ABŞ, İsrail və Rusiya rəsmiləri nə desələr də, aydındır ki, bu, diqqəti yayındırma manevrləridir. Müzakirə jurnalistlərsiz, tetatet, kənar göz-qulaqsız aparılacaq. Və bu müzakirənin mövzusu, əlbəttə ki, İran olacaq.
Bu sözləri Transqafqaz.com-a İsrailli beynəlxalq siyasət və beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərlərinin baş tutması gözlənilən görüşü haqda danışarkən deyib.
Onun sözlərinə görə, İran kifayət qədər zənginləşdirilmiş urana sahib olmaqla nüvə bombası yaratmaq yolunda sürətlə irəliləyir:
“Bu, ilk növbədə İsrail üçün bir fəlakətdir, çünki bu, İsrailin varlığını sual altına qoya biləcək bir məsələdir. Çünki İran, Xameneidən tutmuş oradakı generallar və orduya qədər, bütün səviyyələrdə dəfələrlə nüvə bombasına sahib olacağı təqdirdə ilk hücumunu dərhal İsrailə edəcəyini açıqlayıb. Bütün paradlarda İran raketlərinin üzərinə “İsrailə ölüm” yazılır və s. Bu yeni məsələ deyil. Odur ki, biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.
Mütəxəssisin fikrincə, İranın nüvə silahına sahib olması ABŞ üçün də problematikdir:
“İranın Şimali Amerika kontingentinə, ABŞ-a zərbə endirəcək daşıyıcıları olmasa da, İran nüvə bombasına sahib olarsa, kiçik mənzilli raketləri ilə ABŞ-ın Fars körfəzindəki, ilk növbədə ərəb ölkələrindəki hərbi bazalarına, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və bölgənin bir çox ölkəsinə nüvə zərbəsi endirə biləcək. Bu, böyük fəlakətlə nəticələnə bilər. İranla danışıqlar aparılır. Siçan-pişik oyunu gedir. Bu boş müzakirələrin nə əhəmiyyəti var? Bu zaman ərəfəsində İran öz uranını zənginləşdirir”.
Ekspert Rusiya Federasiyasının İranı dəstəkləməsinin səbəblərindən də danışıb:
“Rusiya Reyqanın dediyi kimi “Şər imperiyası” olduğu üçün və ya Bjezinskinin dediyi kimi, yaramaz ölkələri dəstəkləmək siyasəti ucbatından deyil, öz iqtisadi maraqları naminə İranı dəstəkləyir. Burada strateji məsələ rus iqtisadiyyatının sağ qalmasıdır. Bu gün İrana nüvə silahı yarada bilməməsi üçün qabaqlayıcı zərbə endirilərsə, Avropanın ən böyük qaz tədarükçüsü üçün ciddi problemlər yarana bilər. Bu halda İranda inqilab baş verə bilər. Çünki İran xalqı Xameneiyə nifrət edir. Ölkədə çevriliş ola, rəhbərlik dəyişə, İran ərazisindəki Azərbaycan torpaqlarından imtina edə, ordakı azərbaycanlılar öz azadlığına qovuşa bilər. İrana yeni demokratik hökumət gələ, sanksiyalar ləğv oluna, Avropa ölkələri ilə əməkdaşlıqlar qurula bilər. Bu halda Rusiyanın qaz biznesi çökə bilər. İranın hazırda sanksiyalarla dolu status-kvosunun saxlanılması Rusiyanın marağındadır. Faktiki olaraq “Qazprom” hazırda monopoliya yaradıb. İranda hakimiyyət dəyişikliyi Rusiya üçün təkcə qaz deyil, müxtəlif sahələrdə alıcının itirilməsi ilə nəticələnə bilər.
Ona görə də üç ölkə – ABŞ (NATO və Qərb ölkələrinin lideri kimi), İsrail (nüvə silahının yaradılması nəticəsində mövcudluğu sual altında ola biləcək bir ölkə kimi) və Rusiya (İranın əsas müttəfiqi və dəstəkçisi olaraq) bu məsələni müzakirə edəcək”, – deyə mütəxəssis bildirib.
Transqafqaz.com