Bu ilin yanvar-oktyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
“APA-Economics” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, bu ilin noyabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 15 mln. 849,1 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 13 mlrd. 405 mln. 778,5 min manat təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 695 mln. 694,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,83 dəfə azdır. Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 320 mln. 155 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,33 dəfə azdır.
Ötən ilin 10 ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,49% azalıb. Başqa sözlə, bu ilin yanvar-oktyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 758 mln. 946,2 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 1 mlrd. 131 mln. 908,9 min avro təşkil edib.
Bu ilin 10 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 495 mln. 671,2 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,86 dəfə azdır. Bu ilin yanvar-oktyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 263 mln. 275 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.