraflı bax: 13]. Üçüncü, Aran sözü  Azərbaycan dilində semantik dəyişikliyə uğrayaraq ölkə adından daha çox iqlimi və relyefi bildirən (isti və düzənlik yerlər) məna kəsb etmişdi. Azərbaycan dilinin izahl lüğəti indi də bu sözü “yaylaq yerlərə nisbətən alçaq və isti olan yerlər” kimi şərh edir [1, s.130] Bütün bunlara görə təxminən yeddi yüz ildən sonra Aran adının yenidən dirçəldilib, dövlət adı kimi qəbul edilməsi absurd olardı.

 

Bartold Aran barədə kobud səhvin ardınca, Azərbaycan adının qəbul edilməsi haqqında versiyasını irəli sürür: “…lakin Azərbaycan termini ona görə seçilmişdir ki,  Azərbaycanda respublika qurulan zaman düşünülürdü ki, İrandakı və bu Azərbaycan vahid bütov təşkil edəcək, belə ki, əhalinin tərkibinə görə onlar böyük oxşarlığa malikdir. Bu əsasa görə Azərbaycan adı qəbul edildi…”

 

Buradan aydın olur ki, Bartold Azərbaycan adının qəbul edilməsini təbii-tarixi proses kimi qəbul etməyərək, məsələni siyasi müstəviyə keçirir. Burada bir incə məqam da ondan ibarətdir ki, “İrandakı və bu Azərbaycanın vahid bütöv” təşkil etməsində başlıca məsələ kimi xalqın deyil, məhz əhalinin tərkibinin oxşarlığına diqqət yönəldilir. Halbuki Yefron və Brokqauzun ensiklopediyasında İran və Qafqaz azərbaycanlıları eyni qrupda birləşdirilir [31, c.345]. M.Ə.Rəsulzadə (1884-1955) də bu barədə yazırdı: “Azərbaycan derkən, qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır” [5,S.60].

 

Çox maraqlıdır ki, Qafqaz tarixinin Rusiya dövründən bəhs edən zaman “Mən siyasət aləminə daxil olmamaq üçün Qafqazın Rusiya hakimiyyəti altındakı həyatı haqqında bəhs etmək istəmirəm” [11, c.782] deyən Bartold bu məsələni siyasi baxımdan izah etməyə üstünlük verir və məlum olur ki, o, bu dövrü kifayət qədər bilmir, halbuki dövrün ümumi mənzərəsi onun təqdim etdiyindən fərqli və daha ziddiyyətli idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra xarici siyasətinin bütün istiqamətləri, xüsusilə qonşularından olan İranla konstruktiv əməkdaşlığa başlıca diqqət verir. Buna baxmayaraq, əsas problemlər İran tərəfindən ortaya atılır. Bu problemləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1) İran Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə qarşı guya tarixə əsaslanan iddia irəli sürür; 2) İran Cənubi Qafqazda gürcü və ermənilərlə eyni zamanda müsəlmanların da dövlət yaratmasını qəbul edir, lakin Azərbaycan adına etiraz edir; 3) Azərbaycan dövlətinin Osmanlı dövlətinin himayəsi ilə yaradıldığını və İran Azərbaycanının da ona birləşdirilməsinin nəzərdə tutulduğunu iddia edir; 4) Azərbaycan dövlətinin İranla birləşəcəyi təbliğ olunur və s. Bütün bunlara baxmayaraq, bəhs olunan dövrün beynəlxalq münasibətlər sistemi və siyasi mühitini dərindən bilən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov (1863-1934) və Cümhuriyyətin digər liderlərinin baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, o cümlədən İranla münasibətlər (İran Azərbaycanı ilə münasibətlər də daxil olmaqla) həm konseptual, həm də praktik baxımdan hərtərəfli əksini tapmışdır. Bu barədə M.Ə.Rəsulzadənin və Ə.M.Topşubaşovun bilavasitə həmin dövrə aid məqalələrində və rəsmi sənədlərdə istənilən qədər fakt vardır. Onlar haqqında geniş bəhs olunduğu üçün yalnız bəzilərinə diqqəti cəlb etmək istəyirəm.

 

Xronoloji cəhətdən Topçubaşova dair materiallar əvvəl gəldiyinə görə ondan başlayaq. Onlar fövqəladə səlahiyyətli nazir Topçubaşovun İstanbulda İranın Türkiyədəki səfiri Mirzə Mahmud xan və xarici işlər naziri Əliqulu xan ilə görüşlərinə dair qeydlərdir. Bu materialların ən maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, naşirlərin doğru olaraq qeyd etdiyi kimi, onlar diplomatik söhbətlər olmuşdur, yəni fikirlər danışıq dilində kifayət qədər aydın ifadə edilmişdir. 1918-ci il noyabrın 16-dakı görüşdə səfir bildirir ki, əgər erməni və gürcülər Qafqazda azad dövlətlərini yaradırlarsa, onda nə üçün müsəlmanlar da bunu edə bilməz. Buna görə də biz sizin müstəqilliyinizə qarşı ola bilmərik, biz ilk olaraq onu alqışlamalıyıq. Bunun ardınca isə Topçubaşova iki sualla müraciət edir: “Lakin siz dövlətinizi “Azərbaycan” adlandırmısınız, bu nə deməkdir? Bu sizin İranın hüdudlarında olan əsl Azərbaycana iddialarınıza dəlalət edirmi?” Fövqəladə səlahiyyətli nazir ona açıq şəkildə cavab verir: “Qafqaz azərbaycanlılarında belə bir iddia olmayıb və yoxdur. Bu, yalnız coğrafi termindir: Azərbaycan həm Qafqazda, həm də İranda vardır”. Dialoqun sonrakı hissəsi səfirin həyəcanı ilə davam edir. O, Azərbaycanda davam edən hadisələr üçün təkanın buradan, yəni Türkiyədən verildiyini iddia edir. Topçubaşov isə diqqəti ona cəlb edir ki, biz həmişə dost və qardaş olmuşuq və elə də qalacağıq [25, № 15].

 

Topçubaşovun İranın xarici işlər naziri ilə görüşündə də bu və bir sıra yeni süjetlər üzrə dialoqlar davam edir. 1919-cu ilin 9 yanvar görüşündə Bakıda olarkən Əhməd bəy Ağayev ilə danışıqlarından bəhs edən nazir bildirir ki, o, tarixi məlumatları və bir neçə yüz il əvvəl xanlıqların müstəqil həyat yaşadıqlarını göstərərək, İranla birləşmək imkanına qarşı çıxdı. Topçubaşov da bunun doğru olduğunu təsdiq edir [25, № 31]. 11 yanvar  görüşündə isə İran naziri ürəkdən Azərbaycanın müstəqilliyinin tərəfdarı olduqlarını və bunu gələcək Rusiyaya bəzi qarantiya hesab etdiyini bildirir [25, №34].

 

15 yanvar görüşündə İran nazirinin “sizin Azərbaycan haqqında məsələnin İran ilə ittifaq və birləşmə mənasında həllinin daha uyğun olması” haqqında fikrinə Topçubaşov özünə xas olan diplomatik ustalıqla belə cavab verir: “…birləşməni mən İran və bizim Azərbaycanın müstəqilliyi və maraqlarının qorunması mənasında başa düşürəm. Mən əminəm ki, burada siz bizimlə etibarlı müttəfiq tapacaqsınız”. [25, №35]

 

Rəsulzadənin “İran və biz” (1918,8 aprel), “Azərbaycan və İran” (1919, 28 aprel), “İran-Azərbaycan” (1919, 26 iyun) və digər məqalələri ilə tanışlıq göstərir ki, müəllif elə bil əvvəldən Bartold və onu kimi düşünənləri görüb və onların iddialarına da cavab verib. Bunların üzərində ətraflı dayanmadan “İran-Azərbaycan” məqaləsindən bir iqtibasla kifayətlənmək istəyirəm: “Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz” [5, s.64].

 

Bu təkzibedilməz qaynaqlarla yanaşı, tarixşünaslıqdan da bir istinad vermək istəyirəm. Bartolddan fərqli olaraq, dövrün tədqiqatçısı olan T.Svyatoçovski 1918-ci il 28 May İstiqlaliyyət Bəyannaməsini təhlil edərək yazırdı ki, “Bəyannamə öz iddiasını ancaq Arazdan şimaldakı ərazi ilə məhdudlaşdırsa da, Azərbaycan adının işlənməsi çox keçmədən İranın etirazına səbəb oldu. Tehranda şübhələr oyandı ki, Azərbaycan Respublikası Təbriz vilayətini İrandan ayırmaq üçün Osmanlı dövlətinə xidmət edir. Həmçinin Gilandakı Gəngəli milli inqilabi hərəkatı öz qəzetində hər bir müsəlman torpağının müstəqilliyini “fərəh mənbəyi kimi” alqışlayaraq, yeni respublikanın Azərbaycan adını seçməsini onun İrana birləşmək arzusu ilə bağlı olub-olmaması məsələsinə toxunurdu. İrana birləşmək niyyətinin gerçək olduğu təqdirdə, bu niyyət aydın şəkildə ifadə olunmalıdır; əks halda, iranlılar həmin respublikanın Azərbaycan adlanmasına qarşı çıxa bilər. Buna görə də İranın şübhələrinə son qoymaq məqsədilə Azərbaycan hökuməti xaricə göndərilən sənədlərdə Qafqaz Azərbaycanı istilahını işlədəcəkdi”. [6, s.95]

 

Bartold cavabında Azərbaycan adının qəbul edilməsi haqqında versiyasından sonra problemi daha da dramatikləşdirməyə çalışaraq qeyd edir ki, “…lakin əlbəttə ki, indi “Azərbaycan” sözü İran Azərbaycanı və xüsusi respublika kimi iki mənada istifadə olunur, dolaşıqlıq yaranır və soruşmaq lazım gəlir ki, hansı Azərbaycan nəzərdə tutulur: İran Azərbaycanı və ya bu Azərbaycan…”

 

Halbuki illər ötməsinə baxmayaraq, bu günün özündə belə Azərbaycan Respublikası ilə, İranda müəyyən inzibati-ərazi islahatlarından sonra yaradılan Şərqi Azərbaycan, Qərbi Azərbaycan və ya Ərdəbil ostanları arasında heç bir dolaşıqlıq hiss edilmir, akademik dairələr və ictimaiyyət də nədən bəhs olunduğunu aydın şəkildə başa düşür. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ümumi əməkdaşlıqla birgə, onun İran Azərbaycanındakı ayrı-ayrı vilayətlərlə də əlaqələri vardır.

 

Cavabına müasir dövrə dair mühakimələrdən başlayan Bartold fikrinin sonunda tarixin orta əsrlər dövrünə qayıdır və belə bir nəticəyə gəlir ki, “…onların ümumi taleyi orta əsrlərdə, xüsusilə monqollar gələn zaman təşəkkül tapmışdır ki, İran Azərbaycanı və bu [Azərbaycan], vahid və eyni türk hakimiyyəti altında olmuşdur”. Bu fikir də Azərbaycan tarixinin ümumi inkişaf meyllərini tam əks etdirmir. Azərbaycanın həm şimalı, həm də cənubu III-VII əsrlər dövründə eyni dövlət tərkibində olur, Ərəb Xilafəti dövründə İslamın yayılması ilə mənəvi birlik meydana gəlir, Azərbaycan ərazisində ilk müsəlman dövlətlər yaranır, Sacilər dövləti Azərbaycan ərazisini vahid siyasi hakimiyyətdə birləşdirir, Səlcuqlar və Azərbaycan Atabəylər dövlətinin hakimiyyəti ilə Azərbaycanın cənub və şimalı yalnız eyni ölkənin coğrafi hissələri kimi başa düşülür. Bütün bunlar monqollaradək baş vermişdir.

 

Bartold V mühazirənin birinci hissəsindən sonra qeyd etdiyim suala verdiyi cavaba xüsusi önəm vermiş, bu fikirlər sonrakı mühazirələrə də təsir göstərmişdir. Belə ki, o, buradək heç bir şərh vermədən Cənubi Azərbaycan və Azərbaycanın cənub hissəsi anlayışlarından istifadə edir: “…bundan başqa, Cənubi Azərbaycanın iri şəhəri Ərdəbilin böyüklüyünə görə Bərdə və Dərbəndə güzəştə getdiyi qeyd edilmişdir…” [11, c.681] və yaxud “…Mosul knyazı Azərbaycanın cənub hissəsinə soxuldu və Mərzban ona qarşı getməli oldu…” [11, c.688]

 

Mühazirələrin bu hissəsindən sonra isə “Azərbaycan” adının çəkildiyi əksər yerdə irəli sürdüyü mülahizəyə uyğun olaraq, lazım gəldi-gəlmədi, müvafiq şərh verməyi lazım bilmişdir: “…sonra gürcülərin sözün geniş mənasında Azərbaycanın müsəlman vilayətlərinə yürüşləri haqqında xatırladılır [11, c.707); “Qazan xanın fəaliyyəti şimalda yerləşən və hazırda Qafqaz Azərbaycanı adlanan – məlum olduğu kimi, bu ad əvvəlki zamanlarda onlara aid edilmirdi, – yerlərə toxunmaya bilməzdi” [11, c.715]; “…indi Qafqaz Azərbaycanını təşkil edən vilayət Gürcüstana nisbətən daha az gəlir verirdi” [11, c.721].

 

Bartold Xəzərsahili vilayətlərin müsəlman dünyasının tarixində yerinə dair mühazirələrində Azərbaycan haqqında baxışlarını Azərbaycan tarixinin qısa icmalına dair mühazirəsində də [12] davam etdirmişdir.

 

Wikipediya azad ensiklopediyasında Bartoldun faktiki olaraq ilk dəfə Azərbaycan, azərbaycanlı terminlərini elmi dövriyyəyə gətirməsi haqqında fikirlər də səhvdir.

 

4. Stalin mifi və gerçəklik

 

Paradoksal vəziyyət yaranıb: Bartold göylərə qaldırılır ki, Azərbaycana “Azərbaycan” adını “verməyib”, əksinə, Stalin isə mifləşdirilir ki, bu ölkənin xalqına azərbaycanlı adı “verib”, Nizamini Azərbaycana “qazandırıb” və s.

 

Stalinin Azərbaycan tarixinin bir sıra problemlərinin, xüsusilə milli məsələnin təhrif edilməsində mənfi rolu məlumdur. Bu sırada onun X (1921, 8-16 mart, Moskva) və XII (1923, 17-25 aprel, Moskva) partiya qurultaylarında çıxışı ayrıca qeyd edilməlidir. Stalin X qurultayda Bakının Azərbaycandan ayrı olması fikrini irəli sürmüşdür. Bu fikir Stalin totalitarizmi şəraitində müəyyən dövrdə qüvvədə olmuşdur. Hətta görkəmli şərqşünaslar sırasına daxil olan İ.P.Petruşevski (1898-1977) onun tədqiqat dövrünə aid olmadığı halda ciddi səhvə yol verərək, bu tezisi qeyd-şərtsiz qəbul etmişdir [14, c. 61]. Bəzi tarixçilərin də bu səhvi təkrar etməsinə baxmayaraq, o, Stalinin ölümündən sonra təkzib olunmuşdur.

 

Stalin XII qurultayda da Azərbaycan haqqında yanlış təsəvvürlər yaratmağa çalışmışdır. O, xüsusi olaraq Azərbaycanda millətçilikdən bəhs etmişdir. Bu məsələ də SSRİ MİK sədri olan N.Nərimanovun (1870-1925) “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubunda (1923, iyun-1924, 27 may) əsaslı şəkildə araşdırılmış və əksi göstərilmişdir. O yazırdı: “Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və ya yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dulində olmalıdır. Belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar. Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz qalmırdı” və s. [4, S.38].

 

“Azərbaycanlı” məsələsinə gəldikdə, bu məsələnin üzərində ayrıca dayanmaq istəyirəm. Stalin azərbaycanlı adını erməni müəlliflərin iddia etdiyi

Stalin azərbaycanlı adını daha ətraflı şəkildə XII qurultayda (1923, 17-25 aprel, Moskva) çəkir. Həmin dövrdə isə vəziyyət fərqli idi. Stalinin fikrinin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, o, yeni bir anlayış gətirməmiş, sadəcə, real vəziyyətdən çıxış etmişdir. Stalin qurultayın 15-ci iclasında partiya və dövlət quruculuğunda milli məqamlar haqqında məruzəsində bildirir: “Azərbaycan. Əsas milləti azərbaycanlılardır, lakin orada ermənilər də vardır. Azərbaycanlıların bir hissəsinin arasında “biz azərbaycanlılar yerliyik, onlar isə gəlmədir” mövzusunda da bəzən çox da gizli olmayan tendensiya vardır. Bu hala görə olmazmı onları bir az geri itələyib, onların mənafeyi ilə hesablaşmayaq?” [23, c.447]. Bu fikri ötürüb, 1929-cu ilə gedən müəlliflər ciddi səhvə yol verir. Buradan aydın olur ki, Azərbaycanın əsas milləti azərbaycanlılardır, onlar özlərini yerli, erməniləri isə gəlmə hesab edirlər. Stalinin bolşevik məntiqi ilə deyil, normal mühakimə ilə yanaşsaq o, da təsdiq edir ki, azərbaycanlılar özlərini tam şəkildə bu ölkənin sahibi kimi hiss edir, erməniləri gəlmə adlandırıb, öz hüquqlarını müdafiə edir.

 

Stalinin Karl Radekə (1885-1939) cavabında da çox maraqlı məqamlar vardır. Stalin deyir: “Sonra yoldaş Radekin nitqində olan bir qeyd haqqında iki söz, bu barədə məndən erməni yoldaşlar xahiş edir. Yoldaş Radek burada dedi ki, ermənilər Azərbaycanda azərbaycanlılara zülm edir və zülm edə bilər və ya əksinə, azərbaycanlılar Ermənistanda ermənilərə zülm edə bilər. Mən bildirməliyəm ki, ümumiyyətlə, təbiətdə belə hal olmur. Hal əksinə olur ki, azərbaycanlılar Azərbaycanda çoxluq kimi ermənilərə zülm edir… Ermənilər özlərində, Ermənistanda bütün tatarları doğrayır. Bu Zəngəzurda olmuşdur” [23, c.606]. Burada maraqlı məqam ondan ibarətdir ki, Stalin “erməni yoldaşların” xahişi ilə Radekə cavab verir. Digər bir məqam isə Azərbaycanda azərbaycanlılardan bəhs olunduğu halda, Ermənistanda əvvəllər olduğu kimi tatarlardan danışılır. Aydın şəkildə görünür ki, Stalin adlar fərqli olsa da, eyni xalqı nəzərdə tutur.

 

Stalin altı il sonra, 1929-cu ildə “Milli məsələ və leninizm: Meşkov, Kovalçuk və digər yoldaşlara cavab” adlı yazısında bir sıra məsələlərə toxunur. Azərbaycanlı milləti ilə əlaqədar bu yazıya müraciət edənlər məsələni dərindən təhlil etmək əvəzinə, azərbaycanlı millətinin adı çəkilən hissəni mexaniki olaraq köçürməklə kifayətlənirlər. Bu yazıdan bizi maraqlandıran hissəni ayrıca şərh etmək istəyirəm.

 

Stalin millətin iki tipindən – burjua və sovet millətlərindən bəhs edir. O, rus, ukrain, tatar, erməni, gürcü və digər millətləri sovet quruluşu və proletariat diktaturası təsdiq olunanadək Rusiyadakı burjua millətləri adlandırır. Millətlərin adlarının ardıcıllığından aydın olur ki, tatar milləti dedikdə, azərbaycanlılar nəzərdə tutulur. Stalinə görə, sovet quruluşu möhkəmləndikdən sonra köhnə burjua millətlərinin bazasında sovet millətləri inkişaf edir və formalaşır. Bundan sonra Sovet İttifaqındakı millətlərin adı çəkilir və burada onların sırası – rus, ukrain, belorus, tatar, başqırd, özbək, qazax, azərbaycanlı, gürcü, erməni və b. diqqəti çəkir. Əvvəlki sıra ilə müqayisədə tatarların adı başqırdlarla bir yerdə çəkilir, bu dəfə tatarların yerinə azərbaycanlıların adı erməni və gürcülərlə bir yerdə verilir. Burada ən maraqlı məqam ondan ibarətdir ki, Stalin adını çəkdiyi sovet millətlərinin, o cümlədən azərbaycanlıların burjua millətləri bazasında yarandığını bildirir. Bu fikir sovet millətləri haqqında Stalinin formalaşmış baxışı kimi çıxış edir [41, c.338-339].

 

Stalinin sonrakı baxışları demək olar ki, bu fikrin inkişafına həsr edilib. Bu, öz əksini SSRİ-nin 1936-cı il Konstitusiyasının layihəsi haqqında VIII Ümumittifaq fövqəladə Sovetlər qurultayında (1936, 25 noyabr-5 dekabr) çıxışında da göstərir. Burada isə ayrı-ayrı millət və xalqlar deyil, sonralar geniş təbliğ edilən, sovet xalqı məsələsi gündəmə gəlir. Ona görə də 1936-cı ildə Stalin tərəfindən yeni Azərbaycan millətinin “yaradılması” o zaman həyata keçirilən milli siyasətə də uyğun deyildi. Digər tərəfdən, Stalini Azərbaycan millətinin yaradıcısı hesab edənlər bir ağızdan qeyd edir ki, 1926-cı il Ümumittifaq əhali siyahıyaalınmasında azərbaycanlılar türk kimi verilmişdir. Bu doğrudur, lakin onlar bir məsələni də unudurlar ki, 1937-ci ildə həyata keçirilən növbəti Ümumittifaq əhali siyahıyaalınmasında da azərbaycanlılar türk kimi qeydə alınmışdır [27]. Həmin dövrün tarixindən az-çox xəbəri olan hər kəs bilir ki, 1937-ci ildə Stalin repressiyasının tüğyan etdiyi bir vaxtda Stalinin 1936-cı ildə azərbaycanlı adının tətbiqinə dair göstərişi və ya fərmanı olsaydı, bu, necə nəzərə alınmaya bilərdi? Beləliklə, 1936-cı il mifinin uydurma olduğu aydın olur.

 

Bəs azərbaycanlı adının rəsmi xarakter alması necə baş verir? Burada üç məsələni xüsusilə fərqləndirmək istəyirəm. Onlardan biri SSRİ-də milli-dövlət quruculuğu prosesinin gedişi ilə bağlı olmuşdur. Məlumdur ki, 1922-ci ildə SSRİ-nin yaradılması haqqında müqaviləni RSFSR, Ukrayna, Belorusiya və ZSFSR imzalamışdır. 1924-1925-ci ildə Özbəkistan və Türkmənistan SSR yaradıldı və SSRİ-nin tərkibinə daxil oldu. 1929-cu ilin oktyabrında Tacikistan SSR təşkil edildi və 1931-ci ildə SSRİ-yə qəbul edildi. 1936-cı ilin iyununda ZSFSR əsasında üç ayrı-ayrı respublika – Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldı. 1936-cı il Konstitusiyası qəbul edilərkən Qazaxıstan MSSR də müttəfiq respublikaya çevrildi və beləliklə, SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların sayı on bir oldu. Bu müttəfiq respublikaların və RSFSR-in tərkibinə daxil olan muxtar respublikaların yaradılması prosesində titul millətlər ayrılmağa başladı. 1923-cü il çıxışında Stalin azərbaycanlı adı vermir, sadəcə, bu faktı təsdiq edir ki,  Azərbaycanın əsas milləti azərbaycanlılardır. Bununla paralel azərbaycanlılar ənənəvi olaraq tatar və türk də adlanmaqda davam edir.

 

İkinci məsələ, türk və tatar etnonimi ilə bağlıdır. RSFSR-in tərkibinə daxil olan Tatarıstanda rəsmən tatar, 1923-cü ildə təşkil edilmiş Türkiyə Cümhuriyyətində isə türk etnonimi qəbul edildi.

 

Nəhayət, üçüncü məsələ yaranmış belə bir şəraitdə Azərbaycanın mövqeyinin müəyyənləşdirilməsi ilə əlaqədardır. Bunun nəticəsi idi ki, 1937-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildikdə, onun 2-ci maddəsində qeyd edilirdi ki, “Azərbaycan SSR-in siyasi əsasını mülkədar və qapitalistlərin hakimiyyətinin devrilməsi, proletar diqtaturasının əldə edilməsi, Azərbaycan xalqının çarizm və rus imperialist burjuaziyasının milli zülmündən qurtulması və millətçi qontrrevolyusiyanın darmadağın edilməsi nəticəsində böyümüş və möhkəmlənmiş Əməkçi Deputatlarının Sovetləri təşkil edir (üslub saxlanılmışdır – K.Ş.)”. (Burada da əslində, bir yenilik yox idi, aşağıda göstərildiyi kimi, Azərbaycan xalqına dair müddəa hələ 1918-ci il İstiqlal Bəyannaməsinin birinci maddəsində əks olunmuşdur.) Məhz bunun nəticəsi idi ki, artıq 1939-cu ilin yanvarında keçirilən növbəti Ümumittifaq əhali siyahıyaalınmasında azərbaycanlı etnonimi əksini tapmışdır.

 

Stalinin azərbaycanlı və Azərbaycan xalqına münasibətdə rolu bu məsələdə deyil, xalqın etnik kökünün saxtalaşdırılmasına yönəlməsində əksini tapmışdır. Stalin azərbaycanlıları hər vasitə ilə türklükdən uzaqlaşdırmağa çalışmışdır. Burada ən azı üç istiqamət ayırmaq olar:

 

– Birinci, Azərbaycan xalqının etnogenezisinin saxtalaşdırılması. Bu məqsədlə o, Azərbaycan tarixini Midiya tarixi ilə əlaqələndirməyə çalışmışdır. Azərbaycan tarixçiləri arasında məlum olan bir hekayətə görə, o, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası günlərində respublikadan olan nümayəndələrlə görüşü zamanı “Sizin babalarınız midiyalılardır” demiş və Azərbaycan tarixinin bu istiqamətdə tədqiqinə çalışmışdır. Təsadüfi deyil ki, bundan sonra Midiya tarixinin tədqiqi ən dəbdə olan sahələrdən birinə çevrilmişdir.

 

– İkinci, Azərbaycan türk ədəbi abidələri repressiyaya məruz qalmışdır. Stalinin təsiri ilə Azərbaycan xalqının ən möhtəşəm ədəbi abidələrindən biri – Kitabi-Dədə Qorqud ciddi repressiyaya məruz qalmışdır və s.

 

– Üçüncü, 1920-1930-cu illərdə Azərbaycan xalqının tarixində dərin iz buraxmış, yeni-yeni ideyaların mənbəyi olan milli elitanın görkəmli nümayəndələri pantürkizm adı altında məhv edilmiş, nəsillərarası varisliyə ciddi zərbə vurulmuşdur.

 

5. Azərbaycan: ərazisi və siyasi coğrafiyası

 

Azərbaycan adı barədə obyektiv elmi fikrə gəldikdə, bunu müəyyən etmək üçün ölkə adı kimi Azərbaycanın tarixi coğrafiyası, bu adın siyasiləşməsi prosesi və onun dinamikası üzərində dayanmaq lazımdır.

 

Azərbaycan coğrafi adının ölkənin cənubu ilə yanaşı, şimalına aid edilməsi Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatlarda [Bax: 29; 7] elmi baxımdan həll edildiyi üçün burada onları təkrar etməyə ehtiyac görmürəm. Xülasə şəklində bildirmək istəyirəm ki, hələ Sasanilərdən bəri Azərbaycan adı altında onun həm şimal, həm də cənubu nəzərdə tutulurdu və bu baxış bütün sonrakı dövrlərdə də əsas olmuşdur. Mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövründə (1501-1736) Gəncə-Qarabağ, Şirvan və Çuxursəəd ilə birlikdə dörd bəylərbəylikdən biri olmuşdur. Səfəvilərin süqutundan sonra hakimiyyətə gələn Nadir şah (1736-1747) bəylərbəylikləri ləğv etmiş, onların əsasında vahid Azərbaycan əyaləti yaratmışdı. Nadir şahın qətlindən sonra Azərbaycan imperiyanın tərkibindən vahid şəkildə çıxa bilməmiş, xanlıqlara parçalanmışdı. Hətta xanlıqlara parçalanma vəziyyətində belə, Azərbaycan adının ölkənin hər iki hissəsinə aid edilməsini rus rəsmisi də təsdiq etmişdir. 1783-cü ildə Gürcüstanla imzalanan Georgiyevsk müqaviləsi üzrə Rusiyanın yerli çar sarayında səlahiyyətli şəxsi olan S.D.Burnaşev Dərbənd, Nuxa, Şirvan və b. torpaqları Azərbaycanın tərkibinə daxil edir [16]. Qacarlar Azərbaycanın cənub hissəsini öz hakimiyyəti altında birləşdirməyə nail olduqdan sonra, Səfəvi ənənəsinə uyğun olaraq, həmin ərazilər Azərbaycan adlandırılır və böyük əhəmiyyətinə görə onun idarəsi vəliəhdə həvalə edilirdi, yəni gələcək Qacar hökmdarları burada idarəetmə məktəbi keçirdi. 1813-cü (Gülüstan) və 1828-ci (Türkmənçay) illər müqavilələri ilə Azərbaycanın bölüşdürülməsindən sonra Rusiya imperiyası və İran ölkənin cənub və şimalının bir-birinə yaxınlaşmasının qarşısını almaq siyasəti həyata keçirirdi. Belə bir şəraitdə Rusiyanın milli əraziləri ümumrusiya inzibati vahidləri (Bakı, Yelizavetpol quberniyası və s.) ilə əvəz etməsinə baxmayaraq, ölkənin şimalının da məhz Azərbaycan olduğu qəbul edilmiş fikir idi. Nazirlər Kabinetinin 1895-ci ilə aid rəsmi nəşrində Rusiya imperiyasında məskunlaşmış xalqların əlifba siyahısında Qafqaz və Azərbaycan tatarlarından bəhs edilir və burada Azərbaycan adı altında Şimali Azərbaycan nəzərdə tutulur [8, c.68-69]. Təsadüfi deyil ki, V.Veliçko (1860-1904) da Qafqazdan bəhs edərkən “Azərbaycan tatarları” adlı xüsusi bölmə ayırmışdır [19, c.153-164].

 

Azərbaycan ifadəsinin meydana gəlməsi və dövlət adı kimi möhkəmlənməsi Azərbaycanın həm cənub, həm də şimal hissəsinin birgə xidməti olmuşdur. Belə ki, Azərbaycan termini coğrafi anlayış kimi ölkənin cənubunda yaranmışdısa, siyasi anlayış kimi onun şimalında cərəyan edən hadisələrin gedişində təşəkkül tapmışdır. Rəsulzadə 1919-cu ildə yazdığı məqaləsində qeyd edirdi ki, “bundan otuz il əvvəl Petroqrad darülfünunlarında təhsil edən Bakı, Gəncə və İrəvan vilayətlərindən gedən müsəlman tələbələr milliyyət əsası üzrə təşkil elədikləri cəmiyyətlərinə “Azərbaycan cəmiyyəti” demişlərdir…” [5, S.60]

 

1917-ci ilin fevralında Romanovlar hakimiyyətinin devrilməsindən sonra təşkil olunan Müvəqqəti Hökumət Xüsusi Zaqafqaziya Komitəsini yaratmaqla (1917, mart-noyabr) bu bölgənin birliyini saxlamaq istəsə də, hələ çar hakimiyyətinin qarşısını almağa çalışdığı etno-coğrafi xüsusiləşmə siyasi həyatda əsas amillərdən birinə çevrilməkdə idi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının I qurulatayı ərəfəsində Azərbaycan üçün milli-ərazi muxtariyyəti tələbindən bəhs olunurdu. Aprelin 15-20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilən I qurultayı milli-ərazi muxtariyyəti barədə tarixi qərar qəbul etmişdir. H.Z.Tağıyevin təkidi ilə qurultayın qərarından “Azərbaycan” sözünün çıxarılmasına dair T.Svyataçovskinin iddiası da məsələnin mahiyyətini dəyişmir [48, p.90]. Həm burada, həm də 1-11 mayda keçirilən Ümumrusiya müsəlmanlarının Moskva qurultayında ərazi-milli muxtariyyəti irəli sürülərkən ölkənin siyasi xadimləri onu Azərbaycan muxtariyyəti kimi qəbul edirdi. Türk federalistlər partiyasının proqramında siyasi vəzifə kimi Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstanın ərazi muxtariyyəti, Volqaboyu və Krım tatarları və ümumiyyətlə, bütün türk xalqları üçün milli muxtariyyət irəli sürülmüşdü [21,C.80]. Y.V.Çəmənzəminli (1887-1943) 1917-ci il noyabrın əvvəllərində məhz Azərbaycanın muxtariyyətindən bəhs edir [2]. M.Ə.Rəsulzadənin “Azərbaycan paytaxtı” adlı məqaləsi isə daha bir məqama aydınlıq gətirir. Söhbət yalnız Azərbaycandan getməmiş, onun paytaxtı məsələsi də diqqət mərkəzində olmuşdur. O yazırdı ki, “Rusiya inqilabı zühur etdikdə, ilk Zaqafqaziya qurultayı burada (Bakıda – K.Ş.) toplanıb mərkəzi müsəlman komitəsi dəxi burada təsis etmiş, Azərbaycan muxtariyyəti fikri burada möhkəmləşərək muxtariyyətçilər burasını Azərbaycan bədəninin ayrılmaz bir təfləsi, paytaxtı elan etmişlərdir” [5, s.48].

 

Digər çox maraqlı bir fakta da diqqəti cəlb etmək istəyirəm. N.Nərimanov bolşevik partiyası diyar komitəsinin orqanı olan “Zarya Vostoka” qəzetində yazırdı ki, “mən xatırlayıram, 1917-ci ilin yay günlərinin birində Tiflisdə Ramişvilinin (Noy Vissarionoviç Ramişvili (1881-1930), sonralar Gürcüstan Demokratik Respublikası hökumətinin birinci sədri (1918, 26 may-24 iyun) – K.Ş.) kabinetində menşeviklərin liderləri Jordaniya (Noy Nikolayeviç Jordaniya (1869-1953), sonralar Gürcüstan Demokratik Respublikası hökumətinin ikinci sədri (1918,24 iyun-1921, fevral) – K.Ş.), Gegeçkori (Yevgeni Petroviç Gegeçkori (1881-1954), sonralar Zaqafqaziya Komissarlığının sədri olmuşdur (1917, 27 noyabr-1918,9 aprel) – K.Ş.) və başqaları toplaşmışdı. Erməni millətçilərinin Piterdə “Böyük Ermənistan” ideyasını apardıqları çıxışlarına, başqa sözlə, Azərbaycan, Gürcüstan və Rusiyanın az qala Rostovadək ərazilərinin ələ keçirilməsi istəklərinə necə reaksiya vermək müzakirə olunmağa başladı. Məndən soruşdular: “Sizin fikriniz necədir?” Mən cavab verdim: “Bu, bizimkiləri “Böyük Azərbaycan”, sizi isə “Böyük Gürcüstan” haqqında düşünməyə məcbur edəcəkdir” [26, c.218].

 

Sonrakı tarixi hadisələr – Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi və ZDFR zamanı Azərbaycan coğrafi adı yenə də tamamilə siyasi anlamda istifadə edilir [Bax: 37]. Beləliklə, bəzən qeyd edilidyi kimi, bilavasitə Azərbaycan Cümhuriyyəti yarananda deyil, hələ onadək “Azərbaycan” sözü siyasi coğrafiyanı ifadə edirdi. Ona görə də Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də müstəqillik elan edildikdə yalnız mövcud hal təsdiq edilmişdir. İstiqlal Bəyannaməsinin əhəmiyyəti ondan ibarət idi ki, artıq siyasi anlama malik olan Azərbaycanın dövlət kimi ərazisi də orada əksini tapmışdır. İstiqlal Bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir”.

 

Ən vacibi, Azərbaycan dövləti öz ərazisini müəyyən etməklə qalmamış, qonşu Gürcüstan və Ermənistan dövlətləri ilə münasibətdə ərazi bütövlüyünü müdafiə etməyə çalışmışdır. Osmanlı dövləti ilə eyni zamanda Gürcüstan və Ermənistan da Cənubi Qafqazda Azərbaycan adlı dövlətin yaradılmasını təbii-tarixi proses kimi qəbul etmiş, bu məsələdə heç bir etiraz bildirməmişdir. 1918-ci il 30 oktyabr Mudros müqaviləsindən sonra Azərbaycana gələn və Şərqi dərindən bilən ingilislər də Azərbaycan Cümhuriyyətini tanıyır. Azərbaycan Cümhuriyyəti bu adla Paris sülh konfransında de-fakto tanınır. Sovet Rusiyası rəsmən Azərbaycanı tanımasa da, bu onun adı ilə bağlı olmamışdır. Yuxarıda qeyd etdiyim kimi, yalnız İran tərəfindən müəyyən gərginlik yaradılmışdı ki, bu da diplomatik yolla həll edildi və 1920-ci ilin martında hər iki dövlət arasında bir sıra müqavilələr bağlandı.

 

Cümhuriyyətin süqutundan sonra onun ideoloji düşmənləri olan həm yerli, həm də Sovet Rusiyası rəhbərləri də birmənalı şəkildə dövlətin adını müzakirə predmetinə çevirməmişdi. Lenin Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Bakıya göndərdiyi 1920-ci il 5 may teleqramında onu  müstəqil Azərbaycan Sovet Respublikası kimi tanımışdı [33, c.119].

 

6. Azərbaycanlılar: etnik adının xüsusiyyətləri və identifikasiyasına dair

 

Dünya üzrə xalqların etnik adının formalaşması və mənası üzrə ümumi tendensiyalar məlumdur. Bəzi xalqların adları qədim dövrlərdə meydana gəlmiş, bu adları onlara ya özləri vermiş (endoetnonim), ya da xaricdən (ekzonim) verilmişdir. Xalqın etnik adı ilə onun identifikasiyası arasındakı əlaqə də mühüm elmi problemlərdəndir. Bu məsələləri şərh etmək üçün dünya tarixi təcrübəsinə nəzər salmaq və ya analogiyalar aparmaq olar və lazımdır, lakin Azərbaycan üçün onların nümunə olması zəruri deyil. Bu, hər şeydən əvvəl Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır.

 

Azərbaycan qədim insanın məskənlərindən biri olmuş, insan birliyinin ilkin formalarının bütün mərhələlərini keçmiş və bu, yerli etnik proseslərlə müşahidə olunmuşdur. Dini-siyasi hadisələr, xüsusilə Azərbaycan uğrunda qüdrətli Şərq imperiyalarının mübarizəsinin bir tərəfdən əhali itkilərinə səbəb olması, digər tərəfdən geniş miqrasiyalara gətirib çıxarması da ciddi təsirə malik olmuşdur.

 

Azərbaycan xalqının tarixində ayrı bir dövr kimi qəbul edilən İslamaqədərki dövr tarixini ümumiləşdirsək, qeyd edə bilərik ki, burada bir sıra etnosların (alban, atropaten və s.) mövcud olmasına baxmayaraq, ümumi etnik prosesləri özündə əks etdirən və davam etdirərək növbəti mərhələyə keçirən türklər olmuşdur. Təsadüfi deyil ki, IX əsrin 20-ci illərinə aid bir mənbədə Azərbaycan qədim zamanlardan türk torpağı adlandırılır [15, c.5]

 

Atropatena və Albaniyanın son mərhələsinə nəzər salsaq, görərik ki, o İslam dininin yayılması ilə əlamətdar olur. Bununla Azərbaycan İslam sivilizasiyanın tərkib hissəsinə çevrilir, onun Qafqazda qonşusu olan erməni və gürcülər isə xristian dinində qalır. İslam ənənəsinə görə Azərbaycanda da konfessional mənsubiyyət etnik mənsubiyyəti üstələyir, lakin onu tam aradan çıxara bilmir. “Kitabi-Dədə Qorqud” bu prosesin ilk mərhələsini özündə əks etdirir.

 

Türklərin Xilafətdə rolunun artması, Səlcuq fəthləri nəticəsində isə onların İslam dininin müdafiəçisinə çevrilməsi ilə türklük və müsəlmanlıq sıx konsolidasiya olunur. Konfessionimin – müsəlmanın tədricən etnonimə çevrilməsi prosesi müşahidə olunur. Bu dövrdə imperiyaların həyata keçirdiyi köçürmə siyasəti nəticəsində Azərbaycanda müxtəlif tayfaların məskunlaşması nəticəsində hər hansı tayfaya mənsubiyyət də etnonimə çevrilir. Azərbaycan ərazisini işğal edən imperiyaların süqut etməsi ilə Azərbaycan dövlətlərinin meydana gəlməsi ərazi (qarabağlı, şirvanlı və s.) və ya həmin dövlətlərin şəhərlərinə (bakılı, gəncəli və s.) mənsubiyyətlə ifadə edilməni də genişləndirir.

 

Səfəvilər dövlətinin (1501-1736) meydana gəlməsi ilə yeni dövr başlanır. Bu dövrədək Azərbaycan dövlətləri imperiyaların dağılması nəticəsində meydana gəlirdisə, Səfəvilər dövləti Şirvanşahlar və Ağqoyunlu dövlətlərinin ərazisi əsasında formalaşır və 1538-ci ildə mərkəzləşmiş dövlətə çevrilir. Mərkəzləşmiş dövlətin meydana gəlməsi ilə formalaşmış etnik adın ümumi dövriyyəyə keçməsi üçün şərt yaranır, lakin dini-siyasi faktor yenidən özünü göstərir. Səfəvi-Osmanlı ziddiyyətləri kəskinləşir, dini zəmində ilk dəfə olaraq türk dünyasında ciddi fərqlilik meydana gəlir, şiəlik Səfəvilərin rəsmi baxışına çevrilir. Bu özünü etnik adda da göstərir. Səfəvi dövlətinin türk əhalisi qızılbaş adlandırılmağa başlayır, lakin bu, etnik mənsubiyyətin məzmununa təsir etmir. Sarayda türk dili tətbiq edilir, türk etnik faktoru dövlətdə həlledici rol oynayır. Səfəvilər dövlətinin süqutu ilə Qızılbaş ideologiyası da tədricən aradan qalxır. Yeni yaranan Əfşarlar dövlətinin banisi Nadir şah (1736-1747) dini təfriqəni aradan qaldırmağa cəhd etsə də, Osmanlı dövləti ilə ziddiyyətlər davam edir.

 

Nadir şahın ölümündən sonra xanlıqlar meydana gəlir və nəticədə yenidən ərazi və ya şəhərlərin adı ilə adlandırılma üstün yerə keçir. Mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi uğrunda mübarizənin süqutu ümumi etnik adın yalnız rəsmiləşməsinə mane olur.

 

Xanlıqlararası mübarizə və xarici təsir ölkənin müdafiə qabiliyyətini zəiflədir, nəhayət, Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürülür. Yeni tarixi şərait nəticəsində ölkənin şimalı ilk dəfə xristian dövlətin – Rusiyanın hakimiyyəti altına düşür, cənub isə İranın hakimiyyətinə keçir. Bu vaxtdan etibarən Rusiya və İran arasında Azərbaycan üzrə davam edən siyasi rəqabət xalqın etnik adına və mənsubiyyətinə münasibətdə də özünü göstərir. Bu mübarizənin əsas tendensiyaları Rusiya imperiyasında özünü daha kəskin şəkildə büruzə verir. Rusiya imperiyasının rəsmi dairələri bir tərəfdən Azərbaycanın şimal hissəsində yaşayan əhalinin, digər tərəfdən cənubda yaşayan əhalinin etnik cəhətdən ayrılığına nail olmağa çalışırdı. Dövrün mənbələrində cənubi azərbaycanlılar İran təbəəsi, tat və s. adlar ilə adlandırılırdı. Rusiya imperiyasının azərbaycanlı əhalisinə də müxtəlif adlar verməklə etnik eyniliyin inkar edilməsinə cəhd edilirdi. Bu ekzonimlər içərisində Qafqaz (və ya Zaqafqaziya) müsəlmanları, yaxud Qafqaz (və ya Zaqafqaziya), ya da Azərbaycan tatarları üstünlük təşkil edirdi.

 

Bununla yanaşı, Rusiya imperiyası dövründə Azərbaycan türkü endoetnonimi əsas yer tuturdu. Bu da təsadüfi deyildi. Nəinki türk-müsəlman aləmində, eləcə də müsəlman etnosları arasında Azərbaycanda da birincilər sırasında milli mənsubiyyət dini mənsubiyyətdən ayrılmağa başlanmış, milli dövlət quruculuğu ideyası yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bunun nümunəsi oldu. M.Ə.Rəsulzadə yazırdı ki, “Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan türk millətinin təsis elədigi bir hökumətdir…” [5, s.64] Azərbaycan Xalq Cümhuriyyətini devirən və sərt anti-milli siyasət yeridən sovet hakimiyyəti də bu milli özünüdərki məhv edə bilmədi.

 

Azərbaycan milləti və ya azərbaycanlı endoetnonimi bu irsin inkarı və ya yeni etnik kimlik yaradılması deyil, Azərbaycan türk milləti ilə eyni məzmuna malik olub, bu sahədəki tarixi irsin tam hüquqlu sahibi və varisi idi.

 

“Azərbaycan milləti” anlayışının ilk dəfə “Kəşkül” qəzetində (1890, №115) işləndiyi məlumdur. Rəsulzadə sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına dəfələrlə qayıtmış və yuxarıda qeyd edilən fikri belə ifadə etmişdi: “28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir”.

 

“Azərbaycanlı” anlayışına gəldikdə, o, “Azərbaycan” adının meydana gəlməsi ilə yaşıddır və onun xalqının etnik adının təşəkkülü tarixinin tərkib hissəsidir. Burada söhbət əsasən, azərbaycanlı adının ümumi prosesdəki yerindən gedir. Burnaşev yuxarıda qeyd edilən əsərində azərbaycanlı anlayışından istifadə etmişdir. Brokqauz və Yefronun ensiklopedik lüğətinə görə, bəzi alimlər (Yadrintsev, Xaruzin, Şantr) somatoloji münasibətdə türklərlə az ümumiliyə malik olan bir sıra türk-tatar xalqlarının terminologiyasının dəyişdirilib, məsələn, Azərbaycan tatarlarının (iranlı tipi kimi) azərbaycanlı, Altay tatarlarının (türklərdən daha çox finləri) altaylı və s. adlandırılmasını təklif edirdilər [32, c.347-350]. Belə yanaşma elmi baxımdan doğru deyildi. Daha doğru yanaşmanı Azərbaycan publisisti M.Şahtaxtinski irəli sürmüşdü. Onun məqaləsi belə də adlanırdı: “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” [45] Bu məqalədə yeni bir ad yaradılmasından deyil, sadəcə, Rusiya imperiyasının rəsmi leksikonunda əsas yer tutan Zaqafqaziya müsəlmanlarının azərbaycanlı adlandırılmasından gedir. Brokqauz və Yefronun ensiklopedik lüğətinin 1898-ci ildə nəşr edilən XXIII (45) cildindəki məqalədə azərbaycanlı anlayışından istifadə edilirdi [47, c.401]. Veliçko da azərbaycanlı anlayışından Azərbaycan tatarları və ya türklərinin sinonimi, yəni etnik ad kimi istifadə edir [19].

 

Təxminən yüz qırx il ərzində (XIX əsr-1930-cu illər) Azərbaycanın şimalında endoetnonim və ekzonimə dair tərtib edilmiş tarixi-xronoloji cədvəl də bu fikri təsdiq edir. Cədvəldən göründüyü kimi, Rusiya və sovetlərin imperiya siyasətinə baxmayaraq, xalqın etnik adının müəyyən edilməsində endoetnonim həlledici yerə malik olmuşdur.

 

Azərbaycanlılar: əsas endoetnonim (xalqın özünə verdiyi ad) və ekzonimə (xaricdən xalqa verilən ad) dair (XIX əsr -1930-cu illərin sonları)

 

XIX-XX əsrin əvvəlləri

1918-1930-cu illərin sonları

1930-cu illərin sonlarından

Endoetnonim

Ekzonim

Endoetnonim

Endoetnonim

– müsəlman

Qafqaz (Zaqafqaziya) müsəlmanları

– müsəlman

– türk

 Azərbaycan türkləri

– türk

– tatar

Qafqaz (Zaqafqaziya)

tatarları

Azərbaycan tatarları

Azərbaycan tatarları

– azərbaycanlı (xalq)

 azərbaycanlı

– azərbaycanlı

– azərbaycanlı

– Azərbaycan milləti

– Azərbaycan milləti

– Azərbaycan milləti

– Azərbaycan xalqı

– Azərbaycan xalqı

 

*Ox işarələri endoetnonim və ekzonimin qarşılıqlı təsirini göstərir: ekzonim endoetnonimin, endoetnonim ekzonimin təsiri ilə yaranmışdır.

Xalqın adının transformasiyası ilə müşahidə olunan özünəməxsus xüsusiyyət etnik adın məzmunu kimi, etnik identifikasiyanın mahiyyətinə də təsir göstərə bilməmişdir. Ərazi, dil, ədəbiyyat, adət-ənənə, tarixən formalaşmış mentalitet, bir sözlə, etnik identifikasiyanı müəyyən edən zəmin eyni olmuş, yeni tarixi şəraitə uyğun olaraq davam etdirilmiş və zənginləşdirilmişdir.

 

 

Qeydlər

1. Azərbaycan dilinin izahlı lüğəti. C.I. Bakı, 2006

2. Çəmənzəminli Y.V. Azərbaycan muxtariyyəti. Ayılın, toplaşın!//Əsərləri. III C. Bakı, 2005, S.209-211, 212-217

3. Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransından tələbləri//Azərbaycan Paris Sülh Konfransında (1919-1920). Bakı, 2008

4. Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı, 1990

5. Rəsulzadə M.Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı, 2013

6. Svyataçovski T. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə keçid dövründə. İngilis dilindən tərcümə. Bakı, 2000

7. Алияров С. Республика Азербайджан: Заметки о государственных границах в прошлом и настоящем// Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı, 2012, S.418-450

8. Алфавитный список народов, обитающих в Российской империи. Изд. Канц. Комитета Министров. СПб., 1895

9. Асратян Г. Этническая композиция Ирана. От «Арийского простора» до Азербайджанского мифа. Ереван, 2012

10. Бартольд В.В. Место Прикаспийских областей в истории мусульманского мира. Баку, 1925

11. Бартольд В.В. Место Прикаспийских областей в истории мусульманского мира. //Соч.Т.II.Ч.1: Общие работы по истории Средней Азии. Работы по истории Кавказа и Восточный Европы. М., 1963, С.651-772

12. Бартольд В.В. Краткий обзор истории Азербайджана//там же, С.775-783

13. Бартольд В.В. Арран//Соч. Т.III. Работы по исторической географии. М., 1965. С.334-335

14. Бахревский Е.В. Этническая пестрота и цивилизационное единство: опыт Ирана. Рец. На кн.: Асратян Г. Этническая композиция Ирана. От «Арийского простора» до Азербайджанского мифа. Ереван, 2012 //Проблемы национальной стратегии. 2013, №3(18), С.217-220

15. Буниятов З. Обзор источников по истории Азербайджана. Источники арабские. Баку, 1964

16. [Бурнашев] Описание областей адребижанских в Персии и их политического состояния. Курск, 1793

17.В 1929 г. Иосиф Сталин впервые упомянул об азербайджанцах//  http://novostink.ru/politics/32799-v-1929g-iosif-stalin-vpervye-upomyanul-ob-azerbaydzhancah.html

18. Варданян Т. Азербайджанцы. История одного незавершенного этнопроекта. М., 2012

19. Величко В. Кавказ. СПб., 1904

20. Галичиян Р. Мифологизация истории: Азербайджан, Армения, вымыслы и факты. Перев. с англ. Ер., 2010

21. Гусейнов М.Д. Тюркская демократическая партия федералистов «Мусават» в прошлом и настоящем. Баку, 1927

22. Д.А. Персы// Энциклопедический словарь. Издатели: Ф.А.Брокгауз (Лейпциг). И.А.Ефрон (С.-Петербург). СПб.,1898, т. XXIII (45)

23. Двенадцатый съезд Российской Коммунистической Партии (большевиков). Стенографический отчет. 17-25 апреля 1923 г. М., 1923

24. Деникин А. Очерки русской смуты. Т.IV.

25. Дипломатические беседы А.А.Топчибашева в стамбуле (записи чрезвычайного посланника и полномочного Министра Азербайджанской Республики).1918-1919 гг. Баку, 1994

26. Дубинский-Мухадзе И.М. Нариманов. М.,1977

27. Жиромская В.Б., Киселев И.Н., Поляков Ю.А. Полвека под грифом секретно. Всесоюзная перепись населения 1937 г. М.,1996

28. Знаменитых востоковедов обьединила альма-матер// http://www.ysu.am/news/ru/1383293895

29. Историческая география Азербайджана. Баку, 1989

30. Кто и когда впервые упомянул топоним “Азербайджан”// http://novosti.az/azerbaijan/3389.html

31. Л.Ш-г. Тюрки//Энциклопедический словарь. Издатели: Ф.А.Брокгауз (Лейпциг). И.А.Ефрон (С.-Петербург). СПб.,1902

32. Его же, Тюрко-татары//там же, С.347-350

33. Ленин В.И. Телеграмма Советскому Социалистическому правительству Азербайджана//Полное собрание сочинений. Т.41

34. Мелик-Шахназарян Л. Почему Азербайджан назвали Азербайджаном?// http://voskanapat.info/?p=9398%20

35. Десятый съезд РКП(б). 8-16 марта 1921 года: Протоколы. М.,1933

36. Петрушевский И.П. Очерки истории феодальных отношений в Азербайджане и Армении в XVI–начале XIX вв. Л., 1949

37. Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального Совета 1918 г. Баку, 2006

38. Сталин И.В. Марксизм и национальный вопрос//Соч., т.2, С.290-367

39. Его же, Доклад об очередных задачах партии и национальном вопросе на X съезде РКП (б)// Соч., т.5, С.33-44

40.Его же, Доклад о национальных моментах в партийном и государственном строительстве на XII съезде РКП (б)//Соч., т. 5, С.236-263

41. Его же, Национальный вопрос и ленинизм: Ответ товарищам Машкову, Ковальчуку и другим.// Соч., т.11, С.333-355

42. Так был ли Азербайджан или нет?// http://haqqin.az/news/38130

43. Тунян В. Пристрастие Азербайджана к истории Армении: мифы и реалии. Ер., 2013

44. Шагинян А. Армения, Азербайджан и Южный Кавказ в древности и средние века. Учебник. СПб., 2012

45. Шахтахтинский М. Кака называть закавказских мусульман?//Каспий, 1891, 1 май

46. Энаят-Олла Рза. Азарбайджан и Арран (Атурпатакан и Кавказская Албания). М., 2012

47. Энциклопедический словарь. Издатели: Ф.А.Брокгауз (Лейпциг). И.А.Ефрон (С.-Петербург). СПб.,1898, т. XXIII (45)

48. Swietochowski T. Russian Azerbaijan, 1905-1920.Cambridge University Press, 2004