Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Bu günlərdə A. Xazanov: «Türkün son 3000 ildə qələbələri və məğlubiyyətləri» adlı bir araşdırma yazısı oxudum. Ümumən götürsək normal araşdırma saymaq olar. Amma sələflər kimi eyni cığıra meyillilik özünü göstərməkdədir. Yəni Avrosentrizmin uydurduğu tarixi yalanlar müəllifi yoldan azdırır. Müəllif hərbdə üstünlüyün türklərdə olmasını, süvarliyin, ox atmanın, hərbi taktika və s. türklərdən öyrənildiyini dediyi bir məqalədə barıtın kəşfini aparıb çinlilərlə bağlamasına tarixi məxəzlərə uyğun münasibət bildirəcəyəm.
Məlumat üçün bildirim ki, Avrosentristlər öz yalanlarını, yəni Hind-Avropa termini ilk dəfə 1816-cı ildə Fransız Bopp tərəfindən ortaya atdılar. Bu terminin yanında Avropalıların Ari irqdən olduqları, bu gün İran, Tacikistan, Yaxın Şərq və Qafqazda yaşayan xalqların da bəyaz olmaları səbəbiylə Ari sayılmaları lazım olduğu tezisi irəli sürüldü və hamısının Ellin sivilizasiyasına qoşulmağı planlaşdırıldı. Amma irəli sürdükləri tezislərin söykəndiyi möhkəm mənbələr yox idi. Ari modelinə görə, köhnə ənənələrdə qeyd edilməyən, guya şimalda bir istila olmuş və işğalçılar Egey, ya da «pre- Ellin» mədəniyyətinə basqın ediblərmiş. Yunan sivilizasiyası Hind-Avropalı Ellinlər və yerli təbəələrin qarışmasının nəticəsində meydana gəlmişdir. Ancaq əvvəldən Ellin mədəniyyətinə təsiri olanlar Sami irqi deyil, Asiyadan gələn köçərilər olduğunu görüncə Qərb xalqlarının ataları Qərbə köçürüldü, çünki onların əcdadlarının proto-türk ola bilmələri, Ellin və Qərb sivilizasiyasının mədəniyyətinin təməlini bu xalq tərəfindən atılmasını .başqa cür gizləmək mümkün deyildi.
Əski çağlar memarlığı çalışmalarının sonunda ünlü elm adamlarından Fergusson, «6000 il öncə Avropada Aryanların deyil, Asiya kökənli Turanlıların hökmran olduqlarını; Xristofor Kolombdan çox daha öncələr Berinq Boğazını keçərək Amerika qitəsini kəşf etmiş olan, bu Asiya kökənli Turanlıların, öz inkişaf etmiş mədəniyyətlərini və inanclarını, minlərcə il öncə, Ortadoğu, Quzey Afrika, Avropa və Amerika qitəsi daxil bütün dünyaya yaydıqlarını» elmi dəlillərlə gözlər önünə sərərək, «Aryan irqçiliyinə qarşı Turan irqini ucaltdığı, Avropalının atalarının Hind-Avropalılar deyil, məhz Turanlı Türklər olduğunu dediyinə görə, «İngiltərə Kraliyyət Memarlar İnstitutunun» (Royal Institute Of British Architects-R.I.B.A) Qızıl Medalı ilə mükafatlandırıldı (Taner Ünal).
Avropada hər yerdə minlərcə il öncə tikilmiş daş məzar və kurqan varsa, o yerlərin adları əksərən sonu -«ak» sonluğu ilə bitən Türkcə sözlərdən ibarətdi. M. Bertrandın 1864-cü ildə Fransanın 31 yörəsində təsbit etdiyi 2225 dolmenin 517-sinin adlarının sonu Türkcə «-ak» ilə bitən yerlərdə tapılmışdı. Yer adları üzərində aparılan bu çalışma titizliklə sürdürüldüyündə, minlərcə il öncə qurulmuş dolmenlərin tapıldığı daha çox sayda yer adının Türkcə olduğu və Avropanın Hind- Avropalılar öncəsi Asiyadan gələn Turanlı Türklərin yurdu olduğu gerçəyi ortaya çıxacaqdı. Bununla bağlı bildirim ki, Azərbaycanda «-ak (-ağ)» ilə başlanan yetərincə toponimlərimiz var: Öncə Albaniya dediyimiz ölkənin adı Ağvəng (Ağvang), Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Ağstafa, Ağoğlan, Ağbulaq və s.
Lakin Türk-Turan izini silmək üçün Avrosentristlər, xüsusən də fransızlar Yaxın Şərqdə yəhudi-semit və qondarma İran qədimliyini, Çində isə çinli volyuntarizmini işə saldılar. Fransız mütəxəssislər hətta «Çingiznamə»nin orjinalını Çin dilinə tərcümə edərək orjinalı yox etdilər və bu gün bisavadcasına işlətdiyimiz «monqol» ifadəsini bizlərə sırıdılar. Məsələn o dövrün Rus səlnaməsində onlar haqqında belə deyilirdi: «O yaz, günahlarımız üzündən kim olduqlarını bilmədiyimiz kafirlər gəldilər. Heç kim onlara dair heç bir şey bilmirdi. Kimdilər və haradan gəlirdilər, hansı dili danışırdılar, hansı qəbiləyə mənsubdurlar və nəyə inanırdılar, kimsə bilmirdi. Ancaq onların adları Tatar idi». İllərdir ki, özünə türk deyənlərə anlada bilmirik ki, Çingizxan türkdür. Bu «monqol» adını düşmən bizə qarşı işlətmək üçün ortaya atıb. Eyni soydan olan Hind — Moğol hökmdarı Əkbər şaha həsr olunmuş «Əkbərnamə» əsərində (Abul Fazl Allami «Akbername» Samara 2003) öz soyunun Oğuzdan gəldiyini şəcərəsində göstərib. Həmçinin, Rəşid əl-Din də yazırdı: «Bir çox kölələr özlərini Tatar sayaraq və Tatar adını almaqla böyüklük və şərəf əldə etdilər. Naymanlar, Cəlayirlər, Öngitlər, Keraitlər və müəyyən adlı başqa qəbilələr, özlərini Moğol adlandıraraq şan və şöhrət əldə etdilər. Bunların nəvələri isə, əslində keçmişdə heç bir zaman olmadıqları bu ismi, güya əzəldən daşıyırmışlar kimi qəbul etdilər»…
Məşhur Rus-Sovet alimi, antropoloq Prof. V.P. Alekseyevin bu istiqamətdə apardığı araşdırmalar və onun fikirləri dünya alimləri arasında şəksiz qəbul edilir. O, deyirdi: «Andronovolar, əlbəttə, avropalı idilər. Onlara xas olan xarakteristik üz cizgiləri, bir nöqtədə, bəlkə də də müasir görünüşümüz, tam şəkliylə və hətta daha çox əks olunmuşdur. Klassik avropoid tipinin yüzdə yüz və qəti şəkildə görünüşləridi, əsasən Qafqazlıların (Azərbaycan türkləri nəzərdə tutulur -X.Ə.) üz cizgilərində görünməkdədir. Avropalıların əksəriyyəti dikburun quruluşlu və sifətlərində isə demək olar ki, almacıq sümüyu yoxdur. Geniş açılmış gözləri ilə, elə Qafqaz sakinlərinin üzlərini xatırladırdılar.
Lakin Avropalılar Afanasevodan daha geniş sifətə malik idilər.
Alınlarında, gözlərinin altında, qaşlarının ucları daha güclü və sıx şəkildə kənara dartılırdı. Kobud görünüşlü, lakin gözəl, sağlam bədənli və mərd çöhrəli idilər.
Onların, avrupalıların, tək bir böyük muhacirətlə və ya mühacirət dalgaları halında şərqə doğru güclü bir şəkildə getmələrinin və ya əksi olaraq görmək lazımdır.
Bunları da Andronovo mədəniyyətinin müəyyən ünsürlərini, guya cənub istiqamətinə aparan qədim Ari tayfalarının köçməsi səbəb olub. Arinin Hindistana gəlməsi bir sözlə, qədim şərqə sırınan əhəmiyyətli və ya əhəmiyyətsiz hadisələrin toplusudur». Bu əsassız nəzəriyənin puçluğunu sübut etmədən tarixi həqiqətləri ortaya qoymaq mümkün deyil.
Xatırladım ki, bu Aryanizm nəzəriyyəsinə qarşı birinci elə hind alimi Swami Dayananda Sarasvrati çıxdı. Sarasvati, Aryani istilası nəzəriyyəsini rədd edərkən vedalarda adı keçən «Arya» sözünün bir yarış və ya xalqla deyil, əxlaq və adətlə əlaqədar olduğunu isbat etdi. Swami Dayananda, mövzuyla əlaqədar bir konqresdə, belə demişdi: «Avropalı ustadları sizlərə, yad ellərdən gələn Arilərin ölkəni ələ keçirmək üçün hakimiyyət təsis etdiklərini və özlərinə yer açmaq məqsədi ilə yerliləri təşkil etdiklərini izah edirlər. Bunlar axmaq, nadan bir şeydir! Amma bizim Hindistan ziyalıları onlara «Amin» deyərək, onlara dəstək olduqlarını anlamaq olmur! Amma onlar, bütün bu yalanları uşaqlarımıza öyrədir. Arilərin xaricdən gəldiyini sübut etmək üçün tək bir dənə də dəlil yoxdur. Hindistanın hamısı Aridir. Bax məsələ budur!»
Swaminin sözləri aydın və mənalıdır. Onun demək istədiyi, İngilislərin uzaq babalarının heç bir zaman Hindistanda olmadıqları və bu səbəbdən nəvələrinin bu ölkəyə istilaçı olaraq gəldikləri deməkdi. Bu nəzəriyyənin ən böyük ustası sayılan Maks Müller deyirdi: «Biz İngilislər, biz qərblilər, bu torpaqların əsil sahibləriyık. Bura işğalçı kimi gəlmədik. Sadəcə Vətənə döndük». Mahatma Qandi öz vəsiyyətində yazmışdı: «Bilin ki, biz dünyanın ən mədəni və ən qəhrəman xalqı olan türklərə mənsubuq». Yaxud da “Hindistan bir anadır. Onun iki övladı var. Bunların biri türklər, digəri isə hindlilərdir” (Mahatma Qandi).Bütün hind eposlarında şimaldan gələnlərin türklər olmasını göstərir…
Qeyd edək ki, Rusiyanın Türkistanı işğal etməsi iddiaları da eyni idi. Başqa sözlə, Orta və Mərkəzi Asiya, digər Türk vətənləri və Hindistan Ari vətənidir, ancaq haradan gəldikləri bilinməyən qeyri xalqlar (türklər və hindlilər) gəlmədirlər və zavallı Ariləri öldürüb torpaqlarına əl qoyublar!
İndi ermənilərin fransızlar tərəfindən uydurulmuş «böyük ermənistan», «armenoid» kimi qondarma iddiaların ortaya atılması və gülməli bir şəkildə min illiklər boyu dünyaya hökm etmiş Türklərin Şərqdə və Qərbdə eyni qaydada «gəlmə» hesab edilməsinin məqsədləri sizlərə aydın olsun deyə bunları şərh edirəm.
Bunları geniş şərh etməkdə məqsədim, ənənəvi avrosentrist tarixçilərin deyə bilmədiklərini diqqətinizə çatdırmaqdı. Yəni konkret bir fakt üzərində bizə qarşı yönəlmiş yalanın mahiyyətini sizlərə açmaqdı. A. Xazanovun məqaləsinin şərhində bu barədə faktları açıqlayacağam.
A. Xazanov: «Türkün son 3000 ildə qələbələri və məğlubiyyətləri»
Avrasiya çöllərində yaşayan türk cəmiyyətləri kifayət qədər döyüşkən idilər və onların süvariləri onlara başqalarından çox üstünlüklər verdi, əsasən də oturaq cəmiyyətlərdə. Zamanla türk xalqlarının çoxlu qonşularından, atlı süvarilərdən, ən mobil döyüş bölməsi kimi istifadə edilirdi…
Ancaq Qərbi Avropalılar heç vaxt türk atlı oxatanları kimi atmağı öyrənə bilmədi. İslamdan əvvəlki Ərəbistanda süvarilər ikinci dərəcəli rol oynayırdılar.
Xilafətin qurulduğu dövrlərdə, türk təsiri ilə Ərəblərdə oxçuluq güclü inkişaf etmişdir. Birinci xəlifə, Avrasiya çöllərindən gələn türk qullarından təşkil olunmuş böyük bir şəxsi qoşun yaratdı.
Çində süvarilər yalnız eramızdan əvvəl IV əsrdən etibarən əhəmiyyət qazandı. Bir qayda olaraq, süvarilər əsasən köçəri mənşəli müttəfiqlərdən cəlb olunurdu. Li Yuan türk süvarilərinin köməyi ilə 618-ci ildə Tan sülaləsi bunu təsis edib.
At sürmək bir çox oturaq dövlətlərin və insanların siyasi mədəniyyətinə də təsir etmişdir. Çoxlu mümkün misallardan yalnız birini vermək üçün, buynuzdan (və ya sümükdən), ağacdan və s. hazırlanmış oxlarla birlikdə cilalanmış vətərlərdən düzəlmiş mürəkkəb yayı göstərə bilərik.
On doqquzuncu əsrə qədər, at belində, hətta köçərilər belə ondan ustalıqla istifadə edirdilər. Zamanla köçəri atlılar bütün Avrasiyada və ya müxtəlif ərazilərdə bu növ mürəkkəb kaman və oxu, həm də atlı oxçuluğun yerli ənənələrinə təsir göstərmişlər.
Əvvəlcə “skif”, sonralar “hun”, daha sonralar “türk-monqol” yaylarından uzun əsrlər boyu Orta Asiyada, Aralıq dənizi ölkələrində, müsəlman dünyasında və Şərqi Avropada istifadə edilmişdir.
Köçəri atlı oxatanların xarakterik döyüş taktikası oxların fırlanması və geri çəkilmə, düşməni erkən hücuma və təqibə cəlb etmək üçün edilirdi.
Hücum dayansaydı belə, oxatanlar təkrar-təkrar hücuma keçərdilər, ox atardılar və sonda müttəfiq geri çəkilərdi. Sürətli hücumlar, at belində ox atışları, müxtəlif fəndlər, xüsusən stimulyasiya edilmiş uçuşlar, pusqular və cinah manevrləri təxminən 2000 il istifadə olunmaqdadır.
Bununla belə, yunanların Ponta və farslarla müharibələrdə dəfələrlə nümayiş etdirdiklərindən Orta Asiya köçəriləri ağır və yaxşı nizam-intizamlı piyadalarla daha yaxşı iş görə bilərdilər. Atlı oxatanlar daha uğurla müqavimət göstərə bilərdilər. Bu, xüsusilə Makedoniyalı İskəndər yürüşləri və daha sonra Ellinizm dövründə özünü büruzə verdi. Strabon (VII, 3, 17) hər hansı barbar ordusunun yaxşı silahlanmış cinahına qarşı aciz olmaları fikrini müdafiə edirdi. İnkişaf ağır süvarilərin meydana çıxmasına səbəb oldu, ənənəvi olaraq bunlar, katafraktlar adlanırdı.
Atlı oxatanlar uzun nizə və qılınclı zirehli süvarilərlə tamamlanırdı. Yüngül süvarilər hücuma keçib döyüşdən geri çəkilə bilsələr də, düşməndən geri çəkilərkən (bu taktika “skif” və ya “parfiya” atəşi adlanır) geri çəkilib yenidən vuruşa bilsələr də, ağır süvarilər yaxın birləşmədə hücumlara və əlbəyaxa döyüşə arxalanırdılar. Bununla belə, süvarilərin ağır zirehləri, bəzən isə onların döyüş atları bahalı idi, ona görə də zireh geyinən atlılar həmişə az olurdu. Döyüşdə ağır süvarilərdən istifadə xüsusilə yüngül süvarilərlə taktiki birləşmədə təsirli idi: ordunun mərkəzində zirehli atlılar və cinahlarda atlı oxatanlar dayanırdı.
İstisna etmək olmaz ki, katafrakt süvariləri ilk dəfə yunan ağır piyadaları ilə döyüşləri nəticəsində Orta Asiya köçəriləri tərəfindən yaradılmışdır, lakin Avrasiya çöllərinin, xüsusən də qərb bölgələrindən olan köçərilər (sarmatlar) da bu döyüşlərdə iştirak edirdilər. Eramızdan əvvəl III əsrin ortalarında Orta Asiya mənşəli köçəri xalq olan Əhəmənilər İran üzərində öz hökmranlıqlarını qurdular, özü ilə bir çox mənalı müharibə ənənələrini gətirdilər.
Katafraktların çöllərin şərq hissələrində qərb bölgələri ilə eyni vaxtda meydana gəldiyinə dair hələ heç bir məlumat yoxdur. Hun ordularında onların mövcudluğu çox şübhəlidir. Mümkün anlaşılmazlıqların qarşısını almaq üçün vurğulamaq istəyirəm ki, mən ordunun xüsusi qolu kimi ağır süvariləri nəzərdə tuturam.
Yəhərlərin iki əsas növü var: yastıqlı yəhərlər və çərçivəli yəhərləri.
Ardı var