İrəvan Türk Cümhuriyyəti – BƏYANAT verdi

20/01/22 11:32

İrəvan Türk Cümhuriyyəti Millət Şurası

20 Yanvar faciəsi ilə bağlı

B Ə Y A N A T

« 20»  yanvar 2022-ci il

Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32  il  ötür.  1990-cı  il  yanvarın  19-dan  20-ə  keçən  gecə  SSRİ  rəhbərliyinin əmri  ilə  26  000  nəfərlik  Sovet  ordusu  Azərbaycana  hərbi  müdaxiləsi nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. 20  Yanvar  hadisələri  Azərbaycan  xalqının  iradəsini,  mübarizə  əzmini  qıra bilmədi,  əksinə,  xalqımızı  azadlıq  uğrunda  daha  da  sıx  birləşdirdi, müstəqilliyə gedən yolunu yaxınlaşdırdı.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin  şəkildə  pislədi,  xalqımıza  qarşı  törədilmiş  qırğına  siyasi  qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü  ilin  fevralında  keçirilən  xüsusi  sessiyasında  1990-cı  il  yanvarın  20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il  yanvarın  20-də  Bakıda  törədilmiş  faciəli  hadisələr  haqqında”  qərar  qəbul edildi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

20  yanvar  faciəsinin  üzərindən  32  il  keçir,  lakin  BMT-nin  Ümumdünya  İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına  görə  XX  əsrdə  törədilmiş  ən  dəhşətli  cinayətlərdən  biri  olan  bu hadisəyə  beynəlxalq  siyasi-hüquqi  qiymətləndirmə  hələ  də  verilməyib.  Bu cinayətə  görə  keçmiş  sovet  rəhbərliyi  bilavasitə  məsuliyyət  daşıyır.  Belə  ki, həmin  hadisələr  zamanı  mülki  əhaliyə  qarşı  törədilmiş  insanların  məhv edilməsi,  məcburi  yoxa  çıxarılması,  siyasi,  irqi,  etnik,  mədəni  və  ya  cinsi motivlərə görə təqib olunması, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri yetirilməsi, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan  vurmaqdan  ibarət  olan  digər  qeyri-insani  hərəkətlər  Beynəlxalq  Cinayət Məhkəməsinin Nizamnaməsinin 7-ci maddəsinə əsasən məhz 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməli, Beynəlxalq hüquqa əsasən onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Azərbaycan  tarix  boyu  ağır  sınaqlardan  keçib.  Tarixin  müəyyən  mərhələlərlə 1905-1907,  1918-1920,  1948-1953  və  1988-1989-cu  illərdə  zorakılıqla,  silah gücünə,  ölüm  təhdidi  altında  azəbayanlılar  deportasiyaya,  soyqırıma, represiyaya məruz qalaraq öz tarixi yurdlarından qovuldular. Xüsusilə son 30 ilə yaxın  müddət  ərzində  davam  edən  hərbi  təcavüz  nəticəsində  23  mindən  çox azərbaycanlı həyatını itirib, 50 min insan yaralanıb və ya əlil olub, 4 minə  yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.

Ermənistanın 2020-ci ildə ölkəmizə qarşı yönəlmiş növbəti  hərbi əməliyyatların gedişi zamanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri nəticəsində isə 10-dan  çoxu  uşaq  olmaqla  100-dən  çox  dinc  mülki  şəxs  qətlə  yetirilib,  450 nəfərdən  çox  insan  yaralanıb,  12  min  mülki  infrastruktur  obyekti,  o  cümlədən 3410-dan  çox  ev,  120  çoxmənzilli  yaşayış  binası  və  çoxlu  sayda  məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastruktur,  habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub.

20  Yanvar  faciəsinin  insanlıq  əleyhinə  cinayət  kimi  tövsif  olunması,  onun sifarişçilərinin  və  icraçılarının  cəzalandırılması  üçün  yetərincə  hüquqi  əsaslar mövcud olsa da, bu günədək məsələyə hüquqi qiymət verilməyib.

Dünya  ictimaiyyətini  və  beynəlxalq  qurumları  20  Yanvar  hadisələrini  törətmiş şəxslərin  ədalət  mühakiməsinə  cəlb  edilməsi,  bu  qanlı  aksiyaya  beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə əməkdaşlığa çağırırıq”.

Bəyanat  BMT-nin  Baş  katibinə,  BMT-nin  Təhlükəsizlik  Şurasına,  BMT-nin İnsan  Hüquqları  üzrə  Ali  Komissarına,  BMT-nin  Qaçqınlar  üzrə  Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in  rəhbərlərinə, Beynəlxalq və Avropa  Ombudsmanlar  institutlarına,  Asiya  Ombudsmanlar Assosiasiyasına,  İslam  Əməkdaşlıq  Təşkilatına  və  bu  quruma  üzv dövlətlərin  Ombudsmanlar  Assosiasiyasına,  İslam  Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları  Ombudsmanları  Şəbəkəsinə,  Beynəlxalq  Sülh  Bürosuna, müxtəlif  ölkələrin  ombudsmanlarına  və  milli  insan  hüquqları institutlarına,  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  və  xarici ölkələrin  respublikamızdakı  səfirliklərinə,  Azərbaycanın  diaspor təşkilatlarına göndərilir.

Azərbaycanın  müstəqilliyi  uğrunda,  habelə  ölkəmizin  suverenliyi  və  ərazi bütövlüyü naminə canından keçən bütün qəhrəman Şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla anırıq.