Lent.az Azərbaycan tarixinin ən mühüm məqamları ilə bağlı silsilə elmi araşdırmaların yayımlanmasına başlayır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı-yazar Zaur Əliyevin apardığı bu araşdırmalarda tariximizin ən qaranlıq məqamlarına işıq salacaq, oxucuları yeni faktlarla tanış edəcəyik.
GİRİŞ
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi. Mayın 26-da Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin xarici siyasət sahəsində ilk addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq, heyət yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M.Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsindən sonra Azərbaycanla bağlı vəziyyət müzakirə edildi. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.M.Qəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.
Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
· Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
· Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.
· Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, içtimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
· Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
· Məclisi — Müəssisan çağrılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır
28 may 1918-ci ildə paytaxtı qədim Azərbaycan torpağı olan İrəvan olmaqla, Ermənistan Respublikasının yaradılması elan edildi.
QISA TARİXİ EKSKURS
Erməni tarixçisi və kahin Hovannes Şahxatunyant yazır: “390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı «Erməni Sovet Ensiklopediyası»nda öz əksini tapmışdır».
Çikaqo universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır: “İrəvan Batum konfransına qədər müsəlman şəhəri idi”. (Stephen Holmes, «Collapse Legacies Cultural or State? The Dilemma probing Postcommunist», in Michael Mandelbaum (ed), Postcommunism: Four Perspectives (New York): Council on Foreign Relations, 1996, p. 5.)
İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda general P.S.Potyomkinə bildirirdi ki, onun məlumatlarına görə, Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaq. Bundan əlavə, sultan Ərzrum paşasına və digər həmsərhəd paşalara, nəyin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına çıxmağı əmr etmişdir. Regionda siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək üçün birləşmişlər.(Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топогравическом и финансовом отношениях (ОРВЗ), (Составил Легкобытов). IV. СПб., 1836.)
Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. Hələ 1776-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr general Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdir: “Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır”.
Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci il martın 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.
BÖYÜK GÜCLƏRİN MARAQLARI
1804-1813-cü illərdə gedən Rusiya-İran müharibəsində Azərbaycan torpaqları üç tərəfin — fars-rus qüvvələrinin, avropalıların və yerli türklərin maraqları üçün mübarizə poliqonuna çevrilib. Azərbaycanlıların milli şüurundan uzaqlaşdırılması, torpaqlarına qarşı biganə olması üçün sistemli şəkildə siyasət aparılması planı 1918-ci ildə ilk bəhrəsini verdi. İlk olaraq qeyd edək ki, Cənubi Qafqaz Seyminin buraxılaraq yerində üç müstəqil dövlət yaradılmasına münasibətdə maraqlı olan dövlətlərin öz maraqları var idi.
RUSİYA: Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət, 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara günləri başlandı. Bundan sonra Rusiya erməni amilindən yararlanaraq Osmanlı dövləti ilə Azərbaycanın və burdan da Mərkəzi Asiya daxil olmaqla Çinə qədər olan bir ərazidə türk yolunun, məcazi mənada desək, sərhədlər arasında əlaqəni kəsməyi planlaşdırırdı. Rus general S.Dovidiç 1913-cü ildə fransız dilində nəşr edilən “L’ Evrope Sans Turquie” adlı kitabında yazır:
“Avropa dövlətləri arasında erməni məsələsi üzrə başlanan müzakirələrdə dörd əsas fikir mövcud idi:
1. Avropa nəzarətində Türk islahı
2. Tam Müstəqillik
3. Yarı Müstəqillik
4. Rusiyaya qatılmaq
Rusiyanın isə əsas hədəfi müstəqil deyil, onların nəzarətində olan bir erməni dövlətinin yaranması idi və onlar ermənilərə «Rusiyaya qatılmaq ermənilərin rifahı, xoşbəxtlikləri və ənənələrinin bərqərar olması üçün yeganə çarədir» təklifini irəli sürmüşlər”.
Məhz ermənilər bu mərhələdən sonra Rusiyaya var gücləri ilə sarılırlar və ona dəstək olsalar, onun sayəsində müstəqil dövlət olacaqları xəyalı ilə hərəkət etmişdilər.
Rusiya Federasiyası dövlət arxivində olan F. 841, L. 7, D, 290, s. 38; RFDTA, F. 821, L. 7, D. 220 sənədin 41-ci səhifəsində qeyd olunur: “Yelizavetpol (Gəncə) qubernatoru A. Kaçalov ermənilərlə bağlı ona təklif olunan xasiyyətnamədə yazır: «İrqçilik erməni millətinin başlıca xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan, rus, gürcü və tatar (Azərbaycan Türkü) yüksək, ağıllı, hiyləgər, cəsur və bacarıqlı bilir. Ermənilərin irqçiliyi; öz dininə bağlılıq, tamahkarlıq, ehtiyatlılıq, hər şeyi görən, pula inam, var-dövlət və kapital qarşısında bir qul kimi tabe olma şəklindədir. Məhz bunlar ermənilərin əsas xüsusiyyətləridir ki, Rusiya bundan yararlana bilər””.
Rusiya Müvəqqəti Hökumətinin 9 may 1917-ci ildə qəbul etdiyi “Türkiyə Ermənistanı” haqqında qərarlar»da yazılır: “İşğal olunmuş torpaqlarda mülki idarəçilik formalaşana qədər «Türkiyə Ermənistanı» ərazisi Müvəqqəti Hökumətin nəzarəti altında Rusiya hərbi qüvvələritərəfindən idarə ediləcək, 1916-cı il iyunun 18-də imzalanmış qanunla «Türkiyə Ermənistanı»nın idarə edilməsi üçün baş valiyə verilən səlahiyyətlərlə birlikdə 1-ci maddədə göstərilən səlahiyyətlər Müvəqqəti Hökumət tərəfindən «Türkiyə Ermənistanı» üçün təyin edilmiş baş komissara həvalə edilsin, «Türkiyə Ermənistanı» baş komissarının mülki vətəndaşlarla əlaqələndiricisi olan müavini ştatı yaradılsın və Baş komissar mülki vətəndaşlarla əlaqədar müavinindən məlumat alarkən «Türkiyə Ermənistanı» ərazilərinin idarəsi haqqında 18 iyun 1916-cı iltarixində imzalanmış müvəqqəti qanuna əlavələr və ya dəyişikliklər etmək istərsə, bu haqda Müvəqqəti Hökumətə məlumat verməlidir”.
İNGİLTƏRƏ: Bu barədə ingilis-erməni əlaqələrinin kökündə yatan üç əsas amil diqqətimizi çəkir: birincisi, Böyük Britaniyanın iqtisadiyyatı və müstəmləkələri ilə əlaqəli mənfəətlərini qorumaq, ikincisi, Osmanlı imperiyasını parçalamaq və bu yolda yaxşı pay əldə etmək və ən nəhayət, üçüncüsü, neft ehtiyatlarına çatan yolların nəzarətini əlində saxlamaq.
İngiltərədə hökumətdə olan Rosbery kabineti, istərsə də ondan sonra gələn Salisbury hökuməti erməniləri qorumaq üçün son dərəcədə maraqlı idilər. Digər tərəfdən, Avstriya-Macarıstan və İtaliya isə bu məsələdə fəal siyasət aparmasa da, İngiltərənin siyasətinə qarşı çıxacaq gücdə olmadıqları üçün İngiltərə onların da sözünü deyirdi. Erməni dövlətinin yaranması ilə bağlı ingilislərin əsas marağı Bakı neftinin Osmanlılar vasitəsilə deyil, onların sözünü deyəcək ermənilərin yeni dövlətinin ərazisindən keçməklə dünyaya çıxarılması idi. (Münir Sürəyya Bəy, Erməni Məsələsinin Siyasi Tarixi (1877-1914), No: 53, YATAĞAN Yayınları, Ankara 2001, s. 40-12
İngiltərənin XİN-i yazırdı: «Ərəbçilik türk islamçılığına cavab olduğu kimi, “Erməni məsələsi” də həqiqətən turançılığa qarşı güclü bir tədbirdir. Rusların səhnədən getməsi ilə ermənilər bütün diqqəti özlərinə cəlb etməyə başladılar. İngilislərin “müharibə kabineti” erməni əsgərlərinin Qafqaz cəbhəsinə gətirilməsinə çalışırdı və bunun üçün Amerika hökumətinə bu ölkədəki erməni könüllülərinin Qafqaza göndərilməsində vasitəçi olmasını xahiş edirdi. Özü də Qafqazdakı erməni könüllü alaylarını yenidən təchiz edərək türk birliklərinə qarşı savaşdırırdı. Bütün bunlara baxmayaraq, İngiltərə ermənilərə konkret nəsə etməkdən çəkinirdi.( Uras E. Tarihte ermeniler ve ermeni meselesi, İstanbul, Boğaziçi Üniversitesi, 1976, 378 s.)
ALMANİYA: Alman general Bronzaf Schellendorf 24 iyul 1921-ci ildə “Döyçe Algemeine Zeitung” qəzetində ermənilər haqqında bu ifadələri işlətmişdi: “Erməni zülmü və üsyanı əsas tutaraq yeni dövlət yaradılmasında heç bir zərurət yox idi. Şahid olduğum ermənilərin türklərə zülmü daha qorxunc və dəhşətli idi”.
Almaniya Avropa dövlətləri içərisində Azərbaycan və Gürcüstana müstəqillik verilməsi tərəfində olduğunu göstərirdi. Lakin bu dövrdə Almaniya-Osmanlı münasibətlərində özünü göstərən gərginliyə ümid bağlayan ermənilər və gürcülər Almaniya nümayəndəliyinin konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş diplomatik gedişlərə əl atdılar. Bu, Cənubi Qafqaz nümayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqının (Mərkəzin) digər dövlətləri ilə də bağlaması təklifi və s. Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincisi, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi. Osmanlı nümayəndə heyətinin tərkibində alman hərbi müşaviri Otto fon-Lossovun olmasına baxmayaraq, gürcülər almanlarla birbaşa əlaqə qura bilmədilər.
Almanlar, Bakıya qarşı hərəkata keçən ordu hissələrinin içərisində bir alman birliyinin də olmasını istəyirdilər. Lakin İslam Ordu Komandanlığı bunu qəbul etmədi. Çünki bu bir hərbi yardım deyildi. Xəlil Paşa bu vəziyyətə etiraz edəndə, almanlar Bakıdakı Alman məntəqələrinin can və mal təhlükəsizliyini qorumaq üçün bir batalyon göndərəcəklərini bildirmişdilər. Buna Nuru Paşa, Xəlil Paşa və M.Ə.Rəsulzadə hökuməti etiraz etmişdi. Bundan başqa, almanlar, Bakı azad edildikdən sonra Rəsulzadə hökumətinin xəbəri olmadan xüsusi qatarla heyət halında Bakıya gəlmək cəhdi də etdilər. Lakin xalq Şamxor stansiyasında qatarları dayandıraraq, almanları geri göndərməyə müvəffəq olmuşdur.(Dövlət arxivi, F. 897, Siy. 1, İş. 20, s. 36-100-113.)
Qeyd edək ki, daha sonra Osmanlılarla döyüşlərdə erməni dəstələrinin içərisində alman əsgərləri də olmuşlar. Ənvər Paşa və Nuru Paşanın Bakı neftinə sahiblənməsi düşüncəsi ilə onlar Bakını türklərin əlində qoymaq fikrində deyildilər.
FRANSA: Ermənilər Fransaya inanırdılar və göstərdikləri xidmətin əvəzini almağa ümidli idilər. Fransa Vatikanın köməyi ilə missionerlər vasitəsilə katolik məzhəbinə çəkdikləri ermənilərin müdafiəçisi idilər. O zamanlar ermənilərin pravoslav (Rusiya), katolik (Fransa) və protestant (Amerika) məzhəbinə çəkmək üzərində mübarizə gedirdi və ermənilər hər üç məzhəbə də baş əyərək, öz siyasətlərini məharətlə qurdular. Nəticədə Ermənistan dövlətinin yaranmasına Fransa razılıq verdi. Fransa bu dövrdə güclü, vahid Rusiyanın bərpasına çalışırdı, burada İngiltərənin nüfuzunun artmasının əleyhinə idi. Fransa hərbi heyətinin nümayəndəsi polkovnik Osberq bir qədər sonra, 1919-cu il mayın 18-də açıqca bəyan edirdi ki, onun fikrincə, ümumiyyətlə, Zaqafqaziya, o cümlədən Azərbaycan separatizmi müvəqqəti haldır… Azərbaycanın gələcəyi dirçələn Rusiya və onun Müəssislər Məslisinin gələcək qərarları ilə sıx surətdə bağlıdır.
Fransızların himayəsindəki ermənilər Adanaya gəldiklərində xalqa zülm etməyə başladılar. Əhalinin azadlığını təmin etmək üçün gəldiklərini elan edən fransızlar Adana vilayətində müsəlmanlara qarşı xaincə davrandılar. Ermənilər müsəlman əhalisinə qarşı qanlı cinayətlər törədir, saxta məhkəmələr quraraq müsəlman əhalisinin əmlakını müsadirə edirdilər. Yalançı ittihamlarla günahsız xalqı ya həbs etdirir, ya da ailə başçıları ilə birlikdə sürgün etdirirdilər. Ermənilər Şeyx Murad, İnepli, Qayalı və Arapköyü kəndlərini dağıdaraq, insanları öldürmüşlər. Fransızlar Adananı işğal etdikdən sonra hər gecə ermənilər bir neçə müsəlman öldürürdülər. Din adamlarına hücum edirdilər. [07.12.1919. Birləşmiş Dövlətlər XİN Arxivi. Qovluq № 867, sənəd 2878/9].
ABŞ: 1918-ci ildə Amerika Prezidentinə və Konqresə Senator Ledgenin təqdim etdiyi məruzədə müstəqil «Böyük Ermənistan» layihəsinə bu ərazilər daxil idi:
1. Türkiyənin Şərqi Anadolu Bölgəsi
2. Qafqaz Ermənistanı (Şimali və Qərbi Azərbaycan)
3. İran (Cənubi Azərbaycan) erməniləri.
ABŞ-da Erməni Milli İttifaqının 1919-cu ildə ermənilər haqqında «Ermənistan işi» adı ilə nəşr etdiyi bir əsərdə yuxarıdakı layihə əsasında qərar və «Böyük Ermənistan» xəritəsi də təsdiq edilmişdi. Bu xəritəyə, Trabzon, Ərzurum, Qars, Ərdahan, İğdır, Van, Ağrı, Xəzər dənizi, Kür, Araz çayı, Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan, Ərdəbil, Təbriz, Urmiya və s. yerlər daxil idi. Lakin amerikalı polkovnik V.Haskel sentyabr ayında Bakıya səfər edib, baş nazir Yusifbəyli ilə görüşdükdən sonra “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyir ki, o, erməniləri təmsil etmir və respublikalar arasındakı münasibətlərdə tam bitərəf mövqe tutur. Haskel Müttəfiqlər adından elan etdi ki, Qarabağ və Zəngəzurun Azərbaycanın tərkib hissəsi kimi tanındığını təsdiq edir, lakin Naxçıvan, Şərur və Dərələyəz Qafqaz respublikaları ilə Türkiyə arasında neytral zona sayılır. Amerikanın Batum konfransında ermənilərə dəstəyin kökündə aşağıdakı fikirlər üstünlük təşkil edirdi: “Ermənistan”a veriləcək ən kiçik hüquqlu muxtariyyət belə 5 il sonra əhalisi 5 milyon olan bir dövlətə çevriləcək və nəticədə Qafqazda hakim vəziyyətə gələrək «Şərqin Bolqarıstanı» olacaqdır. İran və Amerikada yaşayan bütün ermənilər oraya köçüb gələcək”.
İRAN: Əlbəttə, Azərbaycanı öz tarixi torpağı kimi görən İrana sərhədində müstəqil bir türk dövlətinin yaradılması sərf etmirdi. Məhz buna görə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman regionda onu suveren dövlət kimi tanımaq istəməyən dövlətlərdən biri də İran idi ki, o da müstəqilliyin elə ilk günlərində Azərbaycana nota göndərir. Sənəddə deyilir: “Azərbaycan deyiləndə Azərbaycan haradır?”
İran tərəfi Arazın şimalında Azərbaycan adlı dövlətin yaranması və onun gec-tez Cənubi Azərbaycana təsir edəcəyindən təşvişə düşdüyünü büruzə verdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbulda olan nümayəndə heyəti buradakı digər nümayəndələrlə yanaşı, İran konsulluğuna da Azərbaycan Demokratik Respublikasının yaranması haqqında bəyannamə təqdim etmiş, İran konsulu isə bu bəyannaməni geri qaytararaq, ona əlavə olunmuş vərəqədə göstərmişdi ki, o, Azərbaycan adlı müstəqil dövlət tanımır.
ADR isə bu zaman sənədə “Qafqaz” sözünü əlavə etməklə, İranın nəzərinə çatdırır ki, söhbət Qafqaz Azərbaycanından gedir və bundan sonra, 1920-ci il mart ayının 21-də İran Azərbaycanın suverenliyini tanıyır.
Batum konfransından öncə Təbrizdə dərc olunan erməni «Droşak” qəzetindəki məqalədə, İranın “daşnakların ikinci vətəni” olduğunu izah olunurdu. Qəzetdə, «Yafrem Keri» («Vətənimiz sahibsiz və əsir qalmış” adlı erməni milli nəğməsi) adı ilə tərənnüm edilən misralar ilə İranın sayəsində müstəqil dövlət quracaqlarını işarə edirdilər. İran türkçülük ideyasına qarşı qoymaq üçün Ermənistan adlı dövlətin yaranmasını istəyirdi və hətta ermənilər içərisində fars-erməni müştərək ordusunun müstəqil Ermənistanda yaranacağına dair fikirlər yayılırdı. 1914-1917-ci illərdəki Şimali İran-Van hərəkatının rəhbəri general Tovmas Nazarbekov (Nazarbekyan) erməni ordusunun komandanı təyin edilmişdi.
OSMANLI DÖVLƏTİ: Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı olub. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə «çibanı kökündən təmizləmək” tərəfdarı kimi çıxış edirdilər. Bu mümkün olmadıqda «Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsi” təklifini irəli sürürdülər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmet Vehip paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmağın tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də «erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaq.
İRƏVANIN GÜZƏŞTİ: İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi fikri öz başlanğıcını 1912-ci ildən götürür. Türkiyə ərazisində dövlət qurmaqla bağlı onlara verilən vədlərin arxasından böyük dövlətlərin qaçması və Azərbaycan torpaqlarında paytaxt qurulması təklifi onlara məhz bu tarixdə təklif edilmişdi. «Mışak» qəzetinin redaktoru A.Arakelyan yazırdı: «Elə bir məqam gəlib çatmışdır ki, bütün sivilizasiyalı dünya, xüsusilə də Rusiya “Erməni məsələsi”nin həllini öz üzərinə götürməlidir. 1912-ci ildə erməni burjuaziyası və ziyalıları Tiflisdə toplanaraq “Erməni məsələsi”nin dünya siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq qarşıda dayanan ümummilli məsələlərin həll edilməsi üçün bir araya gəlməyi təklif etdilər. Oktyabrın sonunda ermənilərin I ümummilli qurultayı çağırıldı. Bu qurultaya Tiflisdən, Bakıdan, Naxçıvandan, Axalkələkdən, İrəvandan, Armavirdən, Batumidən nümayəndələr gəldilər. Qurultay qərara aldı ki, ermənilərin yaşadığı bütün ərazilərdən nümayəndələr seçilsin və yeni qurultay çağırılsın. Qurultayda “Erməni məsələsi” ilə əlaqədar daimi işlək orqan yaradıldı: 7 nəfərdən ibarət müvəqqəti büro seçildi (S.Arutyunyan, A.Xatisyan, A.Kalantar, A.Arakelyan, A.Poqosyan, O.Tumanyan, N.Aqbalyan). Büro gündəlik cari işləri və noyabrın 25-də Tiflisdə keçiriləcək yeni qurultaya hazırlıq işlərini həll edəcəkdi. (“Известия Бакинского Совета” 1912, №: 220)
İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı şəhər kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.
O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuşdu. Batum konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.
Fikrimizi təsdiq etmək üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın səhər toplantısında “Erməni xalq partiyası”nın nümayəndəsi M.Papacanovun çıxışına baxmaq kifayət edər. O, hərbi əməliyyatların dayandırılması təklifini irəli sürdü. O, iddia edirdi ki, müvəqqəti sülh xalqı faciələrdən xilas edə bilər və sülh dövründə “Erməni məsələsi” ümumavropa konqresində öz həllini tapa bilər: «Sülhün mövcudluğu bizə imkan verər ki, biz kiçik də olsa, öz milli ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin verəcəkdir» (Киракосян Дж. Младотурки перед судом истории. Ереван. Айастан, 1986, 256 стр).
Avropada gedən müharibədən qalib çıxmış, Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi – Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu.
Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə göstərilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək, Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən Qars və Ərdahanla birgə Aleksandrapol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinə razılıq verib. Səsvermə zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf olub. Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada birləşməsi məsələsi yekdilliklə qəbul olunub.
Mayın 28-də axşam saat 20:00-da Batumidə danışıqlar başlamışdır. Vehip paşa demişdir: «Ermənilərin tələbini az da olsa qane etmək məcburiyyətindəyik. Hər halda, onlara bir ərazi vermək məcburiyyətindəyik». Ermənilər üçün düşünülən sahə Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət idi. Türk heyəti 1918-ci ilin may ayının 30-da ermənilərlə apardıqları danışıqlar nəticəsində bu şərtləri tətbiq etməyə başladı. Buna qəti etirazını bildirən A.Xatisyan ermənilərə verilən torpaqların az olduğunu, təklif edilən bu sərhədlərin türk və erməni xalqları arasında daimi düşmənçiliyə səbəb olacağını bəyan etdi. O, bildirdi ki, Qafqaz müsəlmanlarının yaşadıqları ərazinin çox az bir hissəsi onlara verilərsə, müsəlmanlarla münasibətləri düzələcək və müsəlmanların haqları bu ərazilərdə ermənilər tərəfindən müdafiə ediləcək. Vehip paşa ermənilərə daha çox ərazinin qala bilməsi üçün Ermənistan ərazisində yaşayan müsəlman əhalinin Türkiyəyə köçürülməsini təklif etdi. O, “Erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu qəbul edərək, onların müstəqilliyinin Türkiyə tərəfindən tanınacağını bildirdi. Ermənilərin bu şərtləri qəbul etməkdən başqa bir çarəsi yox qalmadı… (Dövlət arxivi, A.3671, k.2930, d.555, f.15;15-9.)
Batumidə imzalanan bu müqavilə Ermənistanın müstəqilliyini tanıyan ilk beynəlxalq sənəd idi və Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), Erivan quberniyasının 3/5 hissəsi, Eçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisini 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi.
Öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Gürcüstanla imzalanan sülh müqaviləsinə əsasən, Batumi şəhəri və onun ətrafı, Ahıska və Axalkələk əraziləri Türkiyə tərəfindən ilhaq olunaraq, 1828-ci il sərhədinin bərpa edilməsi razılaşdırılmışdı. Osmanlı imperatorluğu ilə Ermənistan Respublikası arasında imzalanan «Sülh və dostluq müqaviləsi»nə (14 maddə, 3 qoşma) görə, Osmanlı hökuməti Yeni Bəyazid, Gümrü, İrəvan və Şərur-Dərələyəzi ermənilərə təhvil verirdi. Bunun qarşısında ermənilər ərazidə yaşayan müsəlman əhalisinin hüquqlarını tanımalı, dini və mədəni azadlıqlar verməli idi. Ermənistan hökuməti Türkiyəyə qarşı göndərilmiş dəstələri ləğv etməli və Türkiyə ərazisinə keçməyin qarşısını almalıdır.
Həmin gün Azərbaycanla Osmanlı Hökuməti arasında da müqavilə imzalandı. Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı Hökumətinə məlumat verməliydilər. (Arşiv belgelerle ermeni faaliyeti (1914-1918), c.I, II, Ankara,Genelkurmay Basın Evi, 2005. s. 653, 551)
Ermənistan-Türkiyə danışıqlarında (may 1918 il, Batumi) Türkiyə tərəfinin bəyanatında maraqlı olan maddələr aşağıdakılardır:
· Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;
· Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.
· Maddə 11. Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.
VƏ ƏN ƏSASI: Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki, Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə, Osmanlı hökuməti ölkədə qayda-qanunu (intizam) və daxili asayişi təmiri etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz öhdəsinə götürür.( ATASE, A. 4/3671, K. 2917, D. 302, F. 1-166.)
Amma qısa müddət sonra Batumidə əldə edilən razılaşmanın şərtləri ermənilər tərəfindən pozuldu – azərbaycanlılara qarşı soyqırım siyasəti davam etdirildi. “Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyət haqqında yazırdı: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınlar öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir. Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar… Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər. Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınları müsəlman məhəllələrində və evlərində məskunlaşdırır”.
Bir həqiqət var ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur.
Bir faktı da unutmaq lazım deyil. Üzeyir Hacıbəyovun ingilis generalı Tomsonla danışığı. Bu tarixi əhəmiyyətə malik olan dialoq ADR-in o zamankı daxili siyasətinin milli dəyərlər üzərində qurulduğunu göstərir:
Üzeyir bəy:
— Cənab general, biz Qarabağa 30 minlik qoşun göndərib torpaqlarımızı azad edəcəyik.
Tomson:
— Bu mümkün olan iş deyil.
Üzeyir bəy:
— Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Əgər İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə edərsiniz?
Tomson:
— Bu bəllidir, biz qiyamı yatırarıq.
Üzeyir bəy:
— İcazə verin, biz də gedib qiyamı yatıraq, torpaqları azad edək.
Bundan sonra Tomson deyib, gedin, azad edin. Demokratik Cümhuriyyət Andronikin, Dronun qoşununu dağıdıb, onları Qarabağdan çıxartdı, torpaqların azadlığına nail oldu. Ancaq təəssüf ki, 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzuru Ermənistana verdilər.
Lakin yuxarıda qeyd etdiyim maddələrə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar. Ermənistan dövlətinin ərazisi Azərbaycanın torpaqları hesabına 20 min kvadrat kilometr artaraq 29,7 min kvadrat kilometrə çatdı. Və Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47.).
Elə buna görə də Azərbaycan Batumi razılaşmasından imtina edə və Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər.
Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılması, həmin qərar qüvvədən salınması ilə bağlı hüquqi baxışlar icra etmək mümkündür.
Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.
Düzdür, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da geri qaytarılmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Biz də bundan yararlana bilərik.
Son olaraq bir faktı nəzərinizə çatdıraq ki, beynəlxalq müqavilələr, bir qayda olaraq, 99 illik bağlanır…
Zaur Əliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru