Prezident Ərdoğan ölkənin maliyyə sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb
Türkiyədə insanların əmanətlərinin yerli valyutanın məzənnəsinin dəyişməsindən qorunmasına yönəlmiş proqramın qəbulundan sonra türk lirəsindəki əmanətlər 23,8 milyarddan çox artıb və sürətlə böyüməkdə davam edir. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan A Haber, ATV, A Para və A News telekanallarının birgə efirində deyib.
Onun sözlərinə görə, bu, ölkə vətəndaşlarının milli valyutaya inamının sübutudur.
O, Türkiyədə tətbiq edilən xarici valyutada indeksləşdirilən türk lirəsi ilə yeni əmanət sistemindən danışaraq xatırladıb ki, əmanətçilərin iki zəmanəti olacaq: biri Türkiyə Mərkəzi Bankından, digəri isə Xəzinə və Maliyyə Nazirliyindən.
Prezident Ərdoğan yeni alətin maliyyə sabitliyini təmin etmək üçün hazırlandığını və ölkə Konstitusiyasına zidd olmadığını vurğulayıb.
Dövlət başçısı əmin edib ki, çox yaxın vaxtlarda məzənnənin yekun sabitləşməsinə nail olunacaq.
Türkiyə lideri onu da vurğulayıb ki, ölkə hakimiyyəti süni qiymət artımı və spekulyasiyaya qarşı qətiyyətli mübarizə aparacaq.
Prezident Ərdoğan türk lirəsinin “gücünün” Türkiyənin iqtisadi infrastrukturundan, istehsal gücündən və inkişaf etmiş maliyyə sektorundan qaynaqlandığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Mərkəzi Bankın son addımları və yeni iqtisadi model əmanətçilərin etimadını sarsıtmağa yönəlmiş “irrasional hərəkətlərin” qarşısını alıb.
O əlavə edib ki, maliyyə bazarında manipulyasiya və spekulyativ əməliyyatlarla məşğul olan şəxslərə qarşı məhkəmə yolu ilə müvafiq tədbirlər görüləcək. Prezidentin sözlərinə görə, Türkiyənin Bank Tənzimləmə və Nəzarəti Agentliyi (BDDK) bu istiqamətdə lazımi addımlar atıb.
“Məqsədimiz investorların, sənayeçilərin və əmanətçilərin maraqlarını qorumaq üçün valyuta məzənnələrindəki dalğalanmaları azaltmaq, türk lirəsinin dəyərini və nüfuzunu artırmaqdır” dedi.
“Bizim iqtisadi proqramımız bazarın inamını artıracaq. Valyuta məzənnələrinin sabitliyini təmin edəcək ki, bu da çox vacibdir. Biz bunun uzunmüddətli perspektivdə büdcəyə müsbət təsir edəcəyini gözləyirik”, – deyə Türkiyə lideri əlavə edib.
Prezident həmçinin qeyd edib ki, hökumət işsizlik səviyyəsini birrəqəmli rəqəmə endirmək niyyətindədir.