“Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenləırindən birini, Reks Tillersonu seçmişəm”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bu gün o, ölkənin ən böyük neft şirkəti olan “ExxonMobil”in rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi olmağa namizədi kimi elan edib.
Reks Tillerson Oklahoma və Texasda, ABŞ-ın əsas neft-qaz hasil edən ştatlarında böyüyüb. 1975-ci ildə o, Ostində Texas Universitetini bitirib və mühəndislik işi üzrə təhsil alıb. Bundan dərhal sonra da”ExxonMobil” şirkətində mədənlərdə işləməyə başlayıb. Ötən əsrin 90-ci illərində korporasiyanın qaz departamentində biznesin inkişafı xidmətinə rəhbərlik edib, 2006-cı ildə isə direktorlar şurasının sədri və baş direktor seçilib.
R.Tillerson ABŞ-dan xam neft ixracı ilə bağlı bir neçə onilliklər mövcud olmuş qadağanın ləğvinə, eləcə də mayeləşdirilmiş təbii qaz ixracı üzrə layihələrin inkişafıyla bağlı məhdudiyyətlərin aradan qaldırılmasına nail olub. Onun rəhbərliyi altında “ExxonMobil” şirkləti 2014-cü ildə 34 milyard dollar məbləğində xalis mənfəət əldə edib və 80 milyard dollar məbləğində vergi ödəyib.
“Forbes” jurnalı iki dəfə Reks Tillersonu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb. 2014-cü ildə o, 20-ci pillədə, 2015-ci ildə isə 25-ci sırada qərarlaşıb.