Türkiyə və İsrail prezidentləri Rəcəb Tayyib Ərdoğan və İzak Hersoq arasında telefon danışığı olub.
Türkiyə və İsrail prezidentləri Rəcəb Tayyib Ərdoğan və İzak Hersoq telefonla ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Ərdoğan israilli həmkarı ilə söhbətində Türkiyə ilə İsrail arasındakı əlaqələri Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli adlandırıb.
Türkiyə dövlət başçısı qeyd edib ki, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma əldə olunarsa, iki ölkə arasında fikir ayrılıqları minimuma endirilə bilər.
Türkiyə Prezidenti regionda sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin bərpasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və tərəflər arasında sülh prosesinin bərpası vacibdir.
Ərdoğan hesab edir ki, Türkiyə ilə İsrail arasında təmasların və dialoqun davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur.
İsrail prezidentinin mətbuat xidməti də Ərdoğanla hersoq arasında telefon danışığı ilə bağlı mesaj yayıb.
Mətbuat xidmətinin məlumatına görə, söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqların müsbət mənada keçdiyini deyən Ərdoğan İsraillə əlaqələrin Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Hersoq öz növbəsində İsrail və Türkiyənin regionda sülhün təmin edilməsi üçün ikitərəfli və regional məsələlər üzrə hərtərəfli dialoqun tərəfdarı olmasından məmnunluğunu ifadə edib.
Dövlət başçıları daimi təmasların saxlanmasının vacibliyini vurğulayıblar.
Transqafqaz.com