Bu İranda heç İslam əxlaqı olan molla yoxdurmu?

10/10/21 7:15

XAQANİ ƏDƏBOĞLU

İrana məxsus bir Qafqaz.ir saytı var. Qadağan etdikləri Azərbaycan türkcəsində günün 24 saatını yalançı, riyakar və münafiq molla sürüsü Azərbaycan əleyhinə yemədikləri pislik qalmayıb. Bu saytın bu sürüsdən olanların qələtlərinə diqqət yetirək:

-Tehranın millət vəkili Bijən Nobave deyib: “Azərbaycan Respublikası bilməlidir ki, Türkiyə və sionist rejimi İranla qarşılaşmaq gücündə deyil və bu ölkəni tək qoyacaqlar; Azərbaycan qalacaq və İran kimi güclü qonşusu. Beləliklə, Azərbaycan gələcək anlaşmalarında problemlə üzləşəcək».

— İran parlamentinin rəyasət heyətinin üzvü Möhsün Dehnəvi: “Bakı hökumətinin rəsmiləri İranın ali rəhbərinin nümayəndəsinin cümə namazı iqamə etdiyi yeri bağlamaqla təkəbbürlüyü son həddinə çatdırıblar. İ.Əliyev İsrailin pilotsuz uçan aparatlarını qucağına almaq əvəzinə yaxşısı budur ki, gərginliyi dayandırsın, yoxsa, nöqtəli raketlərin gurultusu ilə yuxudan oyanacaqlar. Bizim isə oradakı səfirimiz öz vəzifəsini qətiyyətli şəkildə yerinə yetirməlidir”.

— Vitse-spiker Nikzad: “İran İslam Respublikasının mövqei olduqca aydındır və sərhədlərindəki dəyişiklikləri heç vaxt qəbul etməyəcək.”

— İranın Dövlət Sərhəd Xidmətinin rəhbəri general Əhməd Əli Qodarzi: “İsraillilər İran sərhədlərinin həssas sahələrində casusluq edir, amma biz onların fəaliyyətinə tam nəzarət edirik. Onlar İranın çəkindirici gücünü bilir, ona görə də əllərindən gələn ancaq region ölkələrini təxribata çəkərək İran yük maşınlarına əngəl yaratmaqdan ibarətdir”.

— İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fədahüseyn Maliki deyib: “Bizim ölkəmiz Azərbaycan və digər qonşu ölkələr qarşısında qonşuluq haqqını çox yaxşı yerinə yetirmişdir. İlham Əliyev İsrailin son 30 ildə etdiyi təxribatçı hərəkətlərini bilməlidir.”

— Xarici Münasibətlər üzrə Strateji Şuranın sədri Seyid Kamal Xərrazi deyib: “Azərbaycan Respublikası rəsmilərinə tövsiyəmiz budur ki, yad qüvvələrə arxalanmaqla təhlükəsizlik almaq illüziyasını başlarından çıxartsınlar və öz xalqına arxalansınlar. Azərbaycanın öz ölkəsinin təhlükəsizliyini təmin etməyə qadir mübariz və qəhrəman xalqı vardır.”

— Höccətül-islam Seyid Rza Musəvi deyib: “İran İslam Respublikası qonşuları tərəfindən təxribat xarakterli hərəkətlər görsə, şübhəsiz, lazımi addımlar atacaq.”

— Parlamentin rəyasət heyətinin üzvü Əlirza Süleymi: Bakı sionistlərin banan qabığından ehtiyatlı olsun və s. və i.a.

Bir də içimizdəki farsbaşlılardan iqtibaslar. Bir xalqın içində nə qədər xain olar. Rus başlını qovursan, fars başlı molla abtafası gəzdirən gəlir, bunu qovursan anası-nənəsi erməni olanlar gəlir, ABŞ nökərləri, ingilis nökərləri, MOSSAD nökərləri, Qumun siğə uşaqları, bir sözlə Sonanın uşaqlarının əlində girinc qalmışıq. Amma bu gün erməni həyasızlığının fars variantını görüncə orada yaşayan 50 milyon Türk nüfusuna ürəyim ağrıdı. Bunca münafiqi din xadimi adlandırıb ətəyində namazmı qılmaq olar? Günahdır. Bunlar öz münafiqlikləri ilə Allahı aldatmağa çalışırlar? Yox bir Ayatullah, get aya tullan…

Azərbaycan sizə pislik etmək istəsəydi, bunu 2005-ci ildə ABŞ-ı bölgəyə buraxar və bu gün çıxan o dilinizi kökündən kəsdirərdi. Etmədi. Çünki orada bizim qardaşlarımız yaşayır. Hakimiyyətini mollalar oğurlasa da, 1935-ci ildən İran adlandırdığınız bu ölkənin əsil sahibləri Azərbaycan türkləridir. Özü də tez-tez bu əraziləri İran əraziləri adlandırırlar. Yalansa Allah cəzanızı versin.

Birincisi bu ərazilərə ruslar bizə hücum edəndə xanlıqlar var idi. İkincisi cənubdakı dövlətin adı İran yox, Qacarlar (fars. سلسله قاجاریه) adlanırdı. Yəni Qacar dövləti türk dövləti idi. Heç olmasa gedin, ruslarla bağlanmış traktatlara baxın, orada da İran yox Persiya yazılıb. İran adını 1935-ci ildə qondardığınızı unutdunuzmu? İndi İran mollalarının mənəvi babası Şeyxül-İslam Mirzə Yusif haqqında məlumat vermişdim. Rus imperatoruna deyil, bir rus işğalçı iti olan Paskeviçə satılmışdı (Bax: https://fedai.az/?p=50674). Təbrizin müctəhidi Mir Fəttah bilirsiniz nə etmişdi? Rus qoşunları Təbrizə girməzdən əvvəl Mir Fəttah ağa ruslara sadiqliyini bildirərək Təbriz sakinlərinə müraciət etmişdi ki, onlar bizə heç bir müqavimət göstərməsinlər və bu şəhərin müqavimətsiz tutulmasında onun xəyanəti nəticəsində bu gün də ruslarla uğraşmaqdayq. Elə bu günlərdə molla Abdullahiyanın tələsik Lavrovun yanına qaçması, nədənsə bu məxluqu yadıma saldı.

Yəni Azərbycan İranın deyil, ifadəni düz işlədin İran Azərbaycanındır və 100 illik bir oyunu o mülkün əsil sahibləri bir gün pozacaq və onların olanı əldə edəcəklər. Birləşmək lazım da deyil, təki Cənubi Azərbaycan da, elə Şimali Azərbaycan kimi azad olsun! İran da onun bir vilayəti olsa, hamımız o ölkənin bir əsgəri olmağa hazırıq. Oradakı qardaşlarımızın təbirincə desək, Fars Milliyyətçiləri və İranşəhri fəalları ortaya nifaq salmaq üçün dəridən-qabıqdan çıxsalar da onların kəramətlərinə yaxşı bələdik. İran İslam respublikası yartandığı gündən, guya İsrailə qarşı nifrət bəsləyib düşmənlik edir.

Əli Xamneyi hər fürsətdə İsraili məhv edəcəyini deyir və illərdir ətraf ölkələrdə silahlı örgütləri bu amac üçün milyonlar dollar pul ayırır. Əsas məsələ xalqı aldatmaqla bəhanə tapıb pul ayırmaqdır. Bu pullar xərclənsə də İran heç bir zaman özünü İsraildən qoruya bilməyib. Keçdiyimiz aylarda Müdafiə nazirinin müavini Fəxrizadə Tehranda vuruldu, ondan öncə də bir çox önəmli atom enerjisi üzrə çalışan alimlər buna bənzər şəkildə öldürülmüşdü. Habelə, İsrail tonlarla önəmli sənədi İranın ən güvənli yerlərindən çıxardaraq apardı. İran bunların heç birinin qarşısını ala bilmədi və tamamən İsrail qarşısında aciz qaldı. İş o yerə çatdı ki, İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə (ETTİLAAT) naziri Mossadın İranın önəmli yerlərində nüfuza sahib olduğuna etiraf etmək zorunda qaldı.

Başqa sahələrdə də İran son dərəcə bacarıqsız bir dövlətçiliyə sahibdir. Örnək üçün Koronavirus qarşısında tam bir rəzillik ortaya çıxdı və on minlərlə insan həyatını itirdi. İran bu qədər sabun köpüyünə bənzər iddiayla ən sadə problemlərin qarşısında da aciz qalıb. İranlı vətəndaşlar vaksin vurdurmaq üçün günlərlə İrəvanın küçələrdində yatıb növbə gözləyirlər. Özü də İrandan asılı olan, blokadada olan bir ölkədən imdad diləyirlər. Qaldı ki, sənə İsrail lazımdırsa, İsrail qulağının onsuz da dibindədir. Yerini bilmirsən? Yoxsa tiryək beyninizi qurudub, şimalla cənubu səhv salırsınız? Ancaq iş yekəbaş-yekabaş təbliğata gəlincə isə, bu aciz mollaların iddiaları dünyanı dağıdır. Böhran içində olan İran, artıq neçə gündür Azərbaycana qarşı hücuma keçib.

Həm 90-cı illərdə, həm də 44 günlük Qarabağ savaşında Ermənistanın yanında yer alan Tehran hakimiyyəti savaşın sonucundan son dərəcə rahatsızlanıb. Sanki bu savaşı uduzan Ermənistan yox, elə İranın özüdür. Ona görə də, hər fürsətdə Azərbaycana qarşı hərəkət etməyə çalışır. Bu sosial mediada “Biz Azərbaycanın Özüyük” həştəgiylə etirazını bildirən güneyli qardaşlarımızın fikirləridir. Özü də «həm suçlu, həm də güclü» olmaq istəyən İran, özünü elə aparır ki, 44 günlük Vətən müharibəsinin ən qızğın günlərində Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq, torpaqlarımıza daxil olan o deyil, bizik. Düşmənə «ayı xidməti göstərən», şiə qardaşlarını öldürülməsi üçün öldürücü və dağıdıcı silahları daşıyıb kafirlərə verən İran mollaları yox, bizik. Saqqalınızdan utanın. Rus kəşfiyyatçıları demiş, «Ya xaçınızı gizləyin, ya da şalvarınızı geyinin».

Dinimizdə qonşuları güdmək, eyiblərini araşdırmaq, ona özünə aid olmayan məsələlərlə, özgə həyatları ilə maraqlanmaq günah sayılır: “Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Quran, Hucurat, 12).

Özü də İslam adını siyasətə, oyunbazlığa, ticarətə alət edənlər, heç olmasa o dinin dediklərinə əməl etməsələr də oxusunlar. Nədənsə adını İran qoyub İslami deyil, Sasaniliyi bayraq edib şiə müsəlmanların deyil, xristianlığı belə şübhəli olan ermənilərə qardaş deyən mollakratiyaya daha bir xatırlatma yerinə düşərdi. Bir vaxtlar Həzrəti Peyğəmbərimiz Abdallah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərmişdi. Həzrəti Peyğəmbərin Sasani şahına göndərdiyi məktubda deyilirdi: «Allahın rəsulu Məhəmməddən Sasani şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutub, Allaha və Onun rəsuluna iman gətirərək şəhadət edib ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. «Kafirlər üçün belə bir söz haqlıdır: Özünü (Allaha) təslim et — səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan».

Gün o gündür. İranın Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri ayətullah Həsən Əxtərinin erməni katalikosu II Qareginlə birləşib «bir millət, iki dövlət», qardaş ola bilirlərsə, məsələ qəlizləşir. Heç olmasa «Əhli-beyt» adından utanın. İran seçimini etməlidir: Kafirin qardaşı, müsəlman sayıla bilərmi?

Çünki müqəddəs kitabımızda buyrulur: “Siz elə adamlarsınız ki, sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar” (əl-Bəqərə, 85-86).

Amma bu mollalara xərclənən vaxta da heyfim gəlir. Bu anti bəşəri təbliğatlarda din azmış kimi, doğma qardaşlarımızı da bizə qarşı yönəltməyə çalışması, nə insanlığa, nə müsəlmanlığa sığmır…

Mənbə: Fedai.az