Narazı iş adamının başına gömrükdə hansı oyunu açıblar? –MÜRACİƏT

08/11/21 9:57

“LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanovun Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə “Demokrat.az”-a açıq məktub ünvanlayıb.

R.Aslanov, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə qarşı iddialarında bir çox mətləblərə toxunur. Sahibkar, ona qarşı yol verilən qanunsuzluqlardan söz açaraq, gömrük əməkdaşlarının süründürməçi əməllərindən bəhs edir.

Çarəsiz iş adamı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, ölkə rəhbərliyindən kömək gözləyir. Sahibkar Ramil Aslanovun müraciətini təqdim edirik:

“Hörmətli Cənab Prezident,

Bundan öncə Sizə bir neçə dəfə Bakı Baş Gömrük idarəsində baş verən qanunsuzluqlar barəsində məktubla müraciət etmişdim. Məlumat üçün bildirirəm ki, 02.11.2021-ci tarixində məni Dövlət Gömrük Komitəsinə dəvət etdilər. Dövlət Gömrük Komitəsində  keçirilmiş görüş zamanı Komitənin rəhbər işçiləri tərəfindən  mənim problemlərim dinlənildi, şikayətim barədə məndən müvafiq olaraq yazılı izahat alındı və nəticə barədə mənə məlumat veriləcəyi bildirildi. Nəzərinizə çatdırmaq istəyirəm ki,  Dövlət Gömrük Komitəsinin rəhbər işçiləri ilə görüş zamanı Bakı Baş Gömrük İdarəsi tərəfindən mənim sahibkarlıq fəaliyyətimlə bağlı edilən qanusuzluqlar barədə ətraflı məlumat verdim və şikayətimlə əlaqədar olaraq bütün iradlarımı qanunu əsaslarla sübut etdim. Qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları mənim dediklərimə diqqətlə qulaq asdılar, söylədiklərimin araşdırılacağını bildirdilər və Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə qarşı haqsızlıq edildiyi ilə formal da olsa razı olduqlarını biruzə verdilər. Tərəfimdən bir daha onların nəzərinə çatdırıldı ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulur, özlərindən uydurma gömrük rəsmiləşdirilməsi metod və üsulları tətbiq edilir, sahibkarlara süni maneələr yaradılır və beləcə sahibkarlar vaxt itkisinə, təzyiqə və əsəb sarsıntısına məruz qalır.

Dövlət Gömrük Komitəsinin rəhbər işçilərinə bildirdim ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov,  onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı tərəfindən sahibkarlara sözün əsl mənasında zülm edilir. Onlar açıq-açkar “reket”liklə məşğul olurlar.Ölkəyə idxal edilən mallara dair hesablamalarda süni qiymət şişirtmələrinə, hesablama meyarlarına əməl etməyərək çox böyük qanunsuzluqlara yol verirlər. Hansı sahibkar ki, öz haqqını tələb edir ona qarşı müxtəlif təzyiq formalarından, hətta ölüm hədə-qorxusu gəlməklə ağılasığmaz metodlardan istifadə olunur. Bu da təbii ki, sahibkarların işdən soyumasına gətirib çıxarır ki, nəticə etibarı ilə iqtisadiyyatımız inkişafdan geri qalır.

Dövlət Gömrük Komitəsinin rəhbər işçiləri ilə görüş zamanı mən onların nəzərinə çatdırdım ki, nə qədər ki, gömrük orqanlarında Kənan Məmmədov, onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı kimi gömrük məmurları işləyirsə gömrük orqanlarının fəaliyyətinin müasir üsullarla qurulmasından söhbət gedə bilməz.

Tərəfimdən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının nəzərinə çatdırıldı ki, Cənab Prezidentin tövsiyyə və tapşırıqlarına əməl edərək, gömrük orqanlarının fəaliyyəti beynalxalq standartlara uyğunlaşdırılmalıdır. Buna görə də zənnimcə gömrük orqanlarında optimallaşdırılma aparılmalı, heç bir işə yaramayan, savadsız, öz işinin öhdəsindən gələ bilməyən Bakı Baş Gömrük İdarəsinin məmurları təcili şəkildə öz vəzifələrindən kənarlaşdırılmalı, həmin vəzifələrə korrupsiyaya bulaşmamış vicdanlı, savadlı,layiqli insanlar gətirilməlidir. Görüş zamanı tərəfimdən verilmiş izahatda qeyd etdim ki, Bakı Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi zamanı mənim şirkətim “LİON CENTRE” MMC-yə  idxal edilən bir adda olan mal 17 günə rəsmiləşdirilirsə, onda belə çıxır ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun himayə etdiyi şirkətlərin və karqoların 85-90 adda olan mallarının idxal edilməsi üçün təxminən 1500 günədək vaxt lazımdır.Təbii ki, bu belə deyil. Bakı Baş Gömrük İdarəsində Kənan Məmmədovun himayəsində olan şirkətlərin və karqoların idxal etdikləri malın gömrük rəsmiləşdirilməsinə cəmi bir neçə dəqiqə sərf edilir.

Beləliklə Kənan Məmmədov, Faiq Seyidov və Etibar Talıblı tərəfindən onlara yaxın adamların şirkətlərinin fəaliyyətinə münbit şərait yaradılır və mənim kimi, dürüst işləyən öz fəaliyyətini Azərbaycan Respublikamızın qanunvericiliyinə uyğun olaraq aparan sahibkarların işinə bilərəkdən süni əngəllər törədilir.

Görəsən Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Natiq Axundovun mənim Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından etdiyim şikayətlə bağlı sosial şəbəkələrdə yayımladığı məqalədə  mənim dediklərimin həqiqətə uyğun olmadığını söylədikdə heç vicdan əzabı çəkdimi?

Zənnimcə mətbuat işçisi  yazdığı hər bir məlumatı araşdırılmalı və ondan sonra düzgün nəticə çıxararaq, düşündüklərini qələmə almalıdır.

Hörmətli Cənab Prezident,

Məlumat üçün Sizə bildirirəm ki, Dövlət Gömrük Komitəsinin yüksək rütbəli məmurları ilə görüşüm zamanı onların nəzərinə çatdırdım ki, mənim “LİON CENTRE”MMC şirkətimə Çin Xalq Respublikasından 01211000341373 saylı bəyannamə üzrə idxal edilən mallara görə gömrük rəsmiləşdirilməsi zamanı gömrük qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması ilə düzgün hesablama aparılmaması nəticəsində mənim ödədiyim 8175 manat məbləğində pul vəsaitinin, mənim şirkətimin depozit hesabına geri qaytarılmasını təmin etmək  üçün əməli tədbirlər yerinə yetirilsin. Əks halda həmin məbləğin geri qaytarılması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm.

Hörmətli Cənab Prezident,

Yuxarıda göstərilənləri nəzərə alaraq  öz fəaliyyətlərində ölkə qanunvericiliyinin tələblərini kobud şəkildə pozduqlarına görə  Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova, onun birinci müavini Faiq Seyidova və BBGİ-nin maliyyə şöbəsinin inspektoru Etibar Talıblıya qarşı müvafiq intizam tənbehinin tədbiq edilməsi üçün müvafiq dövlət qurumlarının rəhbərlərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə, “LİON CENTRE” MMC-nin Direktoru Ramil Aslanov

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundova informasiya sorğusu göndərilib. Hələlik ünvanladığımız sorğuya cavab verilmədiyindən, Dövlət Gömrük Komitəsinin mövqeyini dərc edə bilmirik. Bununla belə, ittiham olunan tərəfin mövqeyini saytımızda işıqlandırmağa hazırıq.

Mənbə: JAMAZ.İNFO