Mingəçevir – 100 min çəkikimi balıq körpələri su anbarına buraxıldı

25/10/21 12:16

Mingəçevir –  Azərbaycanın mərkəzində, qəlbində yerləşən, zəngin tarixi və mədəni irsə malik, şəhər sakinlərinin və qonaqlarının sevimli şəhəridir. Mingəçevirlilər hər il sosial-iqtisadi və turizm potensialını uğurla artıran, geniş prospekt-küçələri, park və xiyabanları ilə, cəsarətli şəhər layihələrinin flaqmanına çevrilən yurdları ilə fəxr edirlər.

Burada yaşamaq və təhsil almaq, idmanla məşğul olmaq və bizneslə məşğul olmaq, innovativ layihələri, sosial və mədəni proqramları həyata keçirmək, ən cəsarətli yaradıcı ideyaları həyata keçirmək üçün rahat şərait yaradılıb.

Qeyd etdiklərimizin təsdiqi olaraq IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsinin növbəti mərhələsi Mingəçevir şəhərində baş tutub. Layihə çərçivəsində çəkikimi balıq körpələrinin suya buraxılması mərasimi keçirilib.

Qeyd edək ki, “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Ekologiya və Təbii Sərvətlər naziri  Muxtar Babayevlə yanaşı, IDEA İctimai Birliyi və ETSN könüllülərinin, həmçinin, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 100 min çəkikimi balıq körpəsi Mingəçevir su anbarına buraxılıb. Yaxın günlərdə daha 100 min balıq körpəsinin su anbarına buraxılması planlaşdırılır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinləri adından bu nəcib təşəbbüsə görə ilk növbədə IDEA İctimai Birliyinin rəhbərliyinə, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər naziri  Mustar Babayevə öz təşəkkürünü bildirib. Mingəçevir Su anbarının ölkəmiz üçün xüsusi əhəmiyyətindən söz açan icra başçısı, buranın su ehtiyatlarından ilk növbədə Mingəçevir Su Elektrik Stansiyasında elektrik əldə olunması, həmçinin, suvarma məqsədilə istifadə edildiyini diqqətə çatdırıb.

Bundan əlavə, Mingəçevir su anbarının ətrafının şəhər sakinləri və qonaqların sevimli istirahət yeri olduğunu deyən İlham İsmayılov, su anbarında son vaxtlar azalmaqda olan balıq populyasiyasının artırılmasının xüsusilə təqdirəlayiq addım olduğunu vurğulayıb. Nazir Muxtar Babayev su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınmasının vacibliyini bildirməklə yanaşı, bu işdə ictimaiyyətin əlaqədar qurumlarla həmrəylik nümayiş etdirərək belə hallarla mübarizə aparmasını vacib sayıb.

Tədbir çərçivəsində ağacəkmə aksiyası

Mingəçevirə səfəri çərçivəsində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə şəhərdə ənənəvi olaraq keçirilən ağacəkmə aksiyasında iştirak edib.

Rəsmilər şəhər sakinləri və könüllülərlə yanaşı ağac əkərək onları sulayıblar.

İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə yaşıllıqların qorunması və artırılması, həmçinin suvarılmasının təşkili barədə Ekologiya və Təbii Sərvətlər nazirinə ətraflı məlumat verib.

Qeyd olunub ki, şəhər ərazisində olan yaşıllıqların suvarılması üçün İcra Hakimiyyəti tərəfindən suvarma xətləri çəkilib və bu iş davam etdirilməkdədir.

 

Ağacəkmə aksiyasının keçirilidyi şəhərin “Kür” kompüter zavodu ilə Avtovağzal ərazisi arasında yerləşən Heydər Əliyev prospekti boyunca yolun hər iki kənarında gələcəkdə parkın yaradılacağından söz açan İlham İsmayılov, şəhərdə parkların ərazisinin ildən-ilə genişləndirildiyini vurğulayıb. Muxtar Babayev Mingəçevirin yaşıllıqlarla əhatə olunmasına heyran qaldığını gizlətməyib və ağacların şəhərə xüsusi gözəllik verdiyini bildirib.

Ağacəkmə kampaniyasında iştirak etdikdən sonra İcra başçısı mediya nümayəndələri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.

Vahidov Qurban. Araşdırmaçı – analitik