İqbal Ağazadə: “Sadə vətəndaşların da içindən bir lider meydana çıxa bilər

10/12/16 10:13

Ümid Partiyasının sədri: “Mən neçə illər o Məclisin hansı səviyyədə, nə zaman və harada qaynadığını çox yaxşı görmüşəm, bilirəm”; “Müxalifətin olmamağı hansısa ölkə üçün heç də xoşbəxtlik gətirmir”

Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədəki iqtisadi, sosial, siyasi durumla bağlı “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında danışıb. Redaktor korpusunun suallarına cavabında İqbal Ağazadə məsələlərə özünəməxsus yanaşma tərzi sərgiləyib, eyni zamanda təkliflərlə çıxış edib. Müsahibənin ikinci hissəsini təqdim edirik. 

(əvvəli ötən sayımızda)

– Müxalifət niyə qiymət artımı ilə bağlı məsələlərdə ciddi rol oynamadı? Bəlkə müxalifət güclü olsaydı, ortaya mövqe qoysaydı hakimiyyət bu addımları fərqli atardı?

– Hakimiyyətin yanlış siyasəti odur ki, ölkədə müxalifəti görməzlikdən gəlir. Hakimiyyət bütün gücünü müxalifəti tamamilə sıradan çıxarmağa yönəltdi. 2005-ci ildən başlayaraq ölkəyə böyük neft pullarının daxil olması nəticəsində iqtidar iqtisadi eyforiya üzərində siyasət qurdu. Güc, ölkədəki müxalifyönlü siyasi institutların məhv olunmasına doğru yönəldildi. Hətta sevinərək xoşbəxtcəsinə deyirdilər ki, artıq Azərbaycanda müxalifət yoxdur. Mən yazılarımın birində bu məsələ ilə bağlı yazmışdım ki, gəlin baxaq görək hansı ölkələrdə müxalifət yoxdur. Şimali Koreyada, Belarusda, Suriyada, Özbəkistanda müxalifət yoxdur. Bu ölkələr inkişaf edibmi? Bu gün hətta İranda, Rusiyanın özündə müxalifət var.

Müxalifətin olmamağı hansısa ölkə üçün heç də xoşbəxtlik gətirmir. Necə ola bilər ki, Azərbaycan kimi bu qədər problemləri olan ölkədə müxalifət olmasın? Deməli, başqa gizli proses var. ABŞ kimi, Norveç kimi, Almaniya kimi yüksək həyat tərzi bərqərar olmuş ölkələrdə belə, müxalifət varsa, bizdə olmaması normal deyil. Hakimiyyət təmsilçiləri təəssüf ki, ironiya ilə deyirdilər ki, bizdə müxalifət yoxdur, süni şəkildə müxalifət yaradası deyilik ki, xalq bizi dəstəkləyir. Siyasi institutlar narazı elektoratın təşkilatlandırılması funksiyasından bilərəkdən kənarlaşdırıldı, müxalif təşkilatlar zəif duruma salındı və bu amil də məmurlar ordusunda arxayınçılıq yaratdı…

“Hakimiyyət nümayəndələri bu gün müxalifət partiyalarının təmsilçiləri kimi danışırlarsa, Siyavuş Novruzov deputatlara xitabən “Neçə il idi tərifləyirdiniz, indi nə oldu” deyirsə, bu, artıq xəbər verir ki, vəziyyət heç də rahat deyil”

– Siz bu cür təhlillə müxalifət texnoloqlarını, müxalifət liderlərini məsuliyyətdən tamamilə kənarda qoyursuz. Sizlərin heçmi suçu yoxdur?

– Bizdə də suç çoxdur. Bizim səhvimiz həmişə onda olub ki, məğlub olarkən demişik ki, qarşı tərəf qeyri-demokratikdir. Amma biz özümüz-özümüzə sual verməmişdik ki, axı sən onun qeyri-demokratik olduğunu bilə-bilə prosesə qoşulmuşdun, nədən antidemokratik prosesə demokratik don geyindirdin? Yəni bizdə də günah var. Biz bütün situasiyalarda təşkilatçılıq funksiyasını yerinə yetirməli idik. Vəziyyət nə qədər ağır olsa da bunu etməliydik. Görünür, buna yetənəyimiz, bacarığımız, imkanlarımız və ya təşkilatlanma səviyyəmiz imkan verməyib…

– Müxalifət düşərgəsi son qiymət artımından sonra da ortada demək olar ki, yoxdur. Siz dediniz ki, hökumət ağır durumdadır. Ancaq sizə elə gəlmirmi hökumətdən daha çox iflasda olduğu görünən müxalif düşərgədir?

– İndi müxalif düşərgənin iflasından danışmaq yanlışdır, indi müxalif düşərgənin əslində oyanışı prosesi gedir. Çünki müxalif düşərgə bir qurumdan ibarət deyil, müxalif düşərgə xalqla işləyən, xalqdan dəstək almaq istəyən çoxsaylı təşkilatlardan ibarətdir. Onların bəzilərinin durumu bu gün iflas durumuna bənzəyə bilər, ancaq digərlərində oyanış dövrüdür. Bəlkə də müxalif düşərgədə bir az hərəkətlilik olsa, xalq dəstək verməyə başlayacaq. Bəzən deyirlər ki, xalq müxalifət liderlərinə inanmır və arxasınca gəlmir. Bu, yanlış fikirdir. Ekstremal vəziyyətlərdə, “bıçaq sümüyə dirənəndə” xalq həm ortada olan liderlərin arxasınca gedir, eyni zamanda ortaya elə adamlar çıxır, xalq elə adamların arxasınca gedir ki, əvvəllər heç ağıla gəlməzdi bu adam nə zamansa böyük bir prosesin lideri ola bilər. Sadə vətəndaşların da içindən bir lider meydana çıxa bilər, yaxud ortada olan partiya liderlərindən də prosesdə önə çıxa bilər. Geriyə qayıtmağa ehtiyac yoxdur. Ölkədə bu gün müxalifət var və geriyə qayıtmaq yox, irəli getmək düşüncəsindədir…

“Ekstremal vəziyyətlərdə, “bıçaq sümüyə dirənəndə” xalq həm ortada olan liderlərin arxasınca gedir, eyni zamanda ortaya elə adamlar çıxır, xalq elə adamların arxasınca gedir ki, əvvəllər heç ağıla gəlməzdi bu adam nə zamansa böyük bir prosesin lideri ola bilər”

– Amma hətta indi də bir araya gələ bilmirlər…

– Bir araya gəlmişik. Elə bugünlərdə bir araya gəlmişik, ciddi müzakirələr aparmışıq…

– Qazın və elektrikin tariflərinin qaldırılması ilə bağlı ADP qərargahındakı toplantını deyirsiniz?

– Başqa tədbirlərdə, toplantılarda da olmuşuq, görüşlər olub…

– Orada yığışdız, danışdız, dağılışdız. Proses başlamadı… Restoran görüşləriniz yoxmu? Əvvəllər “Asiman” restoranında tez-tez müxalifət liderlərinin görüşü olurdu, ətli yemək yeyirdiz. 

– Hələ bu tipli görüşlər yoxdur. Amma əslində nə fərqi var ki, ya restoranda toplandıq, ya başqa bir məkanda. Əsas məsələ odur ki, bir araya gəlirsən və müzakirə aparırsan.

– “Asiman formatı”nı yenidən qurmaq təşəbbüsü göstərmək istəyirsinizmi?

– Hələlik yox. Hesab edirəm ki, hələlik bütün tərəflər bərabər şəkildə prosesə yanaşmalıdırlar. Amma yenə də vurğulamaq istəyirəm ki, müxalifətin zəif olmasından və ya hakimiyyətin təbirincə desək, heç olmamasından qorxmalı olan müxalifət deyil, iqtidardır. Müxalifətin, demokratik institutların rolu artmalıdır və buna imkan verilməlidir ki, ekstremal vəziyyətlərdə dialoq, barış mühiti əldə etmək mümkün olsun, ekstremal vəziyyət yarananda bir tərəf dağıdıcı tərəfə çevrilməsin…

– İqbal bəy, ekstremal vəziyyətdən danışırsınız, amma hakimiyyət rahat görünür. Ekstremal vəziyyətin yaranmaq ehtimalı nə dərəcədə realdır?

– Vallah əgər hakimiyyət bu qədər problemlərin içərisində də rahatdırsa, eyvallah. Ölkədə problem çox ciddidir. Əslində hakimiyyət də bunun fərqindədir. Deyirsiniz ki, hakimiyyət rahat görünür. Bəs bugünlərdə Milli Məclisdəki narahatlıq yağan çıxışlar nədir?

– Ora siyasi hakimiyyətin baş binası deyil, parlament adətən qaynamalıdır…

– Xeyr. Milli Məclisdəkilərin hamısı hakimiyyət nümayəndələridir. Mən neçə illər o Məclisin hansı səviyyədə, nə zaman və harada qaynadığını çox yaxşı görmüşəm, bilirəm. Əgər hakimiyyət nümayəndələri bu gün müxalifət partiyalarının təmsilçiləri kimi danışırlarsa, Siyavuş Novruzov deputatlara xitabən “Neçə il idi tərifləyirdiniz, indi nə oldu”, deyirsə, bu, artıq xəbər verir ki, vəziyyət heç də rahat deyil. Maliyyə naziri, Mərkəzi Bankın İdarə Heyətinin sədri və digər hökumət rəsmiləri elə bugünlərdəcə 2017-ci illə bağlı proqnozlar verdilər. O proqnozlar heç də rahat olmağa əsas verən, ürəkaçan proqnozlar deyildi. Ona görə də hakimiyyət hətta narahat deyilsə də bunun özü yanlışdır. Narahat olmalıdırlar. Biz ölkədə kataklizm istəmirik.

– Gözlənilirdi ki, sentyabrda keçirilən referendumdan sonra vitse-prezidentlik institutu təsis olunacaq, o institutlar sırf iqtisadiyyatla bağlı olacaq, vitse-prezidentlər ölkədə iqtisadi islahatları həyata keçirəcək. Referendumdan xeyli zaman keçib, amma hələ ki vitse-prezidentlər təyin olunmayıb. Sizcə, nədən hələ təyinatlar olmadı?

– Hazırkı vəziyyətdə nə fərqi var ki, ölkədə iqtisadi siyasəti ya vitse-prezidentlər həyata keçirdi, ya nazir həyata keçirdi. Kadr sadəcə planı gerçəkləşdirə bilər, ya uğurlu eləyə bilər, ya bir az uğursuz həyata keçirə bilər. Amma əvvəlcə bir planı ortaya qoymaq lazımdır. Mən düşünürəm ki, yoxdur o plan…

– Eşitdiyimizə görə, o plan hazırlanır…

“Əgər hakimiyyət bu qədər problemlərin içərisində də rahatdırsa, ey valah…”

– Heç bir ehtiyac yox idi hansısa xarici bir konsaltinq şirkətinə çox böyük məbləğdə vəsait ödəyib plan hazırlatmağa. İnanın ki, Azərbaycanın özünün daxilində ölkədəki hazırkı vəziyyətdən çıxış yollarını bilən mütəxəssislər kifayət qədərdir. Onlardan istifadə etmək lazımdır. Təvazökarlıqdan uzaq olsa da Ümid Partiyasının hakimiyyətə təqdim etdiyi antiböhran proqramı ciddi bir islahat proqramı idi. Bu cür proqramlardan yararlanmaq olmazdımı? Biz təklif etmişdik ki, bir-birini təkrarlayan nazirliklər, komitələr, digər qurumlar ləğv edilməli, bəziləri birləşdirilməlidir…

– Yeri gəlmişkən, son günlər “Qaçqınkom”a ehtiyac olmadığı barədə fikirlərə rast gəlinir. Qeyd edilir ki, artıq belə bir quruma ehtiyac yoxdur, bu qurumun funksiyalarını hansısa bir nazirliyə həvalə etmək olar…

– Ölkədə kifayət qədər başqa da komitələr, ASC-lər, QSC-lər, dövlət agentlikləri var ki, əslində milyonlarla vəsait xərcləyib onları saxlamağa ehtiyac yoxdur, onların işini müxtəlif nazirliklər, qurumlar həyata keçirə bilər. “Azərişıq”, “Azərenerji”, Energetika Nazirliyi mövcuddur. Bunların üçünü birində birləşdirmək olmazmı? Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Əks-kəşfiyyat Xidməti var. Bunların hamısı bir funksiyanı yerinə yetirir. Ona görə vahid qurum halında birləşdirmək olmazmı? Gömrük Komitəsi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi fəaliyyət göstərir. Bunları Maliyyə Nazirliyinin tərkibində birləşdirmək olmazmı? İqtisadiyyat və Sənaye Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyini vahid qurumda birləşdirmək olmazmı? Xəzər Dəniz Gəmiçiliyi, Azəravtoyol, Azərbaycan Dəmiryolları, Nəqliyyat Nazirliyi mövcuddur. Bunların hamısını bir qurumda birləşdirmək olmazmı? Olar və bu islahatlar dövlət büdcəsinin yükünü də xeyli azaldar.

– Deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu bildiriblər ki, dövlət “Qaçqınkom”a qaçqınlar üçün böyük miqdarda vəsaitlər ayırır və həmin vəsaitlərin heç də hamısı qaçqınlara gedib çatmır, mənimsənilir. Ona görə də həmin vəsaitlər “Qaçqınkom”a verilmədən birbaşa məcburi köçkünlərə çatdırılmalıdır. Birbaşa eləmək mümkün deyilmi?

– Birbaşa eləmək mümkün deyil. Kim bunu iddia edirsə, kifayət qədər məlumatlı deyil və yanlış söyləyir. Əgər ölkənin 1 milyon 300 min nəfər vətəndaşı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun da tərkibində Dövlət Sosial Müdafiə Fondu yaradılırsa, 1 milyondan yuxarı məcburi köçkünün problemləri ilə məşğul olmaq üçün ayrıca bir qurum olmalıdır…

– Yaradılan qurumda isə yeyinti olduğu deyilir…

“Bizdə də suç çoxdur, bütün situasiyalarda təşkilatçılıq funksiyasını yerinə yetirməli idik”

– Yeyinti məgər təkcə “Qaçqınkom”da var? Hansı hökumət qurumunda yeyinti yoxdur? Yeyinti ilə bütün qurumlar məşğuldursa, sabah “Qaçqınkom” yox, başqa qurumlar həmin vəsaitləri yeyəcək. Yeyinti varsa, yeyintiyə yol verənləri dəyişmək lazımdır, yeyinti olan yeri bağlamaq yox. Diş ağrıyırsa, dişi çəkərlər, ya da müalicə edərlər, başı kəsib atmazlar. Deyirsiniz ki, “Qaçqınkom” olmasın…

– İqbal bəy, biz demirik…

– Hər kim deyirsə mənim cavabım o deyilənlərədir. “Qaçqınkom” sədri Əli Həsənov hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının sədr müavinidir, baş nazirin müavinidir. Kimlərsə, hansısa deputatlarsa Əli Həsənovun yaxşı işləmədiyini hesab edirlərsə, onda açıq desinlər ki, Əli Həsənov belədir və onu vəzifədən uzaqlaşdırın. Yoxsa ki, “Qaçqınkom” belə getdi, yeyinti belə getdi, məcburi köçkünlərin statusu belə getdi söz-söhbətlərinə ehtiyac yoxdur.

Azərbaycanın bir nömrəli məsələsi, problemi Qarabağ məsələsidir, bir milyondan artıq vətəndaşının Qarabağın işğalı nəticəsində məcburi köçkün olmasıdır. Qarabağı azad etmişik ki, məcburi köçkünlərin statusu ləğv edilsin?! Məcburi köçkün problemi məgər həll olunub? Məcburi köçkün problemi o zaman həll olunmuş sayılacaq ki, Qarabağ azad ediləcək və o insanlar öz yurdlarına qayıdacaqlar. Bu baş verməyibsə, status ləğv oluna bilməz. Qarabağla bağlı beynəlxalq müstəvidə gedən danışıqlarda, proseslərdə Azərbaycanın bir milyondan artıq məcburi köçkün vətəndaşının olduğu bir ciddi hüquqi məsələ kimi, sübut qoyulur. “Qaçqınkom” isə məcburi köçkün, Qarabağ problemi ilə bağlı danışıqlarda, proseslərdə iştirak edir.

– Neftin qiyməti son zamanlar bir qədər artıb. Neftin qiyməti neçəyə qalxsa Azərbaycan iqtisadi, maliyyə sarıdan rahatlaya bilər?

– Azərbaycanın problemləri təkcə neftin qiymətinin aşağı düşməsindən qaynaqlanmır ki, yalnız neftin qiymətinin bahalaşması ilə də problemlər həllini tapsın. İkincisi, neft bahalaşsa belə, neft hasilatı xeyli dərəcədə, hətta deyərdim təxminən yarıbayarı azalıb. Getdikcə də azalır. Mən rəsmi rəqəmlərə əsaslanıb bunu deyirəm. Birdəfəlik bilmək lazımdır ki, artıq neft erası bitib. Artıq postneft dövrünü yaşamağa başlamışıq.

– Postneft dövrünün başlandığını prezident də çıxışlarında dəfələrlə deyib…

– Bəli. Biz, sadəcə olaraq, yeni imkanlar axtarmalıyıq. Özü də bunu indi axtarmamağa məcbur qalmamalıydıq. Onu neft pulları ölkəyə axanda axtarıb tapmaq və tətbiq etmək lazım idi. Belə olsaydı, bu gün neftin qiymətinin aşağı düşməsinin maliyyə-iqtisadi durumumuza indiki şəkildə təsiri olmazdı. Neft pullarını ciddi gəlir gətirən işlər, sahələr yaradılmasına qoymaq lazım idi ki, indi oradan gələn gəlirlər azalan neft gəlirlərini əvəz etsin. Təəssüf ki, neft pulları daha çox gəlir gətirməyən işlərə sərf edildi.

“Necə ola bilər ki, Azərbaycan kimi bu qədər problemləri olan ölkədə müxalifət olmasın? Deməli, başqa gizli proses var”

– İqbal bəy, parlamentə düşə bilmədiniz, deputat ola bimədiniz. Buna görəmi belə sərt danışırsınız? İndi deputat olsaydınız da belə danışardınız?

– Belə danışmağımın deputat olmamağımla qətiyyən əlaqəsi yoxdur. Mən parlamentdə olduğum dövrlərdə də problemlərlə bağlı bu cür danışırdım. Siz stenoqramlara baxsanız görərsiniz ki, mən büdcə müzakirələri vaxtı, hökumətin hesabatları zamanı indikindən də sərt çıxışlar edirdim və təkliflərimi də verirdim.

 Etibar SEYİDAĞA