Türkiyənin paytaxtında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər Nazirlərinin toplantısı keçirilir
Türkiyə türkdilli dövlətlər arasında əməkdaşlıq yolunda bütün maneələrin aradan qaldırılmasının tərəfdarıdır. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin diplomatiya rəhbərlərinin 8-ci iclasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Türkiyə diplomatiyasının rəhbəri Azərbaycanı 44 günlük Vətən Müharibəsində qazanılan qələbə münasibətilə bir daha təbrik edib və Bakının təşkilata sədrliyinin nəticələrindən məmnunluğunu bildirib.
“Azərbaycanın qələbəsi regionumuzda uzunmüddətli sülh və sabitliyə yol açdı”, – türkiyəli nazir bildirib.
Çavuşoğlu türkdilli ölkələri tək ağacın budaqları ilə müqayisə edib. Türkiyə diplomatiyasının rəhbəri əmindir: “Ölkələrimiz öz köklərimizi unutmadan və əməkdaşlığı inkişaf etdirərək beynəlxalq aləmdə mövqelərini möhkəmləndirəcəklər”.
Çavuşoğlu Asiya regionunun dünya siyasətində artan əhəmiyyətinə diqqət çəkib. Nazir bildirib ki, dünya siyasətindəki bu tendensiya bizim təşkilatın üzərinə əlavə məsuliyyət qoyur.
Türkiyənin Xarici İşlər Naziri bildirib ki, Türk Şurası liderlərinin qarşıdan gələn zirvə toplantısının gündəliyində mühüm məsələlər var. “İlk növbədə Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu müzakirə olunacaq. Bu, təşkilata bütün türkdilli dövlətləri əhatə etməyə imkan verəcək”, – deyə Çavuşoğlu bildirib.
Bundan əlavə, təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi nəzərdə tutulur.
Türk Şurasının Ağsaqqallar Şurasının nizamnaməsi yenilənəcək, Konsepsiya-2040 təsdiqlənəcək.
Çavuşoğlu: “Qazaxıstanın birinci prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin təşəbbüsü ilə hazırlanan konsepsiya 2040-cı ilə qədər əməkdaşlıq çərçivəsini təşkil edir” deyib.
“Bizi təkcə tarixi və mədəni köklər deyil, həm də gələcək inkişaf vizyonu birləşdirməlidir”, – türkiyəli nazir vurğulayıb.
Çavuşoğlunun fikrincə, türkdilli ölkələr dünya proseslərinin inkişafını müəyyən etməlidir, onlara reaksiya verməməlidir. “Bu, yalnız operativ qərarların qəbulu mexanizmləri olduqda mümkündür”, – nazir bildirib.
Türkiyənin Xarici İşlər Naziri həmçinin təşkilata üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq üçün maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.
Xarici İşlər Nazirlərinin toplantısından əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirak edəcəyi Türk Şurası liderlərinin sammiti keçiriləcək.
Qarşıdan gələn sammitin iştirakçıları arasında Macarıstanın Baş Naziri Viktor Orban və Türk Şurasının Baş Katibi Bağdad Amreyev də var.
Vahidov Qurban. Araşdırmaçı – analitik