Eynşteynin tərəddüd etdiyi məsələ ‘ilin kəşfi’ elan olundu

24/12/16 11:08

Eynşteynin tərəddüd etdiyi məsələ ‘ilin kəşfi’ elan olundu” qravitasiya dalğaları bizim kosmosa yeni pəncərəmiz olacaq”

“Science” dərgisi LIGO detektorundan yararlanmaqla qravitasiya (cazibə, yerçəkimi – red.) dalğalarının aşkar edilməsini ilin kəşfi elan edib.

“Bu elmi qələbə ağır əməyin nəticəsidir. Einstein-ın (Eynşteyn) özü onillər boyu bu dalğaların mövcud olub-olmaması arasında tərəddüd edib. Onun fikrincə, hətta mövcuddursa da, onları üzə çıxarmq imkansızdır, çünki bu dalğaların təkmənbəyi sayılan və ulduz cütlərinin doğurduğu zaman-məkan titrəyişi çox zəif olacaqdı. İndi onlar kəşf edilib və fiziklər səbrsizliklə gələcəyi gözləyirlər. Gələcəkdə qravitasiya dalğaları bizim kosmosa yeni pəncərəmiz olaq”, – “Science” dərgisi belə yazır.

Beynəlxalq fiziklər qrupu qravitasiya dalğalarını ötən ilin sentyabrında LIGO qravitasiya rəsədxanasındakı detektorlardan yararlanaraq üzə çıxarsa da, bu barədə ancaq 2016-cı il fevralın 11-də məlumat verilib.

Qrafik, 11 fevral 2016, NASA

Qrafik, 11 fevral 2016, NASA

Kolbadakı embrion oxucuları daha çox maraqlandırıb

Maraqlıdır ki, həmin dalğalar “Science” dərgisinin “oxucuların seçimi” nominasiyasında yalnız ikinci olub. Embrionun iki həftə ərzində kolbada yetişdirilmə texnologiyası oxucuları daha çox həyəcanlandırıb.

“Science” dərgisinin builki əsas kəşflər siyahısında qravitasiya dalğalarından başqabizə ən yaxın ulduzun (Proxima Centauri) ətrafında Yer planetinə bənzər planetin kəşfi, AlphaGo süni zəka sisteminin yaradılması, süni zülalların istehsal texnologiyası, eləcə də kök hüceyrələrin tam yumurtahüceyrəyə çevrilmə metodikası da var.

Builki elmi ixtiralar arasında metamaterial və plazmonlardan düzəldilmiş yastı linzalar da var. Onlardan yeni kameralar və virtual reallıqda istifadə olunan dəbilqələrin hazırlanacaq. Çağdaş insanların, demək olar, bütün əcdadlarının 70 min il əvvəl Afrikanı tərk etdiyini sübut edən genetik araşdırma da siyahıda əksini tapıb.

Pakistan, qədim insan məskəni, 30 yanvar 2014

Pakistan, qədim insan məskəni, 30 yanvar 2014

“Science” dərgisinə görə, bu ilin ən önəmli elmi nailiyyətlərindən biri də siçanların “cavanlaşdırılmasıdır”. Alimlər siçanların orqanizmini “qocalmış” hüceyrələrdən təmizləyərək onların cavanlaşdırmaqla, ömürlərini 20 faiz uzadıblar.

Ən məzəli elmi uğur – meymunların özünüdərkidir

2016-cı ilin ən məzəli elmi uğuru meymunların özünü başqalarının yerinə qoymaq, “öz” xatirələrini başqalarının fikir və düşüncələrindən ayırmaq, başqalarının yanıla biləcəyini anlamaq bacarığının təsdiqidir. “Kinq-Konq” filmini şimpanzelərə göstərən alimlər onlarda bu özünüdərk hissini aşkar etməyə nail olublar.

“Science” redaksiyası hər ilin dekabrında növbəti ilin mümkün və mühüm elmi kəşflərini də proqnozlaşdırır. Dərgi bu dəfə Donald Trump-ın qələbəsinə və “Brexit”ə, daha doğrusu, bu tarixi hadisələrin ABŞ və Britaniyada elmi necə dəyişdirəcəyinə diqqət yetirib. Bundan başqa, çoxhəftəlik insan embrionları ilə qanunsuz sınaqlardan, “Zika” virusu əleyhinə vaksinlərin insanlar üzərində sınaqdan keçirilməsindən, planetoloq Michael Brown-un “gələn ilin sonuna doğru” tapmağa söz verdiyi “iks planetinin” axtarışlarından söz açılıb.

Siyahıda Erdoğan da var

Türkiyə prezidenti Erdoğan, Səmərqənd, 2003

Türkiyə prezidenti Erdoğan, Səmərqənd, 2003

“Science” əsas elmi uğursuzluq və mənfi olayların da siyahısını diqqətə yetirib. Ötən il bu siyahıya Suriyada Palmiradakı tarixi abidələri dağıdan “İslam Dövləti” (İD) qruplaşması da daxil edilmişdi. Bu ilsə iyul ayında baş vermiş uğursuz çevriliş cəhdindən sonra ölkə universitetlərini “təmizləyərək” 15 minədək professor və müəllimi işdən qovduran Türkiyə prezidenti Recep Tayyip Erdoğan həmin “şərəfə” layiq görülüb.

Elmi uğursuzluqlar siyahısında amerikalıların “Theranos” startapının iflası da yer alıb. Bu iddialı layihə bir damcı qanla müxtəlif xəstəliklərin üzə çıxarılacağını vəd edirdi. ABŞ Konqresinin ölkə elmi qurumları ilə aramsız “savaşları” da builki siyahıya düşüb. Parlamentin mühafizəkar üzvləri, əslində, qlobal istiləşmənin olmadığını, abortların qadın sağlamlığına ziyan vurduğunu, bunu sübut edən elmi dəlilləri elmi qurumların hökumətdən gizlətdiyini düşünürlər.

azadliq.org