Rəsmi İrəvan KTMT-dan Cənubi Qafqazda “erməni xəyalları” çərçivəsində yararlanmaq niyyətinə düşüb; Ancaq Rusiya və KTMT Ermənistan ucbatından bu regionda Türkiyə və NATO ilə yeni qarşıdurma poliqonunun ortaya çıxmasına qətiyyən həvəs göstərməz…
Qazaxıstanda baş verən hadisələrə Ermənistanda “erməni xəyalları” üzərindən münasibət bildirilir. KTMT-nın Qazaxıstana qoşun yeritməsi hətta Ermənistanın siyasi elitasında müəyyən ümidlər də yaratmağa başlayıb. Və Qazaxıstan hadisələrinə KTMT-nın reaksiyasından faydalanmaq niyyətinə düşüldüyü açıq-aşkar nəzərə çarpır.
Ermənistan baş naziri Nikol Paşinyanın rotasiya əsasında formal da olsa, rəhbərlik etdiyi KTMT-nın Qazaxıstana qoşun yeritməsinə ilk reaksiya bu düşmən ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan tərəfindən verilmişdi. O, bildirmişdi ki, analoji təhlükələrlə üzləşəcəyi təqdirdə, Ermənistan da KTMT-nın yardımına ümid bəsləyir. Və bu, ikibaşlı məna daşıyan açıqlama idi.
Belə hesab etmək olar ki, A.Qriqoryan yaxın gələcəkdə Ermənistanda Paşinyan hakimiyyətinə qarşı da kütləvi etiraz aksiyalarının ola biləcəyini qətiyyən istisna etmir. Hər halda, iqtisadiyyatı çökmüş Ermənistanda sosial böhran dərinləşir. Tezliklə sosial-iqtisadi problemlər Paşinyan hakimiyyətini də analoji situasiya ilə üzləşdirə bilər.
Digər tərəfdən, 44 günlük savaşda Ermənistanın biabırçı məğlubiyyəti də Paşinyan hakimiyyətini erməni toplumunun etiraz hədəfinə çevirib. Siyasi-diplimatik masa ağır məğlubiyyəti, Qarabağ mövzusunda baş nazir Nikol Paşinyanın “erməni xəyallarını” puça çıxaran son açıqlamalarını da nəzərə aldıqda, rəsmi İrəvanın daxili kütləvi etirazlar ilə qarşı-qarşıya qalmaq ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan, A.Qriqoryan dolayısı ilə indidən Paşinyan hakimiyyətinin daxili iğtişaşlardan qorunması üçün KTMT-nın dəstəyinə ehtiyac ola biləcəyini qabartmağa çalışır.
Eyni zamanda, A.Qriqoryanın açıqlamasında KTMT-ya yönəlik üstüörtülü qınaq da sezilir. Belə ki, Azərbaycan-Ermənistan sərhədlərində baş vermiş noyabr toqquşmalarında rəsmi İrəvan KTMT-nın müdaxilə etməsi üçün bütün vasitələrdən yararlanmağa çalışmışdı. Ancaq KTMT iki ölkə arasında baş verən sərhəd toqquşmalarına reaksiya verməyi vacib hesab etməmişdi. Və indi rəsmi İrəvan A.Qriqoryanın dili ilə növbəti silahlı toqquşmaların baş verəcəyi təqdirdə, Ermənistanın KTMT-dan dəstək umacağını gündəmə gətirməyə çalışır.
Maraqlıdır ki, eyni mesaj, ancaq bir qədər fərqli məzmunda Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən də səsləndirilib. Ermənistan baş naziri Qazaxıstan hadisələrinin terrorçular tərəfindən törədildiyi barədə KTMT toplantısında səsləndirilən iddialardan “erməni məntiqi” ilə yararlanmaq niyyətinə düşüb: “Ermənistan da yaxın keçmişdə xarici terrorçuların bizim regionda peyda olmasıyla bağlı problemlə üzləşmişdi. Təəssüf ki, KTMT-nın məsuliyyət zonasında gərginliyin azaldığı müşahidə olunmur. Ona görə də KTMT ölkələrinin belə təhlükələrə qarşı ortaq fəaliyyət mexanizmlərini gücləndirməsinə ehtiyac var”.
Əlbəttə ki, avantürist xarakterli erməni baş nazirin nə demək istədiyini başa düşmək çətin deyil. Guya 44 günlük savaş dövründə ortaya atdıqları xarici terrorçular ilə bağlı yalanları yenidən gündəmə gətirməyə çalışır. Ancaq erməni baş nazirin bu cəhdləri baş tuta biləcək məsələ deyil. Və bunun əsas səbəbləri erməni baş nazirin düşünə biləcəyindən daha ciddidir.
Məsələ ondadır ki, Qazaxıstan hadisələrində xarici terrorçuların iştirakı ilə bağlı iddialar olsa da, bu, heç bir faktla sübuta yetirilməyib. Hətta əvvəlcə Qazaxıstanda 20 min terrorçunun olması barədə tvitterdə status yazıb, sonra onu sübut edə bilmədiyi üçün pozmaq məcburiyyətində qalan prezident Kasım-Jomart Tokayevin növbəti yalanı da heç kimdə inandırıcı görünmür. Qazaxıstan prezidenti iddia edib ki, guya terrorçular zərərsizləşdirilmiş yoldaşlarının cansız bədənlərini morqlardan oğurlayıblarnış. Qazaxıstan prezidentinin heç bir məntiqə uyğun gəlməyən bu uydurması bir dəfə yalan danışan şəxsin öz dediklərinin girovuna çevrildiyini növbəti dəfə təsdiqləyir.
Eyni situasiya Ermənistanın uydurmalarına da aiddir. Çünki, rəsmi İrəvan 44 günlük savaşda xarici terrorçuların iştirakı barədə ardıcıl iddialar irəli sürsə də, bir fakt belə, təqdim edə bilməyib. Rəsmi İrəvan da çox yaxşı bilir ki, 44 günlük savaşda Azərbaycan ordusu təkbaşına Ermənistan ordusunu darmadağın edib. Hər halda, Azərbaycan ordusunun döyüş hazırlığına və silahlandığı müasir hərbi texnikaya həsəd apardığını Ermənistanın siyasi elitası da gizlədə bilmir. Vaxtaşırı bunu müxtəlif formalarda etiraf edir.
Yəni, rəsmi İrəvanın Azərbaycanı şərləmək cəhdləri baş tutacaq məsələ deyil. Əksinə, rəsmi Bakı Ermənistanı Xankəndi və ətraf bölgədə erməni separatçı-terrorçuları himayə etməkdə suçlamaq hüququna sahibdir. Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan qarşısında cavab verməli olduğu bir çox suallar mövcuddur. Rəsmi Bakı tezliklə Xankəndi və ətraf bölgədə antiterror əməliyyatlarına başladıqdan sonra erməni baş nazir həmin suallara mütləq cavab verməli olacaq.
Nəhayət, baş nazir Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədlərində gərginliyi süni şəkildə artırıb, KTMT-nın hərbi dəstəyinə ümid bəsləməsi də absurd manevrdir. Çünki, rəsmi İrəvan Azərbaycanı Qazaxıstan ilə eyniləşdirməyə çalışırsa, böyük səhv etmiş olar. Və bu səhv Ermənistana olduqca baha başa gələ bilər.
Məsələ ondadır ki, Cənubi Qafqaz KTMT-nın məsuliyyət zonası deyil. Bu qurum Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesində ortaya çıxa biləcək gərginliklərə müdaxilə şansına sahib deyil. Və bu problemlər birmənalı şəkildə üçtərəfli anlaşmaların tələbləri çərçivəsində həll edilir.
Digər tərəfdən, hətta KTMT Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə müdaxilə cəsarəti göstərmiş olsa belə, bu, Ermənistanın ümid bəslədiyi nəticələrlə yekunlaşmaz. Çünki rəsmi Bakı Azərbaycanın təhlükəsizlik mexanizmlərini artıq maksimum səviyyədə tənzimləməyə imkan tapıb. Bu təhlükəsizlik mexanizmləri maliyyə-iqtisdi və hərbi-siyasi faktorlarla yüklənib.
Digər tərəfdən, rəsmi Bakı Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsini imzalamaqla, ölkəmizin təhlükəsizlik mexanizmlərini tam qarantiya altına alıb. Yəni, KTMT rəsmi İrəvanın müraciəti ilə Cənubi Qafqazda geopolitik proseslərə müdaxilə etmək niyyətinə düşərsə, dərhal Türkiyənin sərt reaksiyası ilə üzləşər. Bu halda, KTMT güclü Azərbaycan və Türkiyə orduları ilə üzləşmək təhlükəsini nəzərə almaq məcburiyyətində qala bilər.
Onu da nəzərə almaq lazımdır ki, KTMT-nın Cənubi Qafqaza hər hansı müdaxilə cəhdi yalnız bu qurumu deyil, həm də Rusiyanı daha ciddi hərbi-siyasi problemlər ilə üzləşdirər. Çünki, Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə həm də NATO-nun iki ən güclü üzvündən biridir. Yəni, Rusiya və KTMT Ermənistan ucbatından Cənubi Qafqazda Türkiyə və NATO ilə yeni qarşıdurma poliqonunun ortaya çıxmasında qətiyyən maraqlı olmaz. Üstəlik, ümumiyyətlə, Cənubi Qafqazda Rusiyanın maraqları “erməni xəyalları” ilə kəskin ziddiyyət təşkil etdiyindən rəsmi İrəvanın KTMT ümidləri absurd xarakter daşıyır.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin KTMT üzərindən müəyyən manevrlər etməyə cəhd göstərməsi Ermənistana müsbət heç vəd etmir. Ona görə də, rəsmi İrəvanın KTMT-dan Ermənistanın maraqları çərçivəsində istifadə etmək niyyəti reallıqlarla uzlaşmır. Və Paşinyan hakimiyyətinin yenidən reallıqlara geri dönməkdən başqa çıxış yolu yoxdur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu