Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında çıxış edib
Türkiyə iqtisadiyyatının bu ilin sonuna qədər ikirəqəmli zonada böyüməsi proqnozlaşdırılır. Əgər ölkə hökuməti faiz artımına arxalansaydı, iqtisadiyyatın inkişafı ləngiyərdi.
Bunu çərşənbə günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, rəsmi Ankara uzunmüddətli iqtisadi siyasət yürüdür.
“Faiz dərəcələrinin yüksək olması məni narahat edir. Faiz dərəcələri digər inkişaf etmiş ölkələrdə olduğu kimi Türkiyənin ehtiyaclarından asılı olaraq müəyyən ediləcək. Biz istehsalın və məşğulluğun artırılmasına diqqət yetirmişik”, – Türkiyə lideri bildirib.
Prezident iqtisadi inkişafın yüksək templərinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.
“Yüksək faizlərin iqtisadiyyata heç bir xeyri yoxdur. Bundan yalnız kreditorlar faydalanır. Biz siyasətimizin nəticələrini və risklərini yaxşı bilirik. Türkiyə hökuməti ölkəni dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevirməkdə qərarlıdır”, – deyən Ərdoğan əhalini panikaya düşməməyə çağırıb.
Prezident qeyd edib ki, dünyada enerji qiymətlərinin rekord artım nümayiş etdirdiyi bir vaxtda Türkiyədə istehlakçılar qaz və elektrik enerjisini endirimli tariflərlə alırlar.
Vahidov Qurban. Araşdırmaçı – analitik